20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Son yox, yeni başlanğıc..... YAZI

11 il, 1 ay əvvəl “Bakı” Premyer Liqada ilk oyununa çıxıb. Düzdü, Hafiz Məmmədov komandaya hələ  ondan bir neçə ay əvvəldən sponsorluq edirdi. Amma fakt budur ki, rəsmi olaraq komanda “Bakı” adı ilə ilk oyununu 2004-cü ilin 11 avqustunda,  Suraxanı qəsəbə stadionunda “Qarabağ”a qarşı keçirib.

Start uğurlu alınmamışdı. Vadim Vasilyev və İsmayıl Məmmədovun hələ birinci hissədə vurduqları qollar “Bakı”nın 0:2 hesablı məğlubiyyətinə səbəb olmuşdu. Həmin oyun həm də uzun illər Azərbaycan çempionatında çıxış edəcək Xalidu Sissoko, Andre Ladaqa, Leandro Qomeş, Fernando Peres və Aleksandr Çertoqanovun (O,  hələ də Azərbaycanda çıxış edir-red.) ölkəmizdəki ilk oyunu idi. Başlanğıc uğursuz alınsa da, “Bakı” mövsümü major notlarla bitirdi. Komanda ilk cəhddəcə ölkə kubokuna sahib çıxdı. Növbəti  mövsüm isə ilk çempionluq gəldi...

11 il əvvəl olduğu kimi, bu yazının müəllifi dünən də “Bakı”nın mövsümdəki ilk oyununu canlı olaraq stadiondan izləyirdi. “Zolaqlılar” üçün hər şey yenidən başlayır(dı). Amma bu dəfə 1 mərtəbə aşağıdan -  I Diviziondan. Geridə qalan 11 ildə çox şey dəyişib. 2004-cü ilin 11 avqustunda "Qarabağ"la oyunda stadionda olanlardan neçəsi bu gün “Bakı”nın yanındadı? Barmaqla sayılacaq qədəri...

11 ildə “Bakı” nələrə nail oldu? Komanda qısa zaman kəsiyində 2 dəfə ölkə çempionu oldu, 3 dəfə kuboku qazandı və Avroliqanın pley-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşdü. Avropada böyük uğur qazanmasa da, “Bakı” strukturu və akademiyası ilə öyünə bilər. Elə son zamanlar komandanı ayaqda saxlayanların böyük hissəsi də akademiyadan çıxan öz yetirmələridir.

Dünən “Şərurspor”a qarşı baş tutan matç adi oyun deyildi. Bu, “Bakı”nın “comeback”ı - həm nəticə, həm də klubun gələcək taleyi baxımından geri dönüş idi. “Şərurspor”la oyunun 85-ci dəqiqəsinə kimi hesabda geridə olan “zolaqlılar” 86-cı dəqiqədə bərabərlik, hakimin əlavə etdiyi üçüncü dəqiqədə isə qələbə qolunu vurdular. Ümumiyyətlə, “Bakı” daim geridönüş etməyi bacarıb. 2006-cı ildə Əsgər Abdullayevdən baş məşqçi postunu təhvil alan Böyükağa Hacıyev ardıcıl 8 qələbə ilə komandanı çempionluğa daşıdı. Daha sonra Bülənt Qorxmazın qoyub getdiyi komandaya Cüneyt Biçər kuboku qazandırdı. Ardınca eyni uğura Bojidar Bandoviçi əvəzləyən Novruz Əzimov da imza atdı. Bu onu göstərir ki, “Bakı”nın rəhbərliyi daim lazımi anda lazımi qərarı qəbul etməyi bacarıb. Qazanılan uğurlarda futbolçu və məşqçilərin də rolu olub. Amma ən böyük pay sahibi rəhbərlikdir. Hafiz Məmmədov, Zeynal Məmmədov, Nail Əliyev, Yaşar Seyidov və Zəka İbrahimov daim komandanın yanında olublar.

Dünən Hafiz Məmmədovun bazanı ziyarət etməsi də göstərdi ki, “Bakı” var, yaşayır və daim da yaşayacaq. Son aylar ərzində “Bakı”da müəyyən problemlər oldu. Amma bundan sonra hər şey yaxşı olacaq. Maaşlarınızı vaxtı-vaxtında alacaqsınız. Tezliklə “Bakı” əvvəlki kimi iddialı olacaq. Kluba sadiq qalan futbolçuların, məşqçilərin, komandanın əməkdaşlarınının sədaqətini qiymətləndirməyə bilmərəm. Onlar daim mənimlə olacaqlar. Qısa zaman ərzində bütün çatışmazlıqlar aradan qalxacaq və “Bakı” əvvəlkindən də güclü olacaq” - bu sözlər klubun prezidenti Hafiz Məmmədova məxsusdur.

“Bakı”nın prezidenti həm də onu, komandasını hesabdan silənlərə, özlüyündə “Bakı” bitib” deyənlərə cavab verdi. Son zamanlar “Bakı” çox xəyanətlər gördü. Hafiz Məmmədovu görəndə ikiqat olanlar keçmişi unutdular. Bəziləri klubun bazasını ələ keçirməyə çalışdılar. Futbolçuların bəziləri komandanı yarı yolda qoydular. Hətta daim Hafiz Məmmədovu görəndə əzizini görürmüş kimi sevinən bəzi jurnalistlər belə “Bakı”nı, Məmmədovu “baltalamağa” çalışdılar. “Bakı” sınmadı, düzdü büdrədi, amma məhv olmadı. Dünənki qələbə də, Hafiz Məmmədovun komandanı ziyarəti də “comeback”-in ilk işartılarıdır. Qısa zamanda hər şey əvvəlki kimi olacaq. Yalnız çətin gündə qaçanlar, əsl simalarını ortaya qoyanlar daha nə kluba, nə də Hafiz Məmmədova yaxın düşə bilməyəcəklər. Hafiz Məmmədova sadiq qalanlar isə daim onun yanında olacaqlar.

Tezliklə hər şey əvvəlki vəziyyətinə qayıdacaq. Hər şeyin əvvəlkindən də yaxşı olması ümidi ilə...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30