19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Robert Prosineçki: “Onun yuxudan ayılmasını 15 oyundur ki, gözləyirdim”

“HAYDUK”UN RUSLAN QURBANOVLA BAĞLI BÖYÜK PLANLARI VAR”

Milli komandamızın baş məşqçisi Robert Prosineçki Futbolxeber.az saytına müsahibə verib.

- Bu günlərdə “Neftçi”nin baş məşqçisi Arif Əsədov, eləcə də klub rəsmiləri ilə görüşünüz oldu. Görüşdə hansı məsələlər müzakirə olundu?

- Çox şeydən danışdıq. Bir çox məsələlər ətrafında fikir mübadiləsi apardıq. Mətbuatda təzyiq çox idi. Hamı “Neftçi”dən heç bir futbolçunun milliyə çağırılmaması haqda soruşurdu. Mən də onlara bunun səbəbini söylədim. İzah etdim ki, nəyə görə “Neftçi”dən heç bir futbolçu Malta ilə oyuna dəvət almamışdı.

- Onlara konkret hansı səbəblər göstərdiyinizi açıqlaya bilərsiz?

- “Neftçi”nin “Sumqayıt”la oyununa siz də baxırsız (Müsahibə “Neftçi” - “Sumqayıt” oyununun fasiləsində alınıb-red.). İlk hissə məncə, hər şeyi açıq-aydın göstərir. 5 ay ərzində “Neftçi”nin əksər oyunlarına canlı olaraq tamaşa etmişəm. Bu gün də eyni futbolu görürəm. Səbəb bax, budur.

- Qarşıdakı günlərdə digər klubların baş məşqçiləri, rəsmiləri ilə də görüşməyiniz nəzərdə tutulub?

- Mən həmişə demişəm ki, istənilən şəxslə fikir mübadiləsi aparmağa hazıram. Sizə sual verim. Belə oyunla “Neftçi”dən kimisə milliyə çağırardınız? Həmişə mənə “Neftçi” haqda sual verilir. Mən bilirəm ki, bu klubun böyük tarixi var. Azərbaycanın ən böyük klubudur. Hələ SSRİ çempionatlarında mübarizə aparıb. Bu gün “Neftçi”də yaxşı futbolçular var. Bunu baş məşqçiyə də dedim. Amma həmin futbolçular özlərini yaxşı tərəfdən göstərməlidirlər. İlk hissədə “Sumqayıt”ın hücumçusu Məhəmməd Qurbanov daha aktiv idi. 45 dəqiqə ərzində o, milliyə hansı səbəbdən çağırıldığını oyunu ilə sübuta yetirdi. Qaçır, mübarizə aparır, qol vurur. Mənim üçün milliyə dəvət etdiyim oyunçunun klubu önəmli deyil. Daha vacib olan futbolçunun keyfiyyətidi. Araz Abdullayev son oyunlarda bir qədər ayılıb. Onun yuxudan ayılmasını 15 oyundur ki, gözləyirdim. Digər klublardan da kimsə açıq söhbət eləmək istəsə, mən hazıram. Bakıda yaşayıram, əksər oyunlara gedirəm. Hər gün də AFFA-dayam.

- Futbolda böyük təcrübəyə maliksiniz. Mütəxəssis kimi, deyə bilərsiz “Neftçi”nin problemləri nədən qaynaqlanır?

- Çətinlik çəkirəm. Çünki mən kənardan baxıram. Klubun daxildə deyiləm. Klubun öz problemləri var, millinin öz problemləri. İndi mənim üçün daha vacibi yığmanın səviyyəsini artırmaqdı. Yalnız bu barədə düşünürəm. İndi sualınıza cavab olaraq, müəyyən səbəblər deyə bilərəm. Amma bu, dəqiq olmaya da bilər. Çünki dediyim kimi, nə siz, nə biz klubun içində olanları dəqiqliyi ilə bilmirik.

- Norveçlə oyuna dəvət edəcəyiniz futbolçuları artıq müəyyənləşdirmisiz?

- Heyət 90 faiz bəllidi. Hazırda problemlərimiz çoxdu. Namiq Ələsgərov, Eddi İsrafilov zədəlidir. Mahir Şükürov klubsuzdur. Vaqif Cavadov isə “Boluspor”un heyətində cəmi 5-10 dəqiqə meydanda olur.

- Daha əvvəl “Kayserispor”da çalışdığınızdan Türkiyə futbolunun səviyyəsinə bələdsiniz. Necə düşünürsüz, azərbaycanlı futbolçular hansı səbəbdən Türkiyə klublarında möhkəmlənə bilmirlər?

- Türkiyədə işləmişəm. Amma dəqiq səbəb söyləmək çətindi. Vaqif meydanda çox az vaxt keçirir. Mən düşünürəm ki, bu gün Azərbaycanda elə oyunçular var ki, onlar nəinki Türkiyə birinci liqasında, hətta Superliqada da forma geyə bilərlər.

- Bu gün bir çox klublarımızda maliyyə problemi var. Millinin baş məşqçisi kimi bu məqam sizi narahat edir?

- Sözsüz. Klubların maliyyə problemi yaşaması millinin baş məşqçisi üçün böyük problemdi. Klublarda maliyyə problemi yaşananda, səviyyə aşağı düşür. Səviyyənin enməsi dərhal çempionata, eləcə də milliyə təsir göstərəcək. Millinin məşqçilər korpusu futbolçuların səviyyəsini artırmaq üçün əlindən gələni edir. Lakin klublarda maliyyə çətinliyinin olması böyülk problemdi.

- Zədəlilərdən başqa, Norveçlə oyunöncəsi sizi narahat edən hansısa problem var?

- Bu dəfə daha güclü rəqiblə qarşılaşacağıq. Malta ilə oyundan öncə komandada təzyiq çox böyük idi. Çünki komanda ilk 4 oyunun hamısını uduzmuşdu. Təzyiqi mətbuat konfransında da hiss etdim. Sonda hər şey istədiyimiz kimi alındı. Bu dəfə də uğura inanırıq. Əlimizdən gələni edəcəyik ki, Norveçdən yaxşı nəticlə ilə qayıdaq.

- Heyətdəki problemləri nəzərə alsaq, Malta ilə oyunla müqayisədə bu dəfə yığmada yeni adlar görəcəyimizi söyləmək olar?

- Ola bilər. Biz Malta ilə oyunda debütantlara şans verdik və onlar özlərini doğrultdular. Namiq Ələsgərov, Ruslan Qurbanov ilk dəfə yığmanın formasını geyirdilər. Eyni hala bu dəfə də şahid ola bilərsiz.

- Ruslan Qurbanovun “Hayduk”a keçidində böyük pay sahibisiz. Hazırda onun meydanda az vaxt keçirməsinin səbəbi ilə maraqlanırsınızmı?

- Təbii k, maraqlanıram. Ruslan komandaya qoşulanda, heyət artıq formalaşmışdı. Yavaş-yavaş oyun təcrübəsi qazanır. Bir neçə gün əvvəl yeni baş məşqçi təyinatı oldu. Onunla da telefon söhbətimiz oldu. Baş məşqçi də bildirdi ki, Qurbanov yaxşı futbolçudur. “Hayduk”un Ruslanla bağlı böyük planları var. Mütləq şans verəcəklər, Onu da deyim ki, “Hayduk” Ruslanın qalmasını istəyir. Bildiyiniz kimi, onun icarə müddəti mövsümün sonunda başa çatır. Amma “Hayduk” onu saxlamaq istəyir. Yeni ölkə, yeni mühit, yeni çempionat - bütün bunlara  öyrəşmək üçün vaxt lazımdı. İnanıram ki, “Hayduk”da o özünü yaxşı tərəfdən göstərəcək.

- Milli üzvünün Avropa klubuna keçidində vasitəçi olmadığınız müsbət qarşılandı. Gələcəkdə də digər milli üzvlərinin Avropa klublarına keçidi mümkündürmü?

- Belə imkan olsa, əlbəttə ki lazım olanı edəcəyəm. Bu gün Azərbaycanda bacarıqlı futbolçular var. Bəzi futbolçular Avropa ölkələrində çıxış edə bilərlər. Götürək Namiq Ələsgərovu. Çox istedadlı futbolçudu. Təəssüf ki, Malta ilə oyunda zədələndi. Özünü cəmi 25 dəqiqə göstərmək imkanı oldu. Bu gün Namiq Azərbaycanda ən istedadalı futbolçulardan biridir. Biz bu yolu davam etdirməliyik.

- İyunun 15-də U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer adaları ilə qarşılaşacaq. Həmin oyunu özünüz izləyəcəksiz, yoxsa köməkçilərinizdən hansınısa göndərəcəksiniz?

- Həmin oyuna hələ vaxt var. İndidən dəqiq söyləyə bilmərəm. Ya özüm gedəcəyəm, ya da köməkçilərimdən kimsə. Amma məşqçilər korpusundan ən azı 1 nəfərin orada olacağı dəqiqdir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30