25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Bu gün Rövnəq Abdullayevin 50 illik yubileyidir

Bu gün AFFA prezidenti Rövnəq Abdullayevin həyatında əlamətdar gündür. Assosiasiya başçısı aprelin 3-də 50 illik yubileyini qeyd edir.

Rövnəq İbrahim oğlu Abdullayev 1965-cı ilin aprelin 3-də Naxçıvan şəhərində anadan olub. 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə daxil olub. 1983-1985-ci illərdə ordu sıralarında həqiqi hərbi xidmətdə olub. 1985-ci ildə köçürmə yolu ilə V.V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna göndərilib, 1989-cu ildə həmin institutu bitirərək "Neft Daşları"nda əmək fəaliyyətinə başlayıb.

“Neftçi”ylə qazanılan tarixi nəticələr

Uzun illər neft sahəsində müxtəlif məsul, rəhbər vəzifələrdə çalışan Rövnəq Abdullayev 2005-ci ilin dekabrın 9-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunub. Həmin vaxt “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti olan Abdullayevin futbol sahəsində fəaliyyəti 2004-cü ildən başlayıb. Onun həmin ilin fevralından 2008-ci ilin martınadək bu postda çalışdığı dövr klubun tarixində ən yaxşı illərdən olub. “Neftçi” yeni prezidentinin debütündə - 2004-cü ildə həm çempionluğu, həm də ölkə kubokunu qazanmaqla, mövsümü “qızıl dubl”la başa vurub. Növbəti ildə yenidən çempion olan komanda ardıcıl 2-ci dəfə bu titula sahib çıxıb. Özü də həmin çempionluq Gəncədə “Xəzər Lənkəran”la keçirilən “Qızıl oyun”da 2:1 hesablı əzmkar qələbə ilə qazanılıb. “Neftçi”nin Rövnəq Abdullayevin prezidentliyi dövründə daxili bir yarışlarda daha bir mükafatı 2006/07 mövsümündə qazandığı çempionatın gümüş medalı olub.

Rövnəq Abdullayev “Neftçi”yə rəhbərlik etdiyi dövrdə görülən işlər beynəlxalq arenada da tezliklə bəhrəsini verib və böyük uğurlar qazanılıb. Bu, ilk növbədə Avropanın ən nüfuzlu klubu turniri Çempionlar Liqasında (ÇL) olub. Belə ki, komanda ardıcıl iki il bu turnirdə növbəti mərhələyə yüksəlib. “Neftçi”nin ilk dəfə ÇL-də mərhələ adlaması məhz Rövnəq Abdullayevin dövründə gerçəkləşməsi ilə tarixə düşüb. “Ağ-qaralar” 2005-ci ildə İslandiyanın “Hafnarfyordur” klubuna onun meydanında da qalib gəlib və 2:1 hesablı həmin nəticə Azərbaycan təmsilçilərinin Avropanın ən nüfuzlu klub turnirində ilk səfər qələbəsi olub.

“Neftçi”nin MDB və Baltikyanı ölkələrin çempionlarının "Birlik kuboku" turnirində qazandığı tarixi nəticələr də məhz Rövnəq Abdullayevin prezidentliyi dövründə olub. Ardıcıl iki il bu turnirdə uğurlu çıxış edən Bakı təmsilçisi finaladək irəliləyib və ən əsası, Ermənistanın “Pünik” klubuna qalib gəlməklə futbol tariximizdə vacib qələbəni qazanıb. 2005-ci ildə 1/4 finalda “Pünik” üzərində 2:0 hesablı qalibiyyət ən parlaq qələbələrimizdən olub. Həmin turnirdə yalnız finalda Moskvanın “Lokomotiv” klubuna 1:2 hesabı ilə uduzan “Neftçi” növbəti ildə tarix yazıb. Belə ki, bütün oyunlarını qələbə ilə başa vuran “ağ-qaralar” “Birlik kuboku”nun qalibi olmaqla, bu turniri qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb. "Pünik" həmin yarışın yarımfinalında rəqib olduğu “Neftçi”ylə oyuna çıxmaqdan imtina edərək, turniri tərk edib.

AFFA prezidenti olan dövrdə görülən böyük işlər

Azərbaycan klublarının “Birlik kuboku”nu qazandığı sonuncu turnir – 2011-ci ildə “İnter”in qalibiyyəti isə Rövnəq Abdullayevin artıq AFFA prezidenti olan dövrdə gerçəkləşib. O, 2008-ci ilin martın 14-də ilk, 2011-ci ilin martın 9-da ikinci dəfə assosiasiyanın başçısı seçilib. Rövnəq Abdullayev AFFA-ya rəhbərliyi etdiyi dövrdə də futbolumuzda böyük işlər görülüb və bir sıra uğurlar qazanılıb.

Arxada qalan 7 ildə inkişaf istiqamətləri AFFA-nın müəyyənləşdirdiyi 3 prioritet – kütləvilik, infrastruktur və təhsil üzrədir. Respublikanın bütün bölgələrində futbolun inkişafı, bu idman növü ilə məşğul olan uşaqlarda, yeniyetmələrdə, gənclərdə və daha böyük yaş qrupuna daxil olan şəxslərdə futbola maraq oyatmaq üçün müxtəlif tədbirlər, festivallar və turnirlər təşkil olunub.

İxtisaslı kadrların hazırlanması məqsədilə AFFA-nın təşkilatçılığı ilə müxtəlif məşqçi kursları keçirilib və bu, UEFA tərəfindən yüksək qiymətləndiirlib. 2011-ci il iyunun 27-dən etibarən AFFA-nın təşkilatçılığı ilə UEFA-nın ən yüksək məşqçi lisenziyasını əldə etməyə imkan verən Pro kateqoriyalı kurslar keçirilməyə başlayıb. UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, AFFA 2012-ci ildən UEFA-nın Məşqçilər Konvensiyasına qoşulub.

Rövnəq Abdullalyevin prezidentiliyi dövründə - 2009-cu ildə AFFA-nın Futbol Akademiyası istifadəyə veriib. AFFA-nın Futbol Mərkəzində milli komandalar üçün nəzərdə tutulan təlim-məşq bazasının tikintisi yekunlaşmaq üzrədir. UEFA-nın maliyyə dəstəyi ilə Mərdəkan qəsəbəsində tikilən bazanın bu il istifadəyə verilməsi planlaşdırılıb. AFFA-nın xətti ilə ölkə ərazisində çoxsaylı sintetik ötrüklü meydançalar, FİFA U-17 qadınlararası dünya çempionatı ərəfəsində isə 4 yeni stadion – “Dalğa Arena”, “Bakcell Arena”, “Bayıl Arena” və Binə stadionunu istifadəyə verilib. 2012-ci ilin sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda – Bakı və Lənkəran şəhərində keçirilən bu turnir ölkəmizdə təşkil olunan hələ ki ən böyük beynəlxalq futbol yarışıdır. FİFA və UEFA-nın AFFA-nın təşkilatçılığına verdiyi yüksək qiymət ona daha məsul yarışları keçirməyi həvalə etməkdə öz əksini tapıb. Belə ki, 2016-cı ildə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının final mərhələsi ölkəmizdə keçiriləcək.

Ən böyük nailiyyət isə 2020-ci ildə milli komandalar arasında Avropa çempionatının final mərhələsini keçirəcək 13 şəhər arasında Bakıya da yer verilməsidir ki, bu da Rövnəq Abdullayevin AFFA prezidenti olan dövrdə baş verib. Özü də UEFA paytaxtımızda 4 görüşün – qrup mərhələsinin 3 matçının və 1/4 final oyunun keçirilməsinə qərar verib. Ölkəmizə dəfələrlə səfər edən, bir sıra məkanların təməlqoyulma mərasimində iştirak edən FİFA və UEFA prezidentləri Yozef Blalterlə Mişel Platini AFFA-nın işini yüksək qiymətləndiriblər.

Rövnəq Abdullayevin AFFA-ya rəhbərliyi etdiyi dövrdə milli komandamız da ən yaxşı dövrünü keçirir. Bunu son 3 seçmə mərhələdə qazanılan nəticələr deməyə əsas verir . Bu, əvvəlcə 5 xalla rekordun təkrarı, daha sonra isə 7 və 9 xallarla yeni rekordlardır. Millimiz FİFA-nın reytinqində ən yüksək göstəricisinə 2004-cü ilin aprelində 85-ci pilləyə yüksəlməsi olub.

2005-ci ildən Milli Məclisin deputatı olan Rövnəq Abdullayev bu ilin aprelin 2-də Azərbaycan Respublika İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub.

Yubileyiniz mübarək, Rövnəq müəllim!

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30