19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Robert Prosineçki: “Norveçin güclü olmağı bizi maraqlandırmır”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin müsahibəsi: 

- Sələfiniz Berti Foqts şəxsi məsələlərlə bağlı danışmağa meyilli deyildi. Amma Siz bu baxımdan açıq adam təsiri bağışlayırsınız. Azərbaycanda Sizə və ailənizə yaradılan şəraitdən razısınızmı?

- Mən hər məsələni səmimi deyirəm. Ona görə yox ki, burada yaşayır, çalışır və yığmanın baş məşqçisiyəm. Mən və ailəm burada özümüzü çox rahat və yaxşı hiss edirik. Uşaqlar yaxşı məktəbə gedirlər, təhsillərindən razıyıq. Bu ölkədən özümün də, həyat yoldaşımın da çox xoşu gəlir. Bakı gözəl şəhər, Azərbaycan gözəl ölkədir. Bunların hamısı səmimi sözlərdir. Beş aydır Bakıdayam. İnsanların qonaqlara necə kömək etməyə çalışdıqlarının canlı şahidiyəm. Hərtərəfli - iş, sosial baxımından açıq insanlardırlar.

- Yenicə gəldiyiniz vaxt Azərbaycan millisində ardıcıl 4 məğlubiyyətlə əlaqədar psixoloji durumun heç də yaxşı olmadığını bildirmişdiniz. 5 ay ərzində nələri dəyişdirməyə nail oldunuz?

- 5 ay ərzində 2 təlim-məşq toplanışı keçirdik. Onun biri Malta ilə oyun öncəsində oldu. 12 gün bir yerdə olduq və ilkin məqsəd oyunçulara özünə inamı qaytarmaq idi. Mənə elə gəlir ki, komandam bunu oyunda yaxşı sübut etdi. Çünki çətin proses idi. Həmişə demişəm və yenə də deyirəm ki, Azərbaycanda oyunçu potensialı var, onların üzərində işləmək lazımdır. Gənc futbolçular var, onlarla işləyəcəyik. Növbəti addımı iyunun 12-də Norveç millisi ilə oyunda atmaq istəyirik. Çünki komanda özünə inamı qaytarıb. Tam olmasa da, futbolçular bunun öhdəsindən gəlib. Malta ilə matçda təzyiq böyük idi və onlar meydana çıxıb qələbə qazandılar. Bunun davamı gəlməlidir. Gün gələcək ki, Azərbaycan yüksək səviyyəli futbol oynayacaq. Demirəm ki, biz Maltanı, Norveçi, İtaliyanı məğlub edəcəyik. Ən azı, böyük komandalar Azərbaycana gələndə qalib gəlmələri üçün var güclərini sərf etməlidirlər.

- Sizə elə gəlmirmi ki, milli komandanın nəyə qadir olduğu Norveçlə oyunda görsənəcək?

- Hazırda komandada böyük problem var. Eddi İsrafilov Norveçlə oyunda olmayacaq. Çünki zədələnib. Namiq Ələsgərov zədəlidir və oyuna qədər bərpa oluna bilməyəcək. Xaricdə oynayan futbolçularımızın bəziləri klubsuz qalıb, bəziləri isə az oynayırlar. Ona görə də baxmalıyıq ki, həmin oyuna hansı futbolçuları dəvət edəcəyik. Baxaq görək, aşağı yaş qruplarından hansı futbolçular əsas komandaya kömək edə bilərlər. Norveç güclü komandadır, zəif rəqib deyil. Bizi çətin oyun gözləyəcək. Onların Xorvatiya ilə oyununu görmüşəm. Hesabı nəzərə almasaq, ümumilikdə komanda yaxşı oyun göstərir. Ancaq rəqibin güclü olmağı bizi maraqlandırmır, biz öz oyunumuza baxırıq. Çünki mən optimist insanam. İnanıram ki, yaxşı nəticə əldə edəcəyik. İstəyim o idi ki, biz Norveçlə oyundan öncə hər hansı güclü komanda ilə yoldaşlıq oyunu keçirək. İyunun 7-də Serbiyaya qarşı oynayacağıq. Artıq bu məsələ dəqiqləşib. Serbiyanı ona görə seçdim ki, millinin daha güclü komandaya qarşı oynamasını istəyirəm. Belə oyunlarda çox şey görmək olur. Vaxt gələcək ki, Azərbaycan milli komandası böyük ölkələrlə bərabər futbol oynayacaq. Sözsüz ki, bu, asan iş deyil. Görürəm ki, aşağı yaş qruplarında yaxşı futbolçular var.

- Futbolda zədələr qaçılmazdır, amma komandanın onurğa sütunu və onu tamamlayan üzvləri olur. Siz millinin onurğa sütununu qura bilmisiniz?

- Malta ilə oyunda həmin onurğa sütununu görmək olardı. Zədədən çox şey asılıdır. Bilmirsən oyunçu necə olacaq. Yenə deyirəm, artıq mən onurğanı qurmuşam və yenə də komandaya gənc futbolçular dəvət olunacaq. İlk oyunda komanda böyük təsir altında idi. Təbii ki, millinin heyətində ilk dəfə meydana çıxmaq çətindir. Amma Malta ilə matçda bunu düzgün qurmuşduq. Yəni təcrübəli futbolçularla yanaşı, gənclər də oynadılar və özlərini doğrultdular.

