20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Günəşin qarşısını bulud nə qədər kəssə də, günəş daim işıq saçır"

“Bakı”nın icraçı direktoru Yaşar Seyidovun müsahibəsi

- Sanki “Bakı” kölgəyə çəkilib...

- Elə deməzdim. Komandamız I divizionda mübarizə aparır. Nəticələrimiz pis deyil, çox yaxşı komandamız var. “Bakı” ən gənc heyətə malikdi. Növbəti mövsüm yenidən Premyer Liqada olacağımıza ümid edir və buna çalışırıq.

- AFFA-nın baş katibi Elxan Məmmədov son müsahibəsində klubunuzun prezidenti Hafiz Məmmədovun İcraiyyə Komitəsində sanki “artıq adam” olmasına dair açıqlama verib.

- AFFA-nın nizamnaməsində də qeyd olunub ki, ali futbol qurumumuzun üzvü olan istənilən klub öz namizədini irəli sürə bilər. Konfransda isə səsvermə hüququna malik insanlar İcraiyyə Komitəsinin üzvlərini seçir.

- Hafiz müəllimin namizədliyi klub tərəfindən irəli sürülmüşdü?

- “Bakı” tərəfindən vaxtilə mənim namizədliyim irəli sürülmüşdü və İK üzvü seçilmişdim. Daha sonra Konfransa yazılı müraciət etdim və həmin mövqeyə Hafiz müəllimin seçilməsini xahiş etdim. Konfransın belə bir hüququ var. Onlar da məsələni səsə qoydular və Məmmədovu qanuni çəkildə İK-ya üzv seçdilər. Bu gün Azərbaycan futbolu üçün kimin nə etdiyini müzakirə etmək lazımdı. Əgər tərəzinin bir gözünə Hafiz Məmmədovun etdiklərini qoysaq, digərinə isə başqalarını, “Bakı”nın prezidenti daha ağır gələr.

- Məsələnin bu şəkildə müzakirə olunması, o demək deyil ki, Hafiz Məmmədovu bu gün siyahıdan silməyə çalışırlar?

- Məsələni bu cür qələmə verməzdim. “Bakı” FK var, komanda fəaliyyət göstərir. Klub istər Premyer Liqada iştirak etsin, istər 1-ci divizionda. Məsələn, Elşad Nəsirovun namizədliyi Azarkeşlər Birliyi tərəfindən irəli sürülüb. Bu qurumların hər biri AFFA-nın üzvüdü və bərabər hüquqa sahibdilər. Ancaq unutmayaq ki, “Bakı”nın bazası olmasaydı, Azərbaycanda 17 yaşadək qadınlar arasında dünya çempionatı baş tutmayacaqdı. Ona görə də bu cür məsələlərin qaldırılması ədalətsizlikdi.

- Hafiz Məmmədovun namizədliyi növbəti Konfransda da irəli sürüləcək?

- O, futbol adamıdı. Bu gün müxtəlif yaş qrupları üzrə yığmalarımızda “Bakı”nın 30-dək yetirməsi çıxış edir. Bu gün futbolumuzun inkişafına ən böyük töhfə verən klub “Bakı”dı. Bütün bunlar Hafiz müəllimin ölkə futbolundakı dəyərinin əyani sübutudu. İK-da elə üzvlər var ki, onlar Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə futbolu adına heç nə etməyiblər. SSRİ dönəmində xidmətləri olub, amma sonradan heç nə. Ancaq bir şeyi unutmayaq ki, günəşin qarşısını bulud nə qədər kəssə də, günəş daim işıq saçır.

- Hafiz müəllim Elxan Məmmədovun məlum açıqlamasıyla tanışdı?

- Şübhəsiz, Hafiz müəllim dövri mətbuatı izləyir. Ancaq dəqiq deyə bilmərəm, həmin açıqlamadan xəbəri var, ya yox. Çünki indi bayram günləridi və müzakirələrimiz olmayıb.

- Qarşıdan gələn yeniyetmələr arasında Avropa Çempionatının oyunlarını qəbul etməyə namizəd stadionlar arsında “Bakı”nın bazasının adı yoxdu. Bu, sizə qəribə gəlmir?

- Bu, AFFA-nın verdiyi bir qərardı. UEFA-nın nümayəndələri ölkəmizdəki stadionların monitorinqini aparıblar. Onlar dəfələrlə “Bakı”nın bazasında olublar və burda yarışların keçirilməsi üçün hər cür şəraitin olduğunu bildiriblər. Təqdim edilən siyahıyla bağlı bizə heç kim heç bir məlumat verməyib. Bu səbəbdən də bu suala ən düzgün cavabı AFFA-nın baş katibi Elxan Məmmədovdan ala bilərsiniz. Yeri gəlmişkən, qeyd edim ki, 25 gündən sonra “Bakı” yenidən ev oyununu doğma təbii örtüklü meydanda keçirə biləcək.

- Həmin stadionlar rəsmən açıqlandıqdan sonra da “Bakı”nın bazasının adına rast gəlməsəniz, buna necə münasibət bəsləyəcəksiniz?

- Əgər ölkəmizdə “Bakı”nın bazasını əvəz edə biləcək stadionlar varsa, biz buna hörmətlə yanaşacağıq. Federasiya bu cür qərar versə, bunu anlayışla qarşılayacağıq.

- Amma vaxtilə beynəlxalq yarışların adı gələndə ən birinci “Bakı”nın təlim-məşq bazası yada düşür, rəqib komandalar burada məskunlaşırdı.

- Artlq bu barədə fikirlərimi çatdırdım. Onu əlavə edim ki, Hafiz bəyin sayəsində ölkəmiz dünyada tanındı. “Atletiko”yla əməkdaşlığımız uğurlu oldu, hətta bizim brend onlara düşərli olduğundan hələ də formalarında “Land of Fire” yazısını saxlayıblar. Madridlilər bunu təmənnasız, Hafiz Məmmədova hörmət naminə edir. Onun ölkənin reklamı naminə etdiyi fədakarlığı, nə qəfər qəribə olsa da, məhz ispanlar unutmayıb. Vaxtilə Napoleon Bonopart Avstriya-Macarıstan ordusu ilə üz-üzə gələndə sərkərdəsindən rəqibin nə qədər canlı qüvvəsi olduğunu soruşur. Ona düşmənin 150, özlərinin isə 50 minlik orduya malik olduqlarını deyirlər. O isə 50 min, üstəgəl Naoleon, bərabərdir 150 min cavabını verir, bununla özünün 100 minlik orduya bərabər olduğunu diqqətə çatdırır və döyüş zamanı da rəqibini darmadağın edir. İndi Hafiz Məmmədov da Azərbaycan futbolunun Napoleonudu.

- Klubunuzun bir sıra futbolçularını başqa-başqa komandalar istəyirdi. İndi vəziyyət nə yerdədi?

- İyun ayından bəri AFFA ilə yazışmalarımız davam edir. Federasiyanın Oyunçuların Statusu və Transferi Komitəsinin rəhbəri Rəmiş Malıyevlə bu yöndə dəfələrlə müzakirələr aparmışıq və bu gün də aparırıq. Təəssüf ki, hələ də məsələ həllini tapmayıb. Futbolçunun yetişməsində əsas pay sahibi olan klub 2 cür kompensasiya tələb edə bilər: oyunçunu yetişdirdiyinə görə və ilk peşəkar müqavilə imzaladığı vaxt. Məsələn, 2008-ci ildən “Bakı”da məşq edən, qidalanan, bazasının xidmətindən yararlanan, təlim-məşq toplanışlarında iştirak edən futbolçunun müqaviləsi bu ilin iyununda bitibsə, biz həmin adamın transfer vərəqini verməyə bilmərik. Onun kompensasiya ödənmədən digər kluba keçidinə AFFA qadağa qoya bilər. Ancaq bu gün də həmin futbolçuları yetişdirdiyimizə görə kompensasiya ala bilmirik. İndi gündəmə daha bir problem çıxıb. U-17 komandamızda oynayan futbolçularımızın 19 yaşlıların birinciliyinə qatılmasına icazə vermirlər.

- Niyə? Ümumiyyətlə, kim icazə vermir?

- AFFA-nın qeydiyyat şöbəsi. Bəhanə də gətirirlər ki, klub 1-ci divizionda oynayırsa, cəmi 3 oyunçusuna bu cür icazə verilə bilər. Dünyanın heç bir ölkəsində bu mövzuda klubun 1-ci divizion və ya elita təmsilçisi olmasına dair qayda yoxdu. Futbolçunun 15 yaşı varsa, o, 17, 19, lap əsas heyətdə də oynamaq hüququna malikdi. Ancaq belə bir qayda tətbiq edilirsə, bu, əsasnamədə təsdiq olunmalıdı. Hər halda ölkənin ən gənc komandası olan “Bakı” yaşayır və növbəti turun qarşılaşmasına hazırlaşır.

- Ötən mövsüm 1-ci divizionun oyunları televiziya vasitəsi ilə yayımlanırdısa, 2015-də bunun davamı gəlmir. “Bakı” da diqqətdən kənarda qalıb. Bu, sizi narahat edir?

- Ötən il ölkə prezidentinin tövsiyəsi ilə yaradılan “İdman Azərbaycan” kanalı həm Topaz Premyer Liqasının, həm də 1-ci divizionun oyunlarını canlı yayımlayırdı. Bu il yeni yaradılan CBC telekanalı hələ ki, 1-ci diviziona maraq göstərmir. Gələn həftə bununla bağlı AFFA-ya müraciət etməyi planlaşdırırıq. Əgər CBC divizion matçlarını nümayiş etdirməyəcəksə, biz də gərək ya AzTV, ya da “İdman Azərbaycan” kanallarından biri ilə danışıq aparıb, oyunlarımızın yayımını təmin edək.

- Həmin “İdman Azərbaycan” ki, CBC gündəmi zəbt etdikdən sonra, hətta bağlanması haqda söhbətlər gəzir...

- “İdman Azərbaycan” cənab prezidentin xeyir-duasıyla yaradılıb. Bu kanalı ölkə əhalisinin hamısı pul ödəmədən izləyə bilir. CBC isə ödənişli, kabel televiziyasıdı. “İdman Azərbaycan”ı hətta ucqar kəndlərdə izləmək olur. Düşünürəm ki, bunu deyənlər ölkə qanunlarını yaxşı bilmir.

- Hər halda CBC boynuna götürməsə, “Bakı” 1-ci divizion matçılarının “İdman Azərbaycan” vasitəsi ilə yayımlanmasını təklif edəcək?

- Bəli. Uzun illər ölkənin ən iddialı klubları sırasına daxil olan “Bakı”nın öz izləyiciləri var. Bu səbəbdən də gələn həftə AFFA-ya yazılı müraciət edəcəyik. Ya CBC 1-ci divizion oyunlarının nümayişini də təşkil etsin, ya da biz özümüz bir çarə tapaq.

- Premyer Liqada bəzi klubların maddi durumu ürəkaçan deyil. Bəs “Bakı”da vəziyyət necədi?

- Uzun illər klub funksioneri kimi fəaliyyət göstərən bir şəxs kimi belə bir təklif verərdim ki, AFFA prezidenti klub başçıları ilə mütamadi görüşlər keçirsin. Məsələn, 3-4 ayda bir dəfə onları qəbul edib, fikir mübadiləsi aparsın. Bu, ona görə vacibdi ki, klub prezidentləri birbaşa Rövnəq Abdullayevə öz problemləri barədə məlumat verə bilsinlər. Amma sonuncu dəfə bu cür görüşün nə vaxt baş tutduğunu heç xatırlamıram da. Düşünürəm ki, bir sıra problemləri Rövnəq müəllim həll edə bilər və bu da öz növbəsində ölkə futbolunun inkişafına təkan verər. Hətta bəzi məsələləri AFFA prezidenti birbaşa özü həll edə bilməsə belə, dövlət səviyyəsində müzakirəyə çıxarıb müsbət nəticəsinə nail ola bilər.

- Yəni, AFFA rəhbərliyinin klub başbilənləri ilə təmasları kifayət qədər deyil?

- Bu təmasları qənaətbəxş hesab etmirəm. Bir daha təkrar edirəm ki, AFFA prezidentinin klub başçıları ilə sonuncu dəfə nə vaxt görüşdüyünü xatırlamıram.

- Bəs baş katib bu məsələləri həll edə bilmir?

- Yox, bu məsələlər AFFA prezidenti səviyyəsində müzakirə olunası mövzulardı.

- Klublar Komitəsinin iclasıları da tədricən unudulur.

- Yadınızdadırsa, Klublar Komitəsində təkliflər paketi ilə çıxış etmişdim. Həmin paketi Dövlət Proqramına salınmasını təklif etmişdim. Dövlət Proqramı hazırlanarkən, klubların iştirakı da vacib idi. Təsəvvür edin, futbolun taleyi həll olunur, amma bu idman növünün içərisində olan insanların həmin sənədin içində nə yazıldığından xəbəri yoxdu.

- Başqa sözlə, Dövlət Proqramının təsdiq edilməməsinin səbəbi klublarla məsləhətləşmələrin aparılmamasıdı?

- Dövlət Proqramı qəbul olunarkən, klublarla məsləhətləşmələr aparılmalı idi. Özü də tək Premyer Liqa deyil, həm də 1-ci divizion klubları ilə. Bilirsiniz, hansısa Premyer Liqa klublarını maliyyələşdirmək olar. Ancaq nə faydası? Klub həvəskar səviyyədədirsə, ona maliyyə ayırmaqla peşəkarlaşmayacaq. Nə uşaq komandaları formalaşdırılmayıb, nə də infrastruktur yoxdu. 600-700 minlik büdcəylə normal, döyüşkən klub saxlamaq olmaz. Futbol böyük sərmayə tələb edən idman növüdü. Hamımız 2 klubumuzun Avropa Liqasının qrup mərhələsində iştirak etməsinə sevinirik. Bəs millimiz? Gəlin özümüzə sual verək: bu cür inkişafla Fransada keçiriləcək Avropa Çempionatının final mərhələsində iştirak etmək şanslarımız varmı?

- Ad çəkməsəniz də, sözlərinizdən belə aydın olur ki, “Sumqayıt”a, “Kəpəz”ə, AZAL-a minimum büdcə ayırmaqdansa, özlərini maliyyələşdirən klublarımıza dəstək olmaq gərəkdi?

- Futbolun siyasətini elə qurmaq lazımdı ki, bu sahədə çalışan insanları da görək. Dövlət Proqramını tərtib edən insanlar arasında futbol adamlarına rast gəlmədim. Söhbət tək maliyyədən getmir. “Bakı” klubunun FİFA-nın tələblərinə uyğun 5 stadionu var. Bunlardan ikisi təbii ot örtüklüdü. İki stadionumuz isitmə sistemi ilə təchiz olunub. Bu meydançalar məgər tək “Bakı”ya lazımdı? Bütün Azərbaycana lazımdı! Bu meydançaları Hafiz Məmmədov Azərbaycan futbolu üçün tikib. Süni meydançamız var idi də. Çempionat oyunlarını da orda keçirirdik. Ancaq Hafiz müəllim tapşırdı ki, təbii örtüklü meydançanı qısa zamanda yararlı vəziyyətə salaq. Biz də qısa zamanda buna nail olduq. Çünki bu, Azərbaycan futboluna lazımdı. Niyə? Çünki süni meydançalar əməlli-başlı zədə mənbəyidi.Başqa sözlə, “Azərbaycan futbolu” dedikdə, önun mövcud strukturlarını düşünmək və qorumaq lazımdı.

Mənbə: futbolinfo.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30