25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qanunda futbolçu…YAZI

…və ya jurnalistə sivil cavab verməyin yollari

Həyat və yaradıcılığı yalnız mədhiyyədən ibarət olmayan həmkarlarımızın çoxu, güman ki, təqiblərlə üzləşib. Son 15 ildə fəal jurnalistikadan uzaq olsam da, ara-sıra qələmə aldığım yazılar belə ən azı iki-üç dəfə yumşaq desəm, aqressiv reaksiya doğurub. Söhbətin daha da şişməməsinə, yəqin ki, ölkə xaricində olmağım kömək edib. Yığmamızın artıq karyerasını bitirən və həmkarlarımın adını mənə söyləmədikləri başqa futbolçuları arxamca ağzının qatığını töküb. Bir dəfə isə tapşırıqla ayaq topuna aid bütün yığmalarda çıxış etmiş başqa bir futbolçunun qohumu məktub yazaraq, hədə-qorxu gəlib. Bütün bunları həmin futbolçuya və qohumuna yazdığım uzun-uzadı cavabı “Futbol+”də dərc etməməklə bəlkə də müdrik addım atmış Mahir Rüstəmli yaxşı xatırlayar. Təəssüf ki, Rasim Əliyevin bəxti mən və başqa həmkarlarımız qədər gətirmədi…

Rasimin ölümü hamını sarsıtdı. İdmançı kimi heç kimin adını eşitmədiyi, amma bu vəhşiliklə bütün ölkəyə səs salan dırnaqarası futbolçular artıq həbsdədi. Rasimin ölümündə həkimlərin günahının olub-olmadığını istintaq araşdırır və inanmaq istəyirik ki, sonda ədalət yerini tutacaq və bütün günahkarlar haqq etdiyi cəzanı alacaq.

Yuxarıda qeyd etdiyim kimi, ayda-ildə bir yazsam da, əsasən tənqidə üstünlük vermişəm. Amma “Qarabağ” və “Qəbələ” kimi klubların rəhbərləri, Rasimin ölümündə adı keçənlərdən qat-qat nüfuzlu insanlar bu yazılara ən layiqlı cavabı veriblər. Diqqətli oxucular  ötən il “Qarabağ”ın Avropa sərgüzəştləri başlarkən Abdulbari Gözəl və bu il Tiflis “Dinamo”su ilə ilk oyundan sonra “Qəbələ”nin baş məşqçisi haqda yazdıqlarımı xatırlayar. Bu gün hər iki klubumuz Avroliqanın qrup mərhəlisində mücadiləyə başlayır. Özü də “Qarabağ” dalbadal ikinci mövsümdü bu uğura imza atır. Bu nəticələrdə jurnalistlərin tənqidinin azacıq rolu varsa, həmin jurnalistlər ikiqat xöşbəxtdi. Amma ən əsası nəticədi. Nəticə də hamını mutlu edən ən gözəl, sivil cavabdı.

Düzdü, jurnalistlərin tənqidləri heç vaxt bitib-tükənməz. Məşqçi üçün əvəzedilməz futbolçu olmadığı kimi, jurnalist üçün də toxunulmaz adam olmamalıdı. Məsələn, Qriqorçukun ən sevimli oyunçusu Antonova olan sonsuz etimadı anlaşılmazdı. “Qəbələ” Avropada böyük uğurlar qazansa da, bu uğurlarda Antonovun zərrə qədər də əməyi yoxdu. Tam əksinə, 8 oyunda 1 qol vuran hücümçü meydandakı laqeydliyi ilə də hamıya göstərir ki, “mən mübarizə aparmaq və oynamaq istəmirəm”. İstisna deyil ki, Qazaxıstan klubundan müqaviləsi pozulduğuna görə 450 min dollar kompensasiya alan “futbolçu” bir növ vərdişkar olub. İndi də onun fikri “Qəbələ”nin uğurlarında pay sahibi olmaq deyil.

Robert Prosineçkinin Ruslan Qurbanovu xorvatlarla biabırçı oyunundan sonra yenidən əsas heyətdə buraxması da anlaşılmır. Və ya Azərbaycan tarixinin ən yaxşı futbolçusu Reynaldoya inadkarlıqla qapıları bağlaması… Bəlkə də bu Prosineçkidən asılı məsələ deyil. Xorvatiyalı milliyə gətirdiyi baxımlı oyunla azarkeşlərin ürəyində taxt qurmaqdadı. Bir neçə gün öncə Prosineçkini ailəsiylə birgə “Park Bulvar”da  gördüm. Futbolçu dövrlərində də müqavilə şərtlərindən gileylənməyə haqqı olmayan bir dünya ulduzunu “Brioni”, “Zilli”, “Stefano Ricci” kimi brendlərdə yox, “U.S. Polo” mağazasında alış-veriş edən görmək təəccüblü idi. Kaş bu sadəlik onun yetirmələri, ümumiyyətlə, idmançılarımızın hamısı üçün də örnək ola.

Bütün anlaşılmazlıqlara baxmayaraq, həm  Qriqorçuk, həm də Prosineçki nəticə verir! Ən əsas da budu. O zaman anlaşılmaz olaylara da göz yumarıq. Yetər ki, komandalarımız ugur qazansın!

İndidən demək olar ki, bu il futbolumuzun ən ugurlu ilidi. Yuxarıda adını çəkdiyim üç məşqçidən biri Avropa meydanlarında qarşıdakı nəticələrdən asılı olaraq, heç şübhəsiz, bu ilin ən yaxşı məşqçisi seçiləcək. İlin futbolçusu adını da bu oyunlarda özünü ən yaxşı tərəfdən göstərən oyunçulardan biri alacaq. Hələliksə ilin futbolçusu adını ən çox haqq edən biri var. Qurbanovların, antonovların ümidinə qalan yığmanın və “Qəbələ”nin ona çox böyük ehtiyacı var. Bu 1982-ci ildə hökumətin qərarı ilə dünya çempionatından bir ay əvvəl əfv edilən və yarışın bombardiri kimi İtaliyaya çempionluq qazandıran Paolo Rossinin taleyini yaşayan Cavid Hüseynovdu. Üçillik həbsin iki ili bitəndə ölkənin beynəlxalq arenada uğurları naminə azad edilən Rossidən fərqli, Cavid 3 aylıq həbs olunub, amma onun da indi “Qəbələ”nin və yığmanın tarixi sınaqları ərəfəsində əfv edilməsi, əminəm ki, ölkəmizə böyük fayda verər. Rasimi döyənlərə “mən onunla danışıb-barışmışam, aramızda heç bir problem yoxdu, onunla görüşə getməyin” deyən, özünün şəxsən heç bir günahı olmasa da, döyülən adamı dərhal xəstəxanada ziyarət edən, ən əsası ölkə adına yaşıl meydanlarda böyük işlər görən, uşaqlığından köçkünlük, atasızlıq zülmü görmüş şəhid oğlu karyerasının ən zirvə nöqtəsində - Avropadakı rəqiblərimiz üçün kabusa çevrildiyi anda yaşıl meydanlardan kənarda qalmamalıdı. O nə qatildi, nə də oğru! O Azərbaycan adını Avropada ən gözəl şəkildə təmsil etmək potensialı olan futbolçudu, bu gün üçün ölkənin ən yaxşı futbolçusu…

Avroliqanın qrup mərhələsi başlamamış jurnalistlərlə futbolçular birləşib “Qəbələ”nin avrokuboklarda ilk qolunu vuran, klubun ilk qələbəsində, ilk mərhələ adlamasında kapitan sarğısını daşımış Cavid Hüseynovu  ziyarət etsə, çox gözəl bir jest olar…

Anar ŞABANOĞLU, qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30