- Demək olar ki, bizim elə də güclü legioner futbolçumuz yoxdur. Mahir Şükürovla Cavid İmamverdiyev klublarından kənarlaşdırılıb. Türkiyənin I Liqa klublarında da duruş gətirə bilməyən bu iki futbolçunun fonunda keçmiş komandanız "Kayserispor"un qapısını müntəzəm qoruyan və Türkiyə Super Liqasında çıxış etməyə çox yaxın olan Kamran Ağayevlə bağlı fikirləriniz necədir?

- Bilmirəm ki, bu suala nə cavab verim. Mahir və Cavid klublarından uzaqlaşdırılıb, Vaqif Cavadov 5-10 dəqiqə oynayır. Bu, xoş hal deyil, çünki futbolçularımız oynamalıdır. Həmişə demişəm ki, oyun təcrübəsi vacibdir. Ümid edirəm ki, Eddi zədədən sonra tez bir zamanda formasına qayıdar və çıxış edər, Nazarov "Karlsrue”nin əsas heyətində oynayar. Qapıçı mövqeyində problemimiz yoxdur. Çünki Kamran Ağayev "Kayserispor"da demək olar hər oyunda meydana çıxır. Üstəlik, Səlahət Ağayev də "İnter"də yaxşı formadadır. Sonra Namiq Ələsgərov kimi gənc futbolçularımız var. Ancaq Malta ilə qələbənin acı dadı Namiqin zədələnməsi oldu. Artıq bir neçə gənc futbolçuları seçmişəm və gələcəkdə komandaya dəvət edəcəm. Legioner həyatı yaşayan futbolçuların oynamasının tərəfdarıyam.

- Futbolçularımızda ulduz xəstəliyinin olmasını hiss etmisiniz?

- Bilmirəm, amma eşitmişəm. Həmişə demişəm ki, milli komandanın oyunçusu olmaq böyük bir fəxrdir. Çalışıb klubda oynamaq lazımdır ki, milliyə dəvət olunasan. Hər bir ulduz futbolçu öz üzərində işləyir və çalışır ki, klubunda əsas heyətdə oynasın. Ancaq bu belə olan halda milli komandanın oyunçusu ola bilər.

- İyunun 7-də Serbiya, 5 gün sonra isə Norveçlə oyun olacaq. Sıx qrafiklə İtaliya ilə oyunun ardından milli komanda Xorvatiyaya məğlub oldu. Futbolçuların fiziki durumunu göz önünə gətirərək düşünmürsünüz ki, Norveçlə oyunda ağır məğlubiyyət ola bilər?

- Böyük futbol ölkələri, böyük klublar 2-3 gündən bir futbol oynayırlar. Biz səviyyəni artırmaq, futbolda irəliləyiş istəyirik və buna öyrəşməliyik. Arada 5 gün fasilə var və bu müddət komandanın tam bərpa olunması üçün kifayətdir. Sentyabrda yenə sıx qrafiklə oynayacağıq. Nəyə görə başqaları bacarır, biz yox? Bu, futbolda normal haldır. O səviyyəyə çıxmalıyıq ki, 3, 5 gündən bir futbol oynayaq. Belə bəhanələr axtarmamalıyıq ki, üç gündən bir oynadıq və yorulduq. Ən sadəsi odur ki, yorulmuşuq, bacarmırıq. Biz bunu bacaracağıq.

- Norveçlə oyun günündə Bakıda I Avropa Oyunları start götürəcək. Həmin oyundan sonra paytaxta qayıdıb Oyunları izləyəcəksiniz? Nəzərə alsaq ki, Avropa Oyunlarında çimərlik futbolu yarışları da olacaq və özünüz püşkatma mərasimində iştirak etmişdiniz...

- Bakıya qayıdacam. Çünki ümumilikdə idman məni maraqlandırır. Ümid edirəm ki, Norveçdən qələbə ilə qayıdıb xalqı sevindirəcəyik.

- Azərbaycan Avropa Oyunları zamanı Xorvatiya idmançıları ilə üz-üzə gəlsə, kimə azarkeşlik edəcəksiniz?

- Mən burada işləyir və yaşayıram. Azərbaycan mənim ikinci vətənimdir. Ümid edirəm, belə bir şey olmaz ki, Xorvatiya idmançıları bizimkilərlə yarışa çıxsınlar. Olsa, sözsüz ki, Azərbaycanın tərəfini tutacam. Bir-birinə qarşı oynamasınlar (gülür). Xorvatiya və Azərbaycan idmançıları hansı idman növündə qarşılaşa bilərlər?

- Ola bilsin su polosu və voleybolda...

- Xorvatiya su polosunda çox güclüdür. Hətta dünya çempionluğu da var. Xorvatlar bu növdə Avropa və Olimpiya çempionluğunu qazanıb.

- Xorvatiyalı avarçəkənlər də güclü idmançılardandır...

- Onu bilmirdim. Su polosunu bilirəm ki, xorvatiyalılar güclüdür. Ancaq avarçəkməni dəqiq deyə bilmərəm. Üstəlik, xorvatlar həndbolda da güclüdür.

- Futboldan başqa hansı idman növünə azarkeşlik edirsiniz? Söhbət xorvatiyalı idmançılardan gedir...

- Futbolçu olanda hər şeyi futbol görürsən.. Bu suala cavab vermək mənim üçün çətindir. Ancaq belə deyərdim ki, NBA basketboluna baxıram.. Sözsüz ki, böyük idman tədbirləri olanda izləyirəm. Baxıram ki, görüm nəyi bilmirəm. Bəlkə məndə nəsə yeni maraq yarandı?

- Avropa Oyunlarını sonadək izləyəcəksiniz?

- Hələ bu suala cavab verə bilmirəm. Görək necə olacaq.

- Daha çox hansı idman növlərini izləyəcəksiniz?

- Uşaqlarımı götürüb izləməyə gedəcəm. Ancaq hansı idman növü olacağını deyə bilmərəm.

- İdman mediası ilə münasibətiniz necədir? Medianın sizə münasibətini necə hiss edirsiniz?

- Normaldır. Çünki komanda məğlub olanda hamı tənqid edir və udanda sevinir. Mənim jurnalistlərlə heç bir problemim yoxdur. Həmişə açıq danışıram və ümid edirəm ki, jurnalistlərin də mənimlə problemi yoxdur. Məni təəssüfləndirən o oldu ki, Malta ilə oyundan öncə keçirilmiş mətbuat konfransında milli ilə bağlı suallar demək olar ki, olmadı. Əsas suallar "Neftçi" klubu ilə bağlı oldu. Mən belə şey görməmişəm. Çünki milli oynayır və gənc futbolçular var. Fikrimcə, belə suallar komandaya təzyiqi daha çox artırır. Bir də Nurlan Novruzovla bağlı suallar olurdu. Mən baş məşqçiyəm, ola bilər ki, sizin fikirlərinizlə razı olmayım. Çünki hər kəsin öz fikri var. Belə şeylər mənim praktikamda olmayıb.

- "Neftçi" kubokun finalına çıxdı. Hazırkı "Neftçi"nin futbolçuları milliyə dəvət alacaq?

- Mən sizə bir sual verim. Siz "Neftçi"dən hazırda kimisə milliyə layiq görürsünüz?

- Aqil Məmmədovu demək olar. Sonra Məqsəd İsayev...

- Aqil olar. Amma Qalan futbolçuların sərgilədikləri oyuna əsasən, mənim fikrimi bilmək istəyirsinizsə, hazırda "Neftçi"də milliyə namizəd futbolçu yoxdur.

- Yəqin ki, siyasəti də izləyirsiniz. Son zamanlar siyasət yaşıl meydanlara da təsir edir. Avropa çempionatının seçmə oyunları zamanı Çernoqoriya və Serbiyada da bunu gördük. Köhnə Yuqoslaviyadan çıxmış bir futbolçu kimi belə hadisələrin baş verməsini necə qarşılayırsınız? 

- Onu deyə bilərəm ki, xalq özü siyasi problemləri futbolda görmək istəmir. Çünki futbol bir oyundur. Həmişə demişik ki, gəlin idman oyunlarını siyasiləşdirməyək. Belə hadisələr futbola ləkə salır. Serbiya və Albaniyanın oyununda təxribat üçün bayraq çıxartdılar və hadisələr başladı. Çernoqoriyada Rusiyanın qapıçısına fişəng atdılar. Deyə bilmərəm, niyə belə hadisələr baş verir, amma çalışmaq lazımdır ki, gələcəkdə belə hadisələr olmasın. Çünki futbol idmandır və komandalar meydana çıxıb oyunlarını oynasınlar, siyasət idmana qarışdırılmasın. 

- Yəqin ki, Azərbaycana gələnə qədər Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycanın torpaqlarını işğal etdiyi barədə eşitmişdiniz. Ermənilərin işğalı etdikləri Ağdam şəhərinin təmsilçisi olan "Qarabağ"ı gördünüz.  Nəzərə alsaq ki, işğal nəticəsində Qarabağı təmsil edən komanda gəlib oyunlarını Bakıda keçirir. Bu məsələyə münasibətiniz necədir?

- Sözsüz ki, Azərbaycana gəlməmişdən əvvəl bu məsələdən məlumatım vardı. "Qarabağ"ın oyunlarını izləmişəm və bildim ki, "Qarabağ" Ağdam şəhərini təmsil edir. Bizdə də dəhşətli müharibələr olub. Hansı ki, həmin müharibələr nəticəsində keçmiş Yuqoslaviya dağıldı. Ümid edirəm ki, Azərbaycan xalqı bu problemi müharibəsiz həll edə biləcək, torpaqlar qayıdacaq və gün gələcək ki, "Qarabağ" ev oyunlarını Ağdamda keçirəcək.

Mənbə: report.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31