19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

“Sabah stadionda iki yox, beş Diniyev olacaq”

Milli komandamızın sabiq baş məşqçisi, Məşçiləq Komitəsinin üzvü Şahin Diniyevin müsahibəsi

- Övladlarınız meydançada üz-üzə gələndə hansı hissləri keçirirsiniz?

- Açığı, bəzən səhv salıram. Onların komandalarının formaları da oxşardı. Hər iki klubun forma rəngi göy-ağdı. Ona görə də, hərdən “İnter”də Kərimi, AZAL-da isə Coşqunu axtarıram. Ümumiyyətlə, komandalarının deyil, onların öz oyunlarına nəzər yetirirəm. Hansının necə oynadığına, harda səhv etdiyinə fikir verirəm. Onların uğuru mənim üçün çox vacibdi. Onu da deyim ki, sabah stadionda iki yox, beş Diniyev olacaq. Kərim və Coşqundan savayı, baş hakim Ramil Diniyev, mən və kiçik oğlum da orda olacağıq.

- Hər ikisi yarımmüdafiəçi olduğundan, tez-tez bir-biriləri ilə top uğrunda mübarizə aparacaqlar. Hansı digərindən daha çox çəkinir?

- Onların əsas heyətdə oynayıb-oynamayacaqları hələ bəlli deyil. Baş məşqçilərin qərarından asılıdı. Hələlik yalnız hakim Diniyevin meydançaya çıxacağı dəqiqdi. Təbii ki, şans qazansalar, mütləq üz-üzə gələcəklər. Çünki hər ikisi eyni mövqedə çıxış edir. Kərim daha çox dağıdıcı, Coşqun isə yaradıcı oyunçu funksiyasını yerinə yetirir. O ki qaldı çəkinməyə, məncə, oyunun gedişindən, nəticədən çox şey asılı olacaq.

- Təkbətək mübarizəyə girəndə hansının zədələnməsindən daha çox çəkinirsiniz?

- Onlara həmişə demişəm ki, meydana çıxırsınızsa, yalnız komandanızın uğuru barədə düşünün. Burda qardaşlıq artıq ikinci planda olmalıdı. Formasını geyindiyiniz komandada çörək pulu qazanırsınız, ora xeyir verməyə çalışın. Mənə onların təkbətək mübarizələri yox, komandalarına verdikləri xeyir maraqlandırır. Qardaşın oldu-olmadı, vurdunsa, əlindən tutub qaldırmalısan. Centlmenlik ön planda olmalıdı. Nəinki oğlanlarımın, heç bir futbolçunun zədələnməsini istəmərəm.

- Oyunlardan əvvəl onlara hansı məsləhətləri verirsiniz?

- Təbii ki, öz məsləhətlərimi verirəm. Mən özüm məşqçiyəm. Rəqibdən asılı olaraq, daha çox nələrə diqqət yetirmələrini, harda nə etməli olduqlarını deyirəm.

- Üz-üzə gəldikləri oyunlardan əvvəl bir-biriləri ilə prinsip aparırlar?

- Bizdə Türkiyə sevgisi var idi. O vaxt biri “Qalatasaray”ın, digəri isə “Fənərbaxça”nın azarkeşi idi. Aralarında qızğın mübahisələr olurdu. Əvvəllər əvəzedicidə olanda bir-biriləri ilə prinsip aparırdılar. O deyirdi “mən belə edəcəm”, bu deyirdi “mən sənə göstərəcəm”. Hətta mən özüm də mükafat boyun olurdum. Deyirdim ki, kim qol vursa, ona pul verəcəm. Artıq böyüyüblər, kişiləşiblər. Bir-birilərinə indi daha çox hörmətlə yanaşırlar. Amma həmin prinsipiallıq hələ də qalır. Bilirlər ki, oyundan sonra hər ikisi evə gələcək. Qarşıma başıaşağı çıxmaq istəməyəcəklər. Çünki prokuror evdə onları gözləyir (gülür).

- Onları bir komandada görmək istərdiniz?

- Əlbəttə, özü də lap çox.

- Baş məşqçiləri siz olsanız, hansına daha çox şans verərdiniz?

- Hər ikisini. Oğlum olduqları üçün demirəm. Hər ikisi orta sahədə fərqli vəzifəni yerinə yetirir. Meydançada da eyni anda həm dağıdıcı, həm də yaradıcı oyunçu olmalıdı. Kərimlə Coşqun da bir-birilərini tamamlayardılar, onlardan yaxşı tandem yaranardı.

- Onların baş məşqçisi olmaq istərdiniz?

- Hələ onlardan soruşun görün, mənim baş məşqçiləri olmağımı istəyərdilərmi? Mənə elə gəlir ki, istəməzlər.

- Hansı daha istedadlıdı?

- Baş məşqçi bir futbolçuya çox şans verəndə, o, istər-istəməz “artırır”. Futbolçu təkcə məşqlərlə irəli gedə bilməz. Hər ikisinin istedadı var. Futbolçunun potensialını açması baxımından baş məşqçidən çox şey asılıdı. Çox oyunçu olub ki, istedadlı olduğu deyilsə də, heç nə edə bilməyib. Çünki məşqçi ona istənilən qədər şans verməyib. Amma elələri də var ki, böyük istedadı olmasa da, baş məşqçi onu daim oynadır və nəticədə güclü futbolçu olur.

- Sabahkı matçda hansını şanslı sayırsınız?

- Bu oyuna proqnoz verməyim komandalardan çox uşaqlarıma haqsızlıq olar. Oyun 0:0 hesabı ilə başlayır, hər ikisinin vəziyyəti eyni olur. Matçın gedişində bu vəziyyəti dəyişən futbolçular olur. Sabah onların içində mənim övladlarım da ola bilər.

Mənbə: apasport.az 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31