19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mikayıl Nərimanoğlu 50 ili vərəqlədi: “Dağa qalxan vaxtlarım da olub, dağdan enən də”

Bu gün AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, “Əməkdar jurnalist” Mikayıl Nərimanoğlunun 50 yaşı tamam olur. Bu münasibətlə M.Nərimanoğlu Futbolxeber.az saytının suallarını cavablandırıb.

“İLK TƏNQİDİ YAZIMDAN SONRA BÖYÜK HAY-KÜY OLDU”

- Zəngilanda dünyaya göz açmısız və uşaqlıqdan jurnalistikaya marağınız olub. Bu maraq hardan idi?

- Yaradıcılıq elə bir sahədir ki, bu, insanın daxili aləmindən gəlir. Daxili aləm, istək və arzu vəhdət təşkil edəndə insan yaradıcı mühitə gəlir. Fərqi yoxdur jurnalist olsun, yazıçı olsun, rejissor olsun. Bütün hallarda hamısı yaradıcı mühitdir. Bəzən elə olur ki, insan daxili tələbatını düzgün qiymətləndirmir və başqa sahədə özünü sınayır.

- Jurnalistikanın konkret hansı sahəsinə maraq göstərirdiz?

- Mən rayonda təhsil almışam. Həmin dövrdə gənclər həyatından olan yazılar maraqlı idi. Ya da müharibə dövründən yazmaq. Biz müharibə illərini ancaq kino və kitablardan oxuyurduq. Bu, bədii təsvir idi. Müharibədə yaşananları canlı şahidlərin öz dilindən eşitmək isə tam fərqlidir.

- İlk iş yeriniz “Zavod həyatı” qəzeti olub. Niyə məhz “Zavod həyatı”?

- Əsgərlikdən qayıtdıqdan sonra işləyə-işləyə təhsil alırdım. Neftayırma zavodunun da çoxtirajlı qəzeti var idi. Elə oldu ki, mən də həmin qəzetə bir neçə yazılar verdim. İlk tənqidi yazım da elə öz işlədiyim qurumdan oldu. Zavodda təhlükəsizliklə bağlı quraşdırılmış qurğu işləmirdi. Mən də yazımda vurğulamışdım ki, işləmirsə nəyə görə quraşdırılıb?

- Bəs, buna görə “başınız ağrımadı?”

- Ağrımadı da sözdü?! (gülür) Böyük hay-küy oldu. Bu, ciddi məsələ idi. Qurğu rəisinə töhmət verildi. O zamanlar hər tənqidi yazıya cavab verilirdi. Zavoda yoxlama gəldi və aydın oldu ki, qurğu həqiqətən də işləmir. Sonra bir qədər peşman oldum. Çalışdığım kollektivin bir üzvünə mənə görə töhmət verildi. Sonradan isə düşündüm ki, yaxşı jurnalist olmaq istəyirəmsə, tənqidə hardansa başlamalıydım.

“İNSANLAR İRAN SƏRHƏDİNDƏN ZƏNGİLANA BAXIB, 24 SAAT AĞLAYIRDI”

- Müəyyən müddət həm də hərbi müxbir kimi çalışmısız.

- 1992-ci ildə könüllü olaraq cəbhə bölgəsinə yollandım. 868-ci hərbi hissədə, qərargahda olmuşam. İlyarımdan artıq ictimai-siyasi şöbədə fəaliyyət göstərdim. İşim əsasən yazı-pozu idi. Eləcə də düşmən mövqelərinin çəkilişini aparırdıq. Biz çəkdiyimiz fotoları çap edirdik və əməliyyatlar həmin fotoların üzərində qurulurdu. Zəngilanda bütün bölgəni çox yaxşı tanıyırdım. Həmin dövrdə ordu həyatı ilə bağlı yazılara ehtiyac çox idi. Çünki vətənpərvəlik mövzusunu qabartmaq lazım idi.

- Zəngilan işğal olunanda ordaydız?

