18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Rəşad Sadıqov: “Bu formada bütün varlığını ortaya qoymalısan!”

Futbolxeber.az millimizin kapitanı Rəşad Sadıqovun futbolinfo.az saytına təyyarədə verdiyi müsahibəni təqdim edir:  

- İtaliya ilə oyunöncəsi milli karyeranı başa vurmaq istədiyini söyləməklə, "aydın səmada şimşək effekti" yaratdın...

- Açığı, heç istəmirəm. Ancaq bəzən həyatda ürəyincə olmayan, lakin məcburi qərarlar qəbul etməli olursan. Millinin şərəfini həmişə ləyaqətlə qorumuşam. Əlimdən gələnin ən yaxşısını etməyə çalışmışam. Uzun illərdi millinin kapitanıyam. Ancaq milli missiyamı vaxtında başa vurmaq da var ki, bu da mənim borcumdu. Belə bir fikrim var. Dəfələrlə də bu cür fikirlər ağlımdan keçib. Böyükhesablı məğlubiyyətlərdən sonra bu cür düşüncələrə qapılmışam. Məsələn, Xorvatiyaya 0:6 məğlub olduqdan sonra getmək istəyirdim. Ancaq sonradan düşünmüşəm ki, yox, hələ millimizə xeyir verə bilərəm. Gənc vaxtlarımda yığmaya cəlb olunmağa başlayarkən 100 oyun keçirmək arzum var idi. Bu da mənə nəsib oldu. Cari tsiklə olduqca uğursuz başladıq. Sonra millinin "sükanı arxası"na Prosineçki keçdi. Bundan sonra uğurlu nəticələr qazanmağa başladıq. Xorvatiyalı məşqçiylə əla münasibətərimiz formalaşıb. Çox sevinirəm ki, karyeramın sonunda da olsa, belə böyük məşqçiylə çalışmaq mənə nəsib oldu. Robertlə danışdıq, o bildirdi ki, tsikli başa vurum, bundan sonra yenidən müzakirə edərik. Gördüyünüz kimi, indi Bolqarıstanla son oyunumuza yollanıram. Daha sonra isə Prosineçki ilə yenidən bu mövzuya qayıdacağıq.

- Bu qərarın azarkeşlər tərəfindən bəyənilə bilməz. Məhz fanatların narazılığı səni fikrindən daşındıra bilər?
- Əlbəttə, çoxluq belə düşünürsə, fikrimə təsir edə bilər. Milli ilə bəziləri zədə üzündən vidalaşıb, digərləri sadəcə, dəvət almadıqları üçün. Az adama nəsib olur ki, millidən getdiyini özü elan etsin. Ancaq hesab edirəm ki, artıq mənsiz də keçinə bilərlər. Bilirsiz, milli formanın haqqını vermək lazımdı. Burda nə pul, nə şəxsi mənafe ön plana çəkilə bilməz. Klubda nəyəsə göz yummaq olar, milli isə... Bu formada bütün varlığını ortaya qoymalısan! Yığmada ən güclü futbolçular oynamalıdı. Bütün hallarda, Bolqarıstanla oyundan sonra bu məsələyə yenidən qayıdacam. 

- Qarşıdan Bolqarıstanla oyun gəlir. Turnir cədvəlinə nəzər saldıqda, komandamızın qalib gələcəyi təqdirdə 4-cü yerə qalxacağını görürük. Millimiz "1-ci skripka" rolunu üzərinə götürə bilərmi?
- Dünyada çox az komanda var ki, səfərdə öz oyununu diqtə edə bilsin. Bir "Barselona" istisnadı. Onlara ev-səfər fərqi yoxdu. Hər yerdə öz oyunlarını diqtə edirlər. Yəni reallığı nəzərə almaq lazımdı. Bizim Bolqarıstanda "1-ci nömrə"ylə oynamağımız qeyri-mümkündü! Ancaq rəqiblə meydanın hər qarışı uğrunda başabaş mübarizə aparmağa çalışacağıq. Biz qalib gəlmək istəyirik ki, tsikli major notda başa vuraq. Amma həmişə demişəm ki, milli səviyyəsində qələbə qazana bilmirsənsə, heç-heçə etməyə çalışmalısan. Çünki yığmada hər qazanılan xal qızıla bərabərdi.

- Ancaq turnir cədvəlinə nəzər yetirdikdə, bolqarları yalnız qələbə qazanacağımız təqdirdə qabaqlaya bildiyimizi görürük...
- Nəzərə alın ki, Bolqarıstan cari seçmə mərhələni pis keçirib. Son oyunlarını doğma azarkeşləri qarşısında keçirəcəklər. Bu, onlar üçün əlavə motivasiyadı. Biz bacardığımızın ən yaxşısını etməyə çalışacağıq. Ancaq hər komanda rəqib imkan verdiyi qədər oynayır. Gərgin oyun olacaq. İtaliya ilə oyundan üç gün sonra Sofiyada meydana çıxmaq və 90 dəqiqə mübarizə aparmaq çətin olacaq. Maltada keçirdiyimiz görüşün 2-ci hissəsində də göründü ki, fiziki cəhətdən bizə çətindi.        

- Mərkəz müdafiəçisi Rəşad Sadıqov milli karyerasını bitirdikdən sonra öz mövqeyinə ən real namizəd kimi hansı futbolçunu görür?
- Bugünkü gündə heyətimizdə ən real namizəd Ruslan Abışovdu. Amma futbol elə bir oyundu ki, istənilən an yeni bir sima parlaya bilər. Prosineçki də elə bir məşqçidi ki, hardasa perspektivli futbolçu görsə, ona dərhal şans verəcək. Gənclər yığmalarımıza dəvət alan perspektivli uşaqlar var. Klublarımızda da parlaq gələcək vəd edən mərkəz müdafiəçiləri var. Ümumilikdə, 4-5 futbolçu var ki, bu mövqeyin boş qalmasına imkan verməyəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30