29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Azərbaycan futbolu kimə lazımdı ki?”

“İnter” klubunun yarımmüdafiəçisi Nizami Hacıyevin saytına müsahibəsi

- Öncə Topaz Premyer Liqasının VI turunda “Kəpəz”lə (1:0) keçirdiyiniz görüşdən başlayaq. Rəqibdən belə mübarizə gözləyirdiniz?

- “Kəpəz”in oyununu əvvəlcədən təhlil etmişdik. Amma görünən odu ki, onlar da bizi yaxşı təhlil ediblər. Mənə oynamağa, ümumiyyətlə, imkan vermədilər. Yanıma bir nəfər qoymuşdular. Belə vəziyyətdə yaxşı çıxış etmək çətin olur. Dieqo Martinsin gözəl qolu bizə vacib qələbə qazandırdı. Açığı, “Kəpəz”lə matçın çətin keçəcəyini güman edirdik. Amma bu qədərini gözləmirdik. Çünki çoxu milli komandaya dəvət alan gənc futbolçulardı. Potensialları böyükdü.

- Ciddi maliyyə problemlərinə baxmayaraq, 6 turdan sonra 2-ci pillədə qərarlaşmısınız. Bu uğurlu çıxışı nəyə bağlamaq olar?

- Hər bir futbolçu xarakter nümayiş etdirir. Digər tərəfdən, biz peşəkarıq. Hansı problemlərimiz varsa, hamısı meydançadan kənarda qalır. Oyuna çıxanda heç bir problem bizə mane olmamalıdı. Hamı bir-birini, komandanın çıxışını fikirləşməlidi. Meydançadan kənarda isə oturub, bunları müzakirə etməyə hazırıq.

- Belə vəziyyətdə qarşınıza hansısa hədəf qoymusunuzmu?

- Hədəf, ümumiyyətlə, bilinmir. Amma komandamızda hamısı adlı-sanlı, hörmətli futbolçulardı. Yəqin ki, hamımız Avroliqaya vəsiqə qazanmaq üçün oynayırıq. Şəxsən mənim istəyim Avroliqada iştirakdı. Bununla Azərbaycan xalqına da sübut edək ki, avrokuboklarda oynamağa hazırıq. Bundan sonra vəziyyət düzəlsə də, düzəlməsə də, sağ olsunlar. Onsuz da, artıq ümidimizi itirmişik. Sponsordan, klub prezidentindən nəsə gözləmirik. Bu komandanın gələcəyinin necə olacağı bilinmir. Buna görə də, əlimizi hər şeydən üzmüşük. Sadəcə, peşəkarlığımızı qoruyub, meydançada əlimizdən gələni edirik.

- Uğurlu nəticələrə baxmayaraq, komandaya heç kimin yaxın durmamağının səbəbi sizcə, nə ola bilər?

- Yəqin ki, heç kimə lazım deyilik. Azərbaycan futbolu kimə lazımdı ki? Bu ölkədə iki komanda var: “Qəbələ” və “Qarabağ”. “İnter” də, digər komandalar da heç kimə lazım deyil. Hər oyunda qələbə qazanırıq, amma yenə də komandaya sahib çıxan yoxdu. Əlbəttə, çox acınacaqlı haldı. Azərbaycan futbolu bununla çökməyə doğru gedir. Yaxşı nəticə verdiyimiz bir vaxtda heç kim bizə dayaq olmursa, deməli, futbol artıq çöküb.

- Hazırda lider “Qarabağ”dan cəmi 1 xal geri qalırsız. Heyətiniz də təcrübəli futbolçulardan qurulub. Çempionluq mümkündümü?

- “İnter”in bu vəziyyətdə çempion olması şəxsən mənim üçün gülməli gəlir. Əgər komandanın ağsaqqalı, sahibi ortaya çıxıb, futbolçulara qayğı göstərsə, büdcəni artırsa və hədəfləri desə, o zaman çempionluqdan danışmaq olar. Bizim hazırda uğurlu nəticə verməyimizin yeganə səbəbi futbolçuların peşəkar davranışıdı. Hamı meydançada canını ortaya qoyur. Sabah kimsə mübarizə zamanı ayağını çəkəcəksə, “döyüşməyəcəksə”, deməli, nəticə də olmayacaq. Amma hər bir futbolçu bu cür durumda belə, başını qoymağa, meydançada ölməyə hazırdı. Vay o günə ki, kimsə oynamaq istəməsin.

- Düşünmürsünüz ki, klublarda baş qaldıran maliyyə problemi çempionatın səviyyəsinə də mənfi təsir göstərib?

- Digər komandalarda da vəziyyət ağırdı. İndi kimdə vəziyyət normaldı? Maaş alana mükafat verilmir, mükafat alana da maaş. Quru maaşa futbol oynayırıq, o pulu da 15-20 gün gecikdirirlər.

- Nə vaxta qədər bu cür oynamağa razılıq verəcəksiniz?

- Vallah, gedirik də. Harda qırıldı-qırıldı.

- Klubunuzda müntəzəm çıxış edirsiniz. Yığmadan dəvət almamağınız sizə pis təsir etmir?

- Çağırsalar da, çağırmasalar da sağ olsunlar. Baş məşqçi klubumda oynayanda da, oynamayanda da çağırmadı. Buna görə də, yığmadan artıq əlimi üzmüşəm. Dəvət gəlsə, gedib millinin forması altında ürəyimi verərəm. Əlbəttə, bir azərbaycanlı kimi yığmada oynamağı çox arzulayıram. Bununla fəxr edərəm. Çağırılmasam belə, bu ölkənin vətəndaşı kimi, milli komandaya ürəyim yanır, oyunlarına gedib azarkeşlik edirəm.

Mənbə: apasport.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31