- Bəli. Zəngilan işğal olunanda 10 gün Bakı ilə əlaqəmiz tam kəsildi. Sonuncu dəfə oktyabrın 26-da evlə danışdım. Cəbrayıl artıq işğal olunmuşdu. Zəngilanın Bakı ilə əlaqəsi Naxçıvan dəmiryolu telefonu vasitəsi ilə idi. 10 gün əlaqə saxlaya bilməməyimiz yaxınlarımın bərk narahatçılığına səbəb olmuşdu. 10 gündən sonra Bakıya gələ bildim.

- Həmin 10 gün necə keçdi?

- Çox çətin. Təsəvvür edin, torpağın işğal olunub və sən keçmisən başqa ölkənin ərazisinə. Belə vəziyyətdə insan necə ola bilər? Zəngilanda olanda həmişə İran tərəfə baxırdıq. Sərhəd bizə keçilməz qala kimi gəlirdi. Amma torpağımız işğal olunan zaman həmin “keçilmez qala”nı traktorlarla dağıtdılar. Başqa variant da yox idi. Hər tərəf mühasirədə idi. Havalar da pis idi, yağış yağırdı. 1 həftə yaş paltarda qaldıq. Bakıya gəldikdən sonra uzun müddət xəstə yatdm. Mən onda gördüm ki, insan çətinə düşəndə hər bir çətinliyə dözür. Yazılarımda xeyli müddət bunu qeyd etdim. Ailə var idi ki, ata-ana evdən çıxmağa hazırlaşanda oğullarının meyidini gətirmişdilər. Ata oğlunun cəsədini həyətində dəfn etdi. Döyüş bölgəsindən hər dəqiqə, hər saniyə bəd xəbər gəlirdi. İnsanlar İran sərhədindən Zəngilana baxıb, 24 saat ağlayırdı.

“DOĞMA OCAĞIN TÜSTÜSÜ, ÖZGƏ OCAĞININ İSTİSİNDƏN İSTİDİR”

- “Zəngilanın süqutu” kitabını mənəvi ehtiyac hesab etmək olar?

- Bu barədə silsilə yazılarım oldu. Qaçqınlarla bağlı xeyli yazı yazdım. Yaxşı yadımdadı, həmin yazılardan birinin başlığı belə idi: “Doğma ocağın tüstüsü, özgə ocağının istisindən istidir”. Qaçqın həyatı qədər dünyada acınacaqlı ikinci həyat yoxdu. İnsan doğma torpağına gedəndə mənəvi güc alır. Qaçqınlarda isə bu yoxdur.

- Yəqin ki, Zəngilana qayıdacağınız günü səbirsizliklə gözləyirsiz.

- Əlbəttə. Ümidsiz yaşamaq olmaz.

- AFFA-ya gələnə qədər mətbuatda son iş yeriniz “İki sahil” qəzeti olub.

- 1986-cı ildə respublika mətbuatinda yazılarım mütəmadi olaraq gedirdi. “Bakı” qəzetində bir yazım çıxmışdı: Azərbaycan avtomobili niyə yoxdu? Əvvəl var idi, amma sonradan dayandırılmışdı. Bu yazım da kifayət qədər maraqla qarşılanmışdı. 90-cı illərdə “İki sahil” fəaliyyətə başladı. Bu qəzet zavod həyatının bazasında yarandı.

 “HEYDƏR ƏLİYEV QƏDƏR MƏTBUATA DİQQƏT AYIRAN LİDER GÖRMƏMİŞƏM”

- “İki sahil”də xeyli müddət çalışdız.

- Bəli, qəzet yaranandan 2005-ci ilə kimi orda fəaliyyət göstərdim. Həmin illər çox maraqlı keçdi. 10 il dövlət başçıları ilə - əvvəl ulu öndər Heydər Əliyevlə, daha sonra isə İlham Əliyevlə səfərlərdə olmuşam. 1999-cu ildə Atatürkün məzarını birgə ziyarət etmişik. Həmin səfərdə ulu öndərlə yanaşı, İlham Əliyev də var idi. Bundan başqa, 2 dəfə Ermənistanın ovaxtki prezidenti Koçaryanla dövlət başçımızın görüşlərində iştirak etmişəm - 1999 və 2002-ci illərdə. Həmin dövrdə müdafiə naziri olan Serj Sarkisyandan müsahibə almışam. Elə olub ki, günün birinci yarısı dövlət başçısının tədbirində iştirak etmişik, günün ikinci yarısı isə hansısa həbsxanada əfv fərmanının icrasına getmişik. Adam düşünəndə qəribə hisslər keçirirdi: əvvəl ölkənin birinci şəxsinin yanında idin, indi həbsxanada. Görün, arada nə dərəcədə fərq var.

- Özümdən yaşlı həmkarlarımdan eşitmişəm ki, Heydər Əliyev daim mətbuata xüsusi diqqət ayırıb.

- Mən hələ mətbuata bu qədər diqqət ayıran lider görməmişəm. Bütün rəsmi tədbirlərdən sonra ulu öndər özü mətbuat işçilərinə yaxınlaşırdı. Naxçıvan səfərimizi yaxşı xatırlayıram. Heydər Əliyev bizə dedi ki, “mən dövlət başçısından əvvəl naxçıvanlıyam. Sizi öz evimə qonaq dəvət edirəm”. Həqiqətən də bizə qarşı çox diqqətcil idi, hörmət bəsləyirdi. Hamı ilə yanaşı, mətbuatdan da məlumat alırdı. Deyirdi ki, “siz insanların içindəsiz. Sizin fikriniz də mənə maraqlıdı”. Hər dəfə siyasi liderlərlə görüşlərdən sonra bizimlə görüşü zamanı əvvəl jurnalist kimi, sonra isə səmimi şəkildə söhbət edirdik. Növbəti görüşlərimizin biri Nardaran hadisələri zamanı baş tutmuşdu. Mən cənab prezidentə sual verdim ki, “Nardaran hadisələri ilə bağlı hüquq mühafizə orqanlarının mövqeyi artıq məlumdu. Dövlət başçısı olaraq siz necə düşünürsüz: bu işdə xarici kəşfiyyatın əli varmi ?

- Prezidentin cavabı necə oldu?

- Dedi ki, var. Istinsa etmirəm. Ümumiyyətlə, bu barədə çox geniş danışdı. Səfərlərə də prezidentlə bir təyyarədə uçurduq. O, təyyarədə belə bizə yaxınlaşıb, görüşürdü. Heydər Əliyev əsl lider idi.

“AFFA-YA GƏLİŞİM MÜVƏQQƏTİ İDİ, KÖMƏK EDİB “İKİ SAHİL”Ə QAYITMALIYDIM“

- Düşünmürsüz ki, AFFA-ya gəlməyib, siyasi mətbuatda qalsaydız, daha çox irəli getmək şansınız olardı.

- 1997-ci ildən başlayaraq müxtəlif dövlət qurumlardan, nazirliklərdən təkliflər almışam. Amma mənə jurnalistika çox maraqlıdı, bu sahədə qalmaq istəyirdim.

- Bəs, Ramiz Mirzəyevin dəvətini qəbul edib, AFFA-ya gəlişiniz necə oldu?

- Məni həqiqətən də rəhmətlik Ramiz Mirzəyev dəvət edib AFFA-ya. Onunla sırf peşəkar münasibətimiz var idi. Bir dəfə söhbət edəndə özü dedi ki, nə qohumuq, nə yerliyik, nə tanış, sadəcə səni peşəkarlığına görə bura dəvət etmişəm. 3 nəfərin müxtəlif səpkili yazısını istəmişdi, imzasız. Demişdi ki, baxım, özüm seçəcəm. Mənim yazılarımı bəyinmişdi.

- Demək olar ki, jurnalist kimi idman sahəsində fəaliyyət göstərməmisiz. Belə olan halda, futbol qurumunda mətbuat xidməti vəzifəsində çalışmaq çətin deyildi?

- Mən bura müvəqqəti gəlmişdim. Danışığımız belə idi ki, bir müddət kömək etdikdən sonra qayıdacağam öz işimə. Burada mətbuat sahəsində problemlər çox idi. İlk gündən səylə çalışmağa başladım. Amma geri qayıtmadım. Gördüyünüz kimi, artıq illərdi AFFA-dayam.

- Mətbuatda sizə, AFFA-ya qarşı qərəzli yazılar görəndə hansı addımlar atırsız?

