26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Yaşar Vahabzadə: “Bu gün U-21-də sırf hücumçu yoxdur”

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə “Qəbələ İK” qəzetinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Seçmə mərhələyə hazırlıq barədə nə deyə bilərsiniz?

- Seçmə mərhələdə üz-üzə gələcəyimiz rədiblər haqqında məlumat toplayırıq. Antalyadakı hazırlıq prosesində 2 yoxlama oyunu keçirdik. Yığma oyunçularının nəyə qadir olduğunu əyani şəkildə gördük. Növbəti təlim-məşq toplanışımız martın son 10 günlüyündə olacaq. Onda da xaricdə hazırlıq keçəcək və 2 yoxlama matçında qüvvəmizi sınayacağıq.

- Antalya hazırlığına “Qəbələ”dən yalnız Tellur Mütəllimovu dəvət etmisiniz...

- Bundan öncə 2 ölkədə - Almaniya və Maltada təlim-məşq toplanışı keçərkən “Qəbələ”nin bir neçə futbolçusu bizimlə olmuşdu. Bu dəfə siyahıya Tellurla yanaşı Elvin Camalovun da adını salmışdıq. Lakin Elvin əsas milliyə çağırıldı.

- Elvinin əsas yığmaya çağırılacağını gözləyirdiniz?

- Açığı, bu dəvət mənim üçün gözlənilməz oldu. Əgər futbolçu klubunda əsas heyətdə oynayırsa və millinin baş məşqçisi belə məsləhət bilirsə, lap yaxşı. Ancaq Elvinə seçmə mərhələdə U-21-nin futbolçusu kimi bel bağlayırıq.

- Onun milli komandada möhkəmlənmək perspektivini necə baxırsınız?

- Bu dəvət Elvinə klubunda daim oynamasının əvəzində bir avansdır. Gənc futbolçudur və daha da motivasiyalı, həvəsli olması üçün milliyə dəvət ediblər. Ancaq fikrimcə, Camalov əsas milliyədək U-21-in heyətində möhkəmlənməlidir. Çünki onun mövqeyində güclü rəqabət var. “Simurq”dan Vadim Abdullayevlə Vüqar Mustafayev, “İnter”dən Coşqun Diniyevlə Fuad Bayramov dayaq yarımmüdafiəçisi kimi yaxşı oynayırlar. Elvin Premyer Liqada mütəmadi oynayan bu futbolçularla rəqabət apararaq əsas heyətə düşəcək. Elvin dayaq yarımmüdafiəçisi mövqeyində oynayır və işgüzarlığı ilə seçilir. Ancaq şəxsən mən onu başqa mövqedə görürəm.

- Hansı mövqedə?

- Cinahda, hücumameylli futbolçu kimi. Çünki Elvində bu mövqe oyunçusuna xas xüsusiyyətlər var. O, cəld və sürətlidir. Camalov cinahda rəqiblə üzbəüz qalanda sürəti hesabına onu keçə bilər. Dayaq yarımmüdafiəçisinə isə başqa keyfiyyətlər - hücuma başlamaq, isə başqa keyfiyyətlər - hücuma başlamaq, onun istiqamətini dəyişmək, müəyyən futbolçuları sığortalamaq və s. lazımdır. Elvinlə çox söhbətim olub. Bilirəm ki, klubunda olduğu kimi dayaq yarımmüdafiəçisi mövqeyində oynamaq istəyir. Ancaq ona özünü cinahda yoxlamağı tövsiyə etmişəm.

- “Qəbələ”dən U-21-ə başqa namizədlər varmı?

- Var. Onlar həmişə siyahımızdadır. Tellur Antalyadakı yoxlama matçlarında diqqətimizi cəlb etdi. Oyunu ilə göstərdi ki, U-21-ə çağırılmağa layiqdir.

- Mütəllimovun hansı keyfiyyətləri sizi cəlb etdi?

- O, sürəti, yaxşı driblinqi və kreativliyi ilə diqqət çəkir. Üstəlik, o, hücumameylli futbolçudur. Telluru bu cəhətlərinə görə milliyə cəlb etmişik. Mütəllimov meydanda oyun nizam-intimazına riayət etmək, baş məşqçinin tapşırıqlarını yerinə yetirmək üçün çox çalışır.

- Bəs onu yığmada hansı mövqedə görürsünüz?

- Futbolçunun bir neçə mövqedə oynaması onun üstünlüyüdür. Bu, Mütəllimova da aiddir. Tellur izlədiyim matçlarda sol cinahda daha effektli görünür. Ancaq ola bilər Mütəllimovu hücumda da oynadaq. Çünki Azərbaycanda hücumçularla bağlı ciddi problem mövcuddur. Açıq deyirəm, bu gün U-21-də sırf hücumçu yoxdur. Yəni əslində, var, sadəcə, biz istəyən səviyyədə deyillər.

- Yeri gəlmişkən, əvəzedicilərimizdə bu mövqe oyunçularının - Ramil Həsənov, Ehtiram Şahverdiyev və Muxtar Əliyevin yığmaya düşmək şansı necədir?

- Hamının hər zaman yığmaya düşmək şansı var. “Qəbələ”yə “Tavriya”dan gəlmiş Ramil Həsənov haqqında məlumatlıyam. Bu il “Simurq”a qarşı oyununu izlədim. Onun ucaboylu olması böyük üstünlükdür. Ancaq Zaqataladakı matçda bundan istifadə edə bilmədi. Ola bilər, futbolçunun bir görüşdə oyunu alınmasın, digərində isə özünü göstərsin. Ona görə də Ramili yenə izləyəcəyik. Çalışırıq ki, perspektivli futbolçu diqqətdən kənarda qalmasın.

- Yəqin ki, U-19-un sabiq kapitanı Sadiq Quliyevin əsas komandamızda heyətə düşməməsi onu yığmadan kənarda qoyub.

- Təkcə Sadiq deyil, 21 yaşlıların əksəriyyəti öz klublarında az oynayır. Quliyevi son toplanışlarda sınadıq. O, hazırlıq səviyyəsini bir az da artırmalıdır. Sadiqi hesabdan silməmişik, adı namizədlər siyahısındadır. Ola bilər gələn toplanışa çağırdıq. “Zirə”yə icarəyə verilən Murad Musayevi də diqqətdə saxlayırıq. Bilirsiniz, Antalyaya hazırkı heyəti aparıramsa, bu, o demək deyil ki, seçmə mərhələdə də məhz onlar oynayacaq. Heyətdə dəyişikliklər hər zaman ola bilər.

- Daha aşağı yaşlılardan ibarət yığmalarda da təmsilçilərimiz çoxdur. U-19-da oynayan “Qəbələ” futbolçularını da milliyə cəlb etmək fikriniz var?

- Əlbəttə. Emin Zamanovla U-19-un kapitanı Bəhlul Mustafazadə diqqətimi çəkib.

Mehman Suleymanov




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30