19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tuyqun Nadirov: “Tribunada əyləşən azarkeşə cavab qaytarmaq futbolçuya başucalığı gətirməz”

Klublar Komitəsinin rəhbəri, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Futbolxeber.az saytına müsahibə verib.

- Klublar Komitəsinin üçüncü iclası baş tutdu. Toplantıda hansı məsələlər müzakirə olundu?

- İclasda bir sıra məsələlərlə bağlı müzakirə apardıq. Komitənin əsasnaməsinə bəzi dəyişikliklərin edilməsi qərarına gəldik. Yayımla bağlı məsələləri də müzakirə etdik. İclasda AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edirdi. Bəzi məsələlərlə bağlı o da məlumatlandırıldı. Oyunçuların Statusu və Transfer Komitəsinin rəhbərliyi toplantıya qatılmışdı. Onlar da öz tövsiyələrini verdilər.

- İclasın gündəliyində hansı məsələlər dururdu?

- Daim iclasın gündəliyinə klublar üçün aktual hesab edilən məsələləri daxil edirik. Elə məsələ var ki, onların icrasına yeni mövsümdən şamil ediləcək. Amma lisenziyanın vaxtı mart ayında başa çatacaq. Buna görə də klublarla lisenziyalaşdırma qrupunun rəhbərinin birbaşa ünsiyyətdə olması, fikirlərini, iradlarını çatdırması müsbət məqamdır. Növbəti iclasların birində PFL prezidenti Ramin Musayevi dəvət edəcəyik. Elə məsələlər var ki, onunla bağlı Musayevin məsləhətlərinə ehtiyac duyuruq.

- Keçən iclasdan sonra bildirdiz ki, növbəti toplantıda Topaz-ın nümayəndələri də iştirak edəcək. Amma budəfəki iclasda onları görə bilmədik...

- Budəfəki iclasda AFFA-nın baş katibi, eləcə də komitə rəhbərləri iştirak etdilər. Topaz-ın rəhbərliyi də gəlsəydi, hansısa məsələni müzakirə etməyə vaxt qalmayacaqdı. Topaz və canlı yayımla bağlı məsələlər onsuz da növbəti mövsümdən tətbiq ediləcək. Ancaq AFFA-nın İcraiyyə Komitəsinin iclasına qədər aktual məsələlər var ki. onlarla bağlı qərar qəbul edib, təqdim etməliyik.

- Deməli, İcraiyyə Komitəsinin növbəti iclasına qədər Klublar Komitəsinin daha bir görüşü olacaq?

- Bəli, martın 6-na kimi daha bir iclasımız keçiriləcək. Bəzi məslələr var ki, onlarla bağlı qərarlar verilməlidir. Nizamnamədəki dəyişikliklər də bura aiddir. Həm də klublar öz baş məşqçiləri ilə bir neçə məsələni müzakirə edib iclasın gündəliyinə çıxaracaq. Həmin vaxt səsvermə yolu ilə qərarlar qəbul ediləcək.

- İclasda 21 yaşadək futbolçuların maaşlarına limit tətbiq olunması ilə bağlı hansısa fikir mübadiləsi aparıldı?

- Söhbət 21 yox, 23 yaşadək futbolçuların maaşından gedir. Bu da müzakirə ediləcək. Bizim kiminsə pulunu aşağı salıb və ya artırmaq fikrimiz yoxdur. Sadəcə, bəzi futbolçular var ki, layiq olmadıqları məbləği alırlar. Əsas məqsədimiz birləşib, yerli gənc futbolçuların xarici klublara yollanmasına təkan verməkdi.

- Bəlkə onları da Kamran Ağayev kimi “küsdürək”?

- Küsdürməkdən söhbət getmir. Söhbət 23 yaşadək futbolçudan gedir. Klub yetişdirdiyi futbolçudan necə yararlanır? Ya heyətinə cəlb etməli, ya da satıb pul qazanmalıdır. Bundan başqa yol yoxdu. Bu gün əvəzedici komandalarda elə perspektivli gənclər var ki, oynamağa yer tapmır. Klublarda ya köhnə legionerlər onların yerini tutub, ya da digər səbəblər irəlio getmələrinin qarşısını kəsir.

- Amma gənclərlə də nəticə qazanmaq çətindir. Götürək, elə “Xəzər Lənkəran”ı...

- Biz yayda güclü legionerləri transfer etdik. Amma qış fasiləsinə 5-ci pillədə yollandıq. Həmin komanda “Simurq”a 1:3 hesabı ilə uduzdu. Lakin gənclərin yer aldığı komandamız Premyer Liqanın 19-cu turunda “Simurq”a 0:2 hesabı ilə uduzdu. Üstəlik, komandanın sərgilədiyi oyunu gördünüz. Deməli, biz düzgün yoldayıq. 2-3 aydan sonra həmin gənclər sözlərini deyəcəklər. Belə olan halda nəticə də olacaq. Həm də bizim heyətimizdə Tomiç, Sanko, Tounkara kimi legionerlərimiz var. Onların yanında oynayan gənclər də özləri üçün müəyyən şeylər öyrənəcəklər. Üstəlik, sabah baş məşqçi hansısa mövqeyə legioner istəsə, transfer edəcəyik.

- Adrian Skarlatakenin aqibəti necə olacaq?

- Hazırda o, zədəli olduğuna görə əsas heyətə qatıla bilmir. Amma komandanın üzvüdür.

- Məşqçilər Komitəsinin üzvləri klub rəhbərləri ilə görüşərkən gənc futbolçuların daha çox oynamasının yollarını axtardıqlarını bildiriblər. Bununla bağlı hansısa məsələ müzakirə olundu?

- Klublardan biri belə bir təklif irəli sürdü ki, oyun zamanı hər bir klubun “18-liy”inə özünün 2 yetirməsinin adı daxil edilsin. Əsas heyətə məcbur edə bilmərik, çünki “11-liy”i baş məşqçi qurur. Amma “18-liy”ə daxil etməklə oynamalarına şərait yaratmaq mümkündür.

- “Xəzər Lənkəran” və “Bakı” bu gün gənclərə şans verir. Razısız ki, bu daha çox maliyyə problemlərindən irəli gəlir?

- Sabah bu heyətlə avrokuboklarda layiqincə təmsil olunacağıq, ya yox? Sual budur. Qərar verilə bilər ki, bütün klublar öz yetirmələri ilə oynasın. Amma avrokuboklarda bu halda nəticə qazana bilməyəcəyik. Səviyyəni qorumalıyıq. “Xəzər Lənkəran” çempionatda bu heyətlə oynayır. Sabah Avropaya çıxdıqda komanda 3-4 legionerlə güclənib, yoluna davam edəcək. Ancaq limiti ləğv etsək, səviyyəsiz legionerlərin axını başlayacaq və bu da inkişafa kömək etməyəcək. Rusiya, Türkiyə klubları avrokuboklarda nə vaxt uğur qazandılar? Öz yetirmələri Avropada parlamağa başlayanda. Legionerlə bunu etmək mümkün deyil. Çünki legioneri burda pul maraqlandırır. Amma yerli futbolçu üçün səbəblər çoxdu. Legionerlərdən də üz döndərmək olmaz. Gənclər onlardan öyrənirlər.

- “Bakı”nın durumu ilə bağlı iclasda hansısa müzakirələr oldu?

- Klublar Komitəsinin “Bakı”ya xeyri bu oldu ki, biz ötən iclasımızda qərar qəbul edik ki, heç kim onların futbolçularına toxunmasın. “Bakı”nın fəaliyyətdə olