19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

17-ci start və ya ən böyük arzumuzun bağlı olduğu nüfuzlu turnir

Bu gün Azərbaycan futbolu üçün əlamətdar gündür. Ölkəmizin Çempionlar Liqasında (ÇL) 2015/16 mövsümündə startı bu axşam olacaq. “Qarabağ”ın çıxışa başlamasıyla cari mövsümdə avrokuboklarda sonuncu təmsilçimiz də mübarizəyə qoşulur. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda Monteneqronun “Rudar” klubunu sınağa çəkəcək.

0:2-ylə başlanğıc, 0:2-ylə sonluq

Bu, “Qarabağ”ın ÇL-də ardıcıl 2-ci mövsüm çıxışı olacaq. Ağdam klubu ilk çempionluğunu 1993-cü ildə qazansa da, onda ümumiyyətlə, qitəmiqyaslı turnirlərdə təmsil olunmurduq. Azərbaycan Avropanın ən nüfuzlu klub turnirində 1997-ci ildə siftə edib. Milli çempionatımız 2002-2003-cü illərdə dayandığına görə UEFA ölkəmizi avrokuboklardan 2 mövsüm - 2002/03 və 2003/04-də kənarlaşdırıb. Nəticədə budəfəki start bizim üçün 17-cidir.

ÇL-də ən çox təmsilçimiz “Neftçi” olub – 6 dəfə. Bunlar 1997/98, 2004/05, 2005/06, 2011/12, 2012/13 və 2013/14 mövsümlərində baş verib. “Qarabağ”la yanaşı, “Kəpəz” (1998/99, 1999/00), “Şəmkir” (2000/01, 2001/02), “Bakı” (2006/07, 2009/10), “İnter” (2008/09, 2010/11) hərəyə 2 dəfə bu nüfuzlu turnirdə çıxış edib. “Xəzər Lənkəran” isə 1 dəfə - 2007/08 mövsümündə ÇL-nin iştirakçısı olub. Maraqlıdır ki, yarışda debütümüz də 0:2 hesablı məğlubiyyətlə olub, son matçımız da. Bu, 1997-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda Polşanın “Vidzev” klubuna uduzan “Neftçi”ylə 2014-cü ildə Avstriyada yerli “Zalsburq”a həmin hesabla yenilən “Qarabağ”dır.

ÇL-də 47-ci matçımız...

“Qarabağ” - “Rudar”la oyunu ÇL-də 47-ci matçımız olacaq. Göründüyü kimi, artıq bu mövsüm 50-ci oyunu keçirə bilərik. Bunun üçün III təsnifat mərhələsinə çıxmaq yetərlidir ki, orada cavab matçında yubileyi qeyd edəsən. Əvvəlki 46 oyunda hesabımızda 13 qələbə, 11 heç-heçə, 22 məğlubiyyət var (topların fərqi 43-72). Təbii ki, “Neftçi” daha çox çıxış etdiyindən, əksər qələbələri qazanıb – 5 dəfə. “Qarabağ” 3 dəfə meydanı qalib tərk edib. Qalan 5 qələbədən 2-si “Bakı”nın, hərəyə 1-i isə “Kəpəz”, “Şəmkir” və “İnter”in payına düşüb.

Azərbaycan ÇL-də ilk qələbəni 2001-ci ildə qazanıb. Onda “Şəmkir” Latviyanın “Skonto” klubuna Respublika stadionunda cavab oyununda 2:1 hesabı ilə qalib gələrək, cütün taleyini əlavə vaxta apardı. Oradakı 30 dəqiqədə daha 2 qol vuran Ağasəlim Mİrcavadovun yetirmələri böyük hesabla qələbə qazandılar – 4:1. Bununla da ölkəmiz həmin vaxt ÇL-də ilk dəfə həm də mərhələ adladı.

Ölkəmiz turnirdə 2 dəfə bir mövsümdə 3 qələbə qazanıb. Bu, 2005-ci ildə “Neftçi”ylə (İslandiyanın “Hafnarfyordur” klubuna evdə 2:0, səfərdə 2:1, Belçikanın “Anderlext” klubuna evdə 1:0) və ötən il “Qarabağ”la (Maltanın “Valletta” klubuna səfərdə 1:0, evdə 4:0, Avstriyanın “Zalsburq” klubuna evdə 2:1) gerçəkləşib. Fərq ondadır ki, Ağdam klubunun qələbələri ardıcıl olub.

... və 7 dəfə mərhələ adlamağımız

Azərbaycanın ÇL-də ilk qolunun müəllifi 1998-ci ildə “Kəpəz”in Polşada yerli LKS klubuna 1:3 hesabı ilə uduzduğu ilk oyunun 82-ci dəqiqəsində fərqlənən hücumçusu İmamyar Süleymanov olub. Yeri gəlmişkən, onun böyük qardaşı Yadigar avrokuboklarda ilk qolumuzun müəllifidir. O, “Kəpəz”in 1995-ci ildə UEFA kubokunda Avstriyada “Austriya-Memfis”ə 1:5 hesabı ilə uduzduğu cavab matçının 26-ci dəqiqəsində fərqlənib. “Qarabağ”ın isə bu turnirdə ilk qolunun müəllifi ötən il Maltadakı oyunun 18-ci dəqiqəsində topu rəqib qapısından keçirməklə komandasına ÇL-də debütdə qələbə qazandıran, ancaq bu dəfə zədə üzündən kənarda qalan braziliyalı yarımmüdafiəçisi Çumbinyodur.

Klublarımız ÇL-də 7 dəfə mərhələ adlayıb: 3 dəfə “Neftçi” - 2004/05-də, 2005/06-da, 2012/13-də, hərəyə 1 dəfə “Şəmkir” – 2000/01-də, “İnter” – 2008/09-da, “Bakı” - 2009/10-da və “Qarabağ” – 2014/15-də. Göründüyü digər iştirakçılarımızdan əyalət təmsilçiləri – “Kəpəz”lə “Xəzər Lənkəran” bu sevinci yaşamayıb.

“İnter” isə mərhələni səfər qolu sayəsində adlayıb. Bu, Makedoniyanın “Rabotniçki” klubu ilə Bakıda 0:0, Skopyedə 1:1 hesablı bərabərliyə qaldığı vaxtda olub. “İnter”lə bağlı digər məqam ÇL-də yeganə oyunsonrası penalti seriyamızın da onunla bağlı olmasıdır. Bu, Polşanın “Lex” klubuna Bakıda 0:1 hesabı ilə uduzduğu, Poznanda 1:0 hesabı ilə qalib gəldiyi vaxtdadır. Onda qalibi müəyyənləşdirmək üçün qapıçılar da zərbə vurmalı olmuşdu və gürcü qolkiperimiz Georgi Lomayanın həmkarı ilə dueldən məğlub ayrılması komandamızı mübarizədən kənarda qoydu - 8:9.

Çernoqoriyalıları artıq məyus etmiş Qurban Qurbanov

Klublarımız ÇL-də Monteneqro təmsilçisiylə ilk dəfə görüşəcək. Ümumiyyətlə, bu ölkəylə avrokuboklarda indiyədək cəmi 1 dəfə üzləmişik. Bu, 2010-cu ildə idi ki, həmin vaxt “Bakı” məşhur "Joel Epalle olayı"nın qurbanı oldu. Komandamız “Buduçnost”u hər 2 oyunda 2:1 hesabı ilə məğlub etsə də, ilk matçda cəzalı Epallenin meydana çıxmasına görə 0:3 hesablı texniki məğlubiyyət aldı. Bu üzdən rəqib görüşlərin nəticəsinə görə bizdən üstün oldu.

Qurban Qurbanov isə Çernooqriyaya (Monteneqronun daha çox tanınan adı) çox yaxşı tanış simadır. Axı 43 yaşlı keçmiş hücumçu 2003-cü ildə millimizin heyətində Serbiya və Çernoqoriya yığması ilə Avropa çempionatının seçmə mərhələ oyunlarının qəhrəmanı olub. Qurbanov Podqoritsada dublla yığmamııza əzmkar heç-heçə - 2:2, Bakıda isə penaltidən vurduğu qolla qələbə qazandırıb - 2:1. Səfər matçının keçirildiyi Podqoritsa şəhərinin Çernoqoriyanın paytaxtı olduğu nəzərə alsaq, millimizin bombardiri məhz bu ölkədə fərqlənib. Yeri gəlmişkən, “Qarabağ”ın 33 yaşlı kapitanı Rəşad Sadıqov da həmin matçların iştirakçısı olub. İndi futbolsevərlərimiz Qurban Qurbanovun məşqçi kimi də çernoqoriyalıları məyus edəcəyini gözləyir.

"Qarabağ"ın ən azından pley-offa yüksəlməsi üçün

Bəli, Azərbaycan 18 il öncə debüt etdiyi ÇL-lə bağlı böyük arzusuna hələ də qovuşmayıb. Axı Avropanın ən nüfuzlu klub turnirində qrupa düşə bilməmişik. Ən yaxşı halda “Bakı”, “Neftçi” və “Qarabağ”la hərəyə 1 dəfə III təsnifat mərhələsinə yüksəlmiş, orada uduzaraq mübarizəni Avropa Liqasında davam etdirmişlik. Bu turnirdə isə “Bakı”dan fərqli “Neftçi” və “Qarabağ”la qrup mərhələsi həyəcanı yaşamışıq.

Artıq ÇL-də də bu tarixi yazmaq vaxtıdır və bütün ümidlər son 2 mövsümün çempionu, son illərdə avrokuboklarda ən uğurlu iştirakçımız olan “Qarabağ”la bağlıdır. Qurban Qurbanovun yetirmələri “Rudar”ı keçərsə, özü üçün ən azı 4 oyun zəmanət edəcək. Bu, ÇL-də 2, orada yeniləcəyi halda yollanacağı Avropa Liqasının pley-off mərhələsindəki 2 matçdır. Ağdam təmsilçisi ən azından ÇL-də pley-offa yüksələn ilk Azərbaycan klubu olarsa, Avropa Liqasının qrupuna vəsiqəni avtomatik özü üçün təmin edəcək.

Uğurlar, “Qarabağ”!!! 

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30