23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Fariz Nəcəfov: "Günahı sübuta yetirilən hər kəs birmənalı olaraq cəzasını almalıdır"

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun müsahibəsi

- Mövsümün əvvəlində Avropa Liqasında ardıcıl 3 mərhələ keçəcəyinizə inanırdınızmı?

- Təbii ki, turnirə başlamamışdan öncə 3 mərhələ keçəcəyimizə əminlik yox idi. Amma  güclü məşqçi və futbolçu heyətimizin olmasını nəzərə alıb yaxşı nəticəyə ümid edirdik. Bu ümidlərin də doğrulmasına sevinirik.  

- Yay fasiləsində heyətdə köklü dəyişikliklər oldu. Bu uğurda həmin dəyişikliklərin rolu varmı?

- Əsas amillərdən biri odu ki, dəvət etdiyimiz futbolçuların bəzilərini baş məşqçi öncədən tanıyırdı və onlar bu sistemi bilirdilər. Tanımadığımız yeni oyunçular dəvət edib, onların adaptasiya dövrünü keçmələrini gözləməyə vaxtımız yox idi. Buna görə də üstünlüyü məşqçinin tanıdığı futbolçulara verdik. Bu da öz müsbət nəticəsini verdi, komanda əvvəlki üslubunu itirmədi və oyunçular tezliklə uyğunlaşdılar. Komandanın bu şəkildə formalaşmasında klubun hər bir üzvünün zəhməti var. Amma baş məşqçinin işini xüsusi vurğulamaq lazımdı. Qriqorçuk bütün işini sistemli şəkildə görən insandı. Transferdən tutmuş, taktiki düzülüşə qədər, onun hər işində ardıcıllıq var.

- Ancaq səfər matçlarında komanda o qədər də inamlı çıxış etmədi. Bunun səbəbi futbolçularımızın hələ də səfər görüşlərində həyəcanlanmalarıdı?

- Mən belə deməzdim. “Dinamo” (Tiflis) ilə oyunda pis təsir bağışlamadıq. Fərdi şəkildə buraxılan kobud səhvlərdən qollar buraxdıq. Amma “Çukariçki” ilə görüşdə zəif oynamağımızla razıyam. Təbii ki, bunun səbəblərini məşqçilər korpusu ilə araşdırdıq. Heyətimizdə təcrübəli futbolçuların üstünlük təşkil etdiyini nəzərə alaraq, deməliyəm ki, zəif oyunun səbəbi həyəcan deyildi. “Apollon”la oyun öncəsi bununla bağlı görüşlərimiz oldu ki, eyni səhvlər təkrarlanmasın. Mən də, baş məşqçi də futbolçularla bu barədə söhbət etdik. Çünki “Apollon” digərlərindən fərqli idi. Bilirdik ki, səfərdə uğurlu nəticə əldə edə bilməsək, evdə işimiz çox çətin olacaq. Kiprdə də yaxşı oynadığımızı düşünürəm. Mənə elə gəlir ki, komanda səfərdə necə oynamaq lazım olduğunu artıq bilir.

- İlk 3 mərhələdəki rəqiblərlə müqayisədə pley-offda daha güclü olan “Panatinaikos”la qarşılaşacaqsınız. Nə gözləmək olar?

- Şübhəsiz ki, favorit “Panatinaikos”du. Amma hər bir komandanın zəif nöqtələri var. Bu barədə məşqçi ilə də, futbolçularla da söhbətimiz olub. Hesab edirəm ki, hər kəs öz üzərinə düşən işi məsuliyyətlə yerinə yetirsə, uğurlu nəticə əldə etmək olar. Çalışacağıq ki, qarşıdakı oyunda yaxşı mübarizə aparaq və azarkeşlərimizin üzünü güldürək.

- Bu matçda kapitan funksiyasını kim daşıyacaq?

- İndiyə qədər vitse-kapitan funksiyasını yerinə yetirən Dodo kapitan kimi çıxış edəcək.

- Dünən bir qrup sayt rəhbəri Cavid Hüseynovun barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi üçün prezident İlham Əliyevə müraciət edib. Lakin sosial şəbəkələrdə bu məsələ bağlı olan müzakirələrdə “Qəbələ” klubu ittiham olunur...

- Mən də bu müraciəti ötən gün mətbuatdan oxudum, dərhal da klubumuzun mətbuat xidmətinin rəhbəri ilə görüşüb müzakirə etdik. Bu, çox primitiv bir müraciətdir. "Qəbələ" klubu məsələ ilə bağlı hadisədən dərhal sonra çox açıq və qəti mövqeyinin əks olunduğu bəyanatla çıxış edib. Bir daha qeyd edirəm ki, məsələnin araşdırılacağı, Cavidin də  günahı olub-olmadığını sübut edəcək yer hüquq-mühafizə orqanlarıdır. Biz də hüquq-mühafizə orqanlarının açıqlamasını gözləyirik. Futbol idman növüdür, meydançada yaşanan sevinc, uğur nə qədər böyük olur olsun, bir insanın həyatından önəmli deyil, ola bilməz. Baş verən hadisənin bütün günahkarlarının kimliyindən asılı olmayaraq cəzasını alacağı birmənalıdır. Günahı sübuta yetirilən hər kəs birmənalı olaraq cəzasını almalıdır. Əgər bu hadisədə Cavidin günahı, cinayəti varsa, onun da cəzalandırılacağı şübhəsizdir. Qanun hamı üçündür və buna hər hansı şərh ola bilməz. Mən isə Cavidi tanıyan, onunla bir yerdə işləmiş şəxs olaraq onun bu cinayətdə iştirak etmədiyinə inanmaq istəyirəm.

- Ümumiyyətlə, son hadisələrdən sonra “Qəbələ”yə qarşı antipiar kampaniyası qurmaq cəhdləri də müşahidə olunur. Buna münasibətiniz necədir?

- Mən həmişə idmanın siyasətə qarışdırılmasının əleyhinə olmuşam. Xüsusən də, futbol artıq sosial tədbirə çevrilib. Bunu sırf idman növü kimi qəbul etmək lazımdı. Ancaq təəssüf ki, bundan başqa cür istifadə edənlər də var. Buna münasibətim çox pisdir. Yaxşı olar ki, futbolu elə idman kimi qəbul etsinlər, bunu bayrama, ümumi sevincə çevirək.

"Qəbələ" son uğurları ilə təkcə bir rayonun yox, Azərbaycan idmanının, futbolunun simvollarından birinə çevrilə bildi. Bu turnirdəki uğurlu çıxışımızı işıqlandırmaq əvəzinə hansısa məişət zəminində baş vermiş hadisəni klubun adına yazmaq yolverilməzdir.

- Sabahkı oyunla bağlı azarkeşlərə nə sözünüz var?

- Azarkeşlərimizi yenə də komandaya dəstək verməyə çağırıram. Onları meydanda bizim oyunumuza baxıb dincəlməyə, futbola azarkeşlik etməyə səsləyirəm. Unutmasınlar ki, edilən hər bir mənfi hərəkət klubun, Azərbaycanın imicinə zərbədi. Biz mübarizəni yalnız meydançada aparırıq.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30