- Son 10 ildə AFFA tərəfindən qərəzli, subyektiv yazılara qarşı heç bir addım atılmayıb. Elə olub ki, hansısa yazı qıcıq doğurub. Hətta Berti Foqts müəyyən jurnalistləri məhkəmə ilə hədələyirdi. Amma biz məsələnin o səviyyəyə qalxmasına imkan vermirdik. Tənqid olmalıdır. Nəticə yoxdusa, niyə tənqid olmasın? Deməli hansısa iş düzgün getmir ki, nəticə də yoxdu da. Biz heç kimdən aciz deyilik. Necə olur, başqaları futbol oynaya bilir, biz yox? Söhbət obyektiv tənqiddən gedirsə, biz daim buna açıqığ. Amma elə olur ki, yazıya baxan kimi qərəzli olduğu bilinir. Adicə son nümunələrdən birini deyim. Bir müddət əvvəl mətbuatda xəbərlər çıxdı ki, “Şaxtyor” Azərbaycan millisinə qarşı əvəzedici heyətlə oynayacaq. Axırı nə oldu? Komandalar meydana çıxanda görəsən, həmin xəbəri yazanlar nə hisslər keçirdilər?

- Dəfələrlə Berti Foqtsa görə siz çətin vəziyətdə qalmısız. Onunla bu haqda fərdi söhbətləriniz olurdu?

- Təzə gəldiyimiz vaxtı baxışlarımız fərqli idi. Onun iradlarını da başa düşürdüm. Çünki Foqts peşəkar mühitdən gəlmişdi. Arada ziddiyət yaranırdı. Dəfələrlə söhbətimiz olurdu. Ona izah edirdim ki, bizim media məğlubiyyəti həzm edə bilmir. Fərqi yoxdur rəqibimiz İspaniyadı, ya Qırğızıstan. Foqts isə deyirdi ki, sizinkilər baxırlar Çempionlar Liqasının, İtaliya, İngiltərə, İspaniya çempionatlarının oyunlarına və istəyirlər ki, biz də elə oynayaq. Axı, bu mümkün deyil.

“AD GÜNÜ BİR HESABATDI”

- 50 il heç də az müddət deyil, əsrin yarısıdı. Geriyə boylananda bu 50 ildə nə görürsüz?

- Ad günü bir hesabatdı. İnsan özü-özünə hesabat verir. 50 ildə ağrılı-acılı günlərimiz çox olub. Insan həyatı elədir ki, bir gün dağa qalxırsan, bir gün dağdan enirsən. Qalxanda sevinirsən, enəndə kədələnirsən. İnsan var dağdan enəndə bərkiyir, insan var acizləşir. Dağa qalxan vaxtlarım da olub, dağdan enən də. Qalxanda qürrələnməmişəm, enəndə acizləşməmişəm.

- 50 yaşdan sonrakı arzularınız hansılardı?

- Bu həyatda arzusuz insan yoxdur. Ən böyük arzum Azərbaycanın bütövlüyüdür. Dəfələrlə yuxuda Zənginaldakı evimizi görürəm. Evimizin yanında dərmiyolu var idi. Görürəm ki, qatar keçir ordan. Evimizə baxıram, amma nə qədər çalışsam da, şəklini çəkə bilmirəm. Qəribədi, yuxuda nə qədər çalışsam da, alınmır, evin şəklini çəkmək mümkün olmur. Qaçqınlıq ömrü çox ağırdı. İnsan fikirləşir ki, torpaqdan müqqəddəs heç nə yoxdu bu həyatda. Çünki insanın axırı torpaqdı. Həyat bir pəncərədi baxıb, gedirik. İnsan nə qədər yaşayacaq? 70-80 il. Həyat, torpaq isə əbədi qalır. Doğma torpaqlarımıza qayıdacağım günü səbirsizliklə gözləyirəm.

- Futbolla bağlı ən böyük arzunuz hansıdır?

- Arzum yalnız millinin uğur qazanmasıdır. Hamımız futbol üçün çalışırıq. Bütün işlərin sonu milli komandada bitir. Hamı çalışır ki, əsas milli nəticə qazansın. Mən də inanıram ki, bundan sonra millimiz bizləri daha çox sevindirəcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30