23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Qarabağ" üçün "sınan ayaq"

Ölkə futbolunun azarkeş sarıdan qıtlıq çəkdiyi bir vaxtda stadionlara gələn fanatların xoşagəlməz durumla qarşılaşması ürəkaçan mənzərə deyil. Azarkeşlərin həbsi, xəsarət alması onların növbəti dəfə stadiona gəlib, sevimli komandalarını dəstəkləyib-dəstəkləməyəcəyinə dair sual yaradır.

Belə xoş olmayan növbəti hadisəyə Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində baş tutan “Qarabağ” - “Sumqayıt” matçı bitəndən sonra şahidlik etdik. Qurban Qurbanovun yetirmələrinin ardıcıl ikinci mövsümdə çempionluğunu qeyd etməsi bir neçə azarkeşə baha başa gəldi.

Sevimli komandalarının çempionluğunu stadionda qeyd etmək üçün meydançaya axışan azarkeşlər daha sonra polis müqaviməti ilə üzləşdi. Polis bölmələrinə aparılanlar da oldu, xəsarət alanlar da, xəstəxanaya çatdırılanlar da. Onlar arasında komandasının çempionluğu uğrunda cəfa çəkən “İmarət” azad azarkeş qrupunun üzvləri də vardı. Beləcə, çempion olan futbolçular evə, 4 azarkeş polis bölməsinə, biri isə xəstaxanaya getdi.

Alqışlanılası hal odu ki, gecə boyu çətin duruma düşən "imarət"çiləri azarkeş dostları tək qoymadı. İnzibati Xətalar Məcəlləsinin 310-cu, yəni, polisin qanuni tələbinə tabe olmama maddəsi ilə təqsirli bilinib, bölməyə aparılan azarkeşlərə kəsilən cəriməni dostları öz aralarında pul toplayaraq ödəyib, onların sərbəst buraxılmasını təmin edib.

Meydançaya girmək istəyərkən ayaq nahiyəsindən xəsarət alaraq, xəstəxanaya çatdırılan Orxan Salahlıya isə ilk tibbi yardımı “Qarabağ”ın həkimləri edib. Daha sonra “İmarət” üzvlərinin maşını ilə Travmatologiya ve Ortopediya Elmi-Tədqiqat Institutuna çatdırılan Orxanın dabanında qırıq, topuğunda isə çıxıq aşkarlandı. Buna görə 16 yaşlı gəncin ayağı ən azı 2 ay gipsdə qalmalıdı.

Ötən gün Orxana baş çəkmək üçün onun Biləcəri qəsəbəsində yerləşən evinə yollandıq. Xəsarət alan Salahlının “İmarət”dən olan dostları ilə birgə...  Təbii ki, "imarət"çilər yaşca balaca sayılan qardaşlarını görməyə əliboş yollanmamışdı. Binanın qarşısında olan mağazadan şirniyyat məhsulları və meyvə ilə dolu 3 “sumka” alaraq əllərində Orxanı görməyə tələsirdilər. Öz aralarında isə “binadan Orxan bizə baxır” deməklə şənlənirdilər. Gedəcəyimiz mənzil 8-ci mərtəbədə yerləşdiyindən liftlə qalxmalı olduq. Qapını döydük. Orxanın anası Sakibə xanım bizi gülərüz qarşıladı və içəri dəvət etdi. Həmin anda bizi qapıda qoltuq ağacı ilə qarşılayan Orxanın ayağında gips olsa da, gözlərində sevinc vardı. Hər halda, Salahlı dostlarının ona baş çəkəcəyini ehtimal etsə də, jurnalistlərin yaşadığı yerə təşrif buyuracağını ağlından belə keçirmirdi. İki bacının bir qardaşı sözün yaxşı mənasında gördüklərinə görə şokda idi. Sanki Orxan ağrı-acını unutmuşdu. Az qalırdı ki, qoltuq ağacını bir kənara tullayıb, göyə tullansın.

Çay süfrəsi təşkil olunana qədər dostları ilə xeyli zarafatlaşan 10-cu sinif şagirdini biz də danışdırdıq. Ona PFL-in iyunun 3-də keçiriləcək ölkə kubokunun finalı üçün hazırlanmış şərf də təqdim edildi. Evdə bizdən başqa Orxanın özünə tay-tuş olan dostu da var idi. Sən demə, Orxanın dostunun atası vaxtı ilə “İmarət” stadionunda Şuşa şəhərini təmsil edən komandanın heyətində “Qarabağ”a qol da vurub. 

Kəlbəcərin Başlıbel kəndindən olan Orxan stadionda baş verən hadisəni belə xatırladı: “Düzü, “İnter”nin xal itirəcəyi, “Qarabağ”ın isə qələbə qazanacağı halda çempion olacağımızı stadionda öyrəndim. “Bakcell Arena”da 90 dəqiqə başa çatandan paralel keçən “İnter” - “Qəbələ” matçının yekun nəticəsini  gözlədik. Qəbələdəki matç 1:1 hesabı ilə başa çatandan sonra artıq çempion olduğumuzu dəqiqləşdirdik. Bu sevinci futbolçularla birgə yaşamaq üçün tribunadan meydançaya enəndə arxadan kimsə məni itələdi. Sonradan dedilər ki, məni itələyən polis olub. Yerə yıxılanda isə sağ ayağımdan ciddi xəsarət aldım. Bir hadisədi də oldu. Yenə çempion olaq, yenə tullanacam. Düzdü, valideynlərim əvvəlcə əsəbləşdi. Dedilər ki, mənim üçün tribuna həyatı başa çatdı. Ancaq sonradan nisbətən sakitləşdilər. Onların bu cür reaksiya verməsini də başa düşmək olar”.

Daha sonra Orxanın atası Ənvər bəylə söhbətləşdik. Qısa arayış olaraq bildirək ki, ailə başçısı İqdisat Universitetində uzun müddətdi müəllim işləyir. Maraqlıdı, evin bir oğlunun stadionda xəsarət aldığını eşidən atanın ilk reaksiya necə olub?

“Hər həftə olduğu kimi, futbola getmişdi. Gözləyirdik ki, matç başa çatandan sonra evə gələcək. Birdən anası gəlib, mənə dedi ki, Orxan zəng vurub, ayağının əzildiyini, uşaqların onu evə gətirdiyini bildirdi. Biz bir az həyacanlandıq. Həyətə düşüb, uşağın arxasınca getmək istəyirdik. Zəng edib, harada olduğunu soruşdum. O da “gəlməyin, xəstəxanadan çıxmışam, artıq evə gəlirəm” dedi. 20 dəqiqə gözləyəndən sonra gəldilər. Təbii ki, o 20 dəqiqə bizim üçün çox uzun çəkdi, həyəcanlı olduq. Orxanı evə gətirən uşaqlara təşəkkür etdik. Xəstəxanaya aparıb, xeyli əziyyət çəkiblər. Nə lazım idisə, onu da ediblər".

“Belə çıxır ki, sizə sadəcə, Orxanı danlamaq qalmışdı” sualına isə Ənvər müəllim belə cavab verdi: “Xeyr, danlamadım. Onsuz da hadisə baş verib. Mən ona evdən çıxanda bildirdim ki, stadionda kütlə olacaq. Bilirsiz ki, kütləni də idarə etmək olmur. Onu hər zaman demişəm ki, qarışıq yerlərdən uzaq dur. Düzü, mən dava-dalaşdan qorxuram. “Qarabağ”ın çempion olmasına görə evə gec gələcəyini gözləyirdim. Amma belə olacağını ağlıma da gətirməzdim. Evə gələndə hardasa gecə saat 1 idi”.

Ailə başçısı Orxanın “İmarət”dəki dostlarından olduqca razıdı: “İndi “İmarət”in uşaqları ilə bir yerdədi. Kompyuterdə də dostları ilə şəkilləri doludu. Çox sağ olsunlar ki, gəlib, Orxanla maraqlanırlar. Onun ağrılarını bölüşürlər. Oğlanın dostu çox olmalıdı. Belə bir məsəl var: “Oğlanın dostu çoxdusa, azdı, düşməni azdısa, çoxdu”.

Universitet müəllimi bundan sonra Orxanın “Qarabağ”ın matçına gedib-getməməsi ilə bağlı qərarı övladının öz ixtiyarına buraxır: “Oğlum artıq böyüyüb. Könlü istəsə, gedər. Yəqin ki, istəyəcək. Niyə də istəməsin? Ancaq mən ifrat azarkeşliyin əlehinəyəm. Emosiyalara qapılıb, xoşagəlməz addımlar atmaq lazım deyil. İdmanın yaxşı cəhətləri var. Gəncləri zərərli vərdişlərdən yayındırır. Mənim ən çox narahat olduğum məsələ odur ki, birdən pis uşaqlara qoşular, siqaret çəkər. Son illərdə "dəbdədi" – bir nəfər yoxa çıxanda səsi Suriyadan gəlir. İnsan özü müstəqildi, istəyinə uyğun hərəkət edir. Orxan balaca vaxtlarında futbol məşqlərinə gedib. Düzü, onu bu idman növündən çəkindirirdim. Çünki zədə almasından qorxurdum. Ona görə ki, fiziki qabiliyyəti yüksək deyildi. İndi futboldan çəkindirmək o demək deyil ki, azarkeşlikdən də çəkindirəm. Polis istənilən halda mühafizəni təmin etməlidi. İmkan verməz ki, hansısa neqativ hərəkət edəsən. Oyun qurtarandan sonra azarkeşlərə bir az güzəşt etməlidi. Ancaq oyun gedə-gedə buna imkan vermək olmaz. Polis şəraitə uyğun hərəkət etməlidi. Bəlkə, azarkeş meydançaya futbolçunu vurmağa gedir?"

Görüşün sonunda Orxanın vəziyyəti ilə bağlı klubdan kiminsə maraqlandığını soruşduqda isə cəfakeş ata məsələyə təvəzökarlıqla yanaşdı: “Qarabağ”dan onsuz da zəng gözləmirdim. Çünki elə də böyük hadisə deyil. Onların öz qayğıları var”.

Orxanla sağollaşanda isə “İmarət”in üzvləri Ənvər müəllimin diqqətinə sözügedən azarkeş qrupunun təkcə “Qarabağ”ı dəstəkləməklə kifayətlənmədiklərini, eyni zamanda vətənpərvərlik ideyasını da aşılamağı əsas borclarından biri kimi qabartdılar. Hər zaman olduğu kimi, bundan sonra da istər yaxşı, istərsə də pis günlərdə daima birlik nümayiş etdirəcəklərini qeyd etdilər. Biz də tezliklə Orxanın sağalmasını, sevimli komandasına dəstək olmaq üçün tribunda yer almasını arzulayırıq.

Mənbə: Futbolinfo.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30