29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ruslan Abışov: “Qriqorçuk öz futbolçusunu ehtiyatda saxlayıb, azərbaycanlıya şans verməz”

Nevşehirdə təlim-məşq toplantısında olan "Xəzər Lənkəran" klubunun müdafiəçisi Ruslan Abışovun müsahibəsi

- Öncə "Qəbələ"dən ayrılmağınızın səbəbini bilmək istərdik. Bu barədə müxtəlif fikirlər səslənsə də, əsl səbəbini siz daha yaxşı bilirsiniz...

- Şərtlərlə razılaşmadım. Bu barədə çox danışmaq istəmirəm. Çünki hər şey keçmişdə qaldı. "Qəbələ"yə Avropa Liqasında uğurlar arzulayıram. Mənə orda kömək edən insanlara təşəkkürümü bildirirəm. Artıq "Xəzər Lənkəran"ın futbolçusuyam, indi yalnız bu komandanın uğurları barədə düşünürəm.

- Əsl səbəbini siz də demədiniz. Hansı şərtlər? Məsələn, bizdə olan məlumata görə, baş məşqçi Roman Qriqorçuk sizi əsas heyət üzvü kimi görmək istəmirmiş. Bu, nə dərəcədə doğrudu?

- Mən heç vaxt rəqabətdən çəkinməmişəm. Qriqorçuk həmin mövqeyə Ukraynadan futbolçu gətirdi. Məlum məsələdi ki, Qriqorçuk öz futbolçusunu ehtiyatda saxlayıb, azərbaycanlıya şans verməz. Əgər müdafiənin mərkəzinə başqa bir ölkədən legioner dəvət etsəydi, rəqabət aparmaq mənim üçün problem olmayacaqdı. Görünür, Qriqorçuk futboldan kənar amilləri də fikirləşib.

- Sabiq komandanız Avropa Liqasının həm I, həm də II mərhələsinin ilk görüşündə uduzdu. "Qəbələ"nin müdafiə xətti necə təsir bağışladı?

- Səhv etmirəmsə, "Qəbələ"nin 11 yeni transferi oldu, köhnə futbolçuların bir çoxu komandadan ayrıldı. Bu suala cavab verməyim doğru olmaz. Artıq "Xəzər Lənkəran" barədə düşünürəm.

- Təxminən 3 il əvvəl "Xəzər Lənkəran"a keçidiniz böyük rezonans doğurmuşdu. Ancaq bu dəfə belə olmadı. Bunu nə ilə əlaqələndirərdiniz?

- Bunun səbəbi klubların ötən mövsüm maliyyə cəhətdən zəifləməsidi. "Simurq", "İnter", AZAL kimi komandalar dağılmaq təhlükəsi ilə üzləşdilər. Bu üzdən transferlər ikinci planda qaldı. Ancaq inanıram ki, çempionatımız qarşıdakı illərdə daha yaxşı səviyyəyə qalxacaq.

- Yenidən "Xəzər Lənkəran"dasınız. Geridə qalan 3 il ərzində hansı fərqlər var?

- Açığı, bura keçməyimdə baş məşqçi Yunis Hüseynovun böyük rolu oldu. Hazırkı heyət komandanın iddialı olacağından xəbər verir. Yığmamızın bir neçə üzvü "Xəzər Lənkəran"a transfer olundu. Mənim üçün pul həmişə ikinci dərəcəli olub. Hər zaman iddialı komandada oynamaq, titul qazanmaq istəmişəm. Buna görə də "Xəzər Lənkəran"ı seçdim. İnanıram ki, bu seçim həm mənə, həm kluba, həm də milli komandaya uğurlu olacaq. Qarşıdakı mövsüm ən azı mükafatçılar sırasında yer almağa çalışacağıq.

- Komanda bu heyətlə çempionluğa iddia edə bilərmi?

- Düzdü, indidən bunu demək tezdi. Amma hər şey özümüzdən, keçdiyimiz məşqlərdən, oyunlara hazırlığımızdan asılıdı. Komandanın uğuru üçün əlimizdən gələni edəcəyik. Bilirik ki, "Xəzər Lənkəran" neçə ildi çempionatda uğur əldə edə bilmir, avrokuboklarda yaxşı nəticə göstərmir. İstəyirik ki, bu mövsüm ən azı medalçılar sırasında yer alaq.

- Sizin də yer aldığınız müdafiə xəttində boşluqlar var. Bu fikirlə razılaşırsınız?

- Hesab edirəm ki, nəinki müdafiə xəttinə, ümumiyyətlə, komandaya ən azı 3-4 orta səviyyəli futbolçu cəlb etmək lazımdı. Bu heyətlə sona qədər mübarizə aparmaq çətin olar. Çünki mövsüm ərzində cəzalı, zədəli futbolçular ola bilər ki, onları da əvəzləmək mümkün olsun. Bu çətinliklə üzləşməmək üçün mövqelərə oyunçular alınmalıdı.

- Toplanış çərçivəsində ikinci yoxlama görüşündə "Kasımpaşa"ya məğlubiyyəti necə şərh edərdiniz?

- Hazırlıq dönəmində belə məğlubiyyətlərin olması normaldı. Bu cür matçlarda nəticə yox, komandanın hansı durumda olmasını görmək önəmlidi. Düzdü, oyun baxımından elə də pis təsir bağışlamırıq. Əsas problemimiz rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yarada bilməməyimiz idi. Yəqin ki, vaxt keçdikcə bu da yoluna qoyulacaq. 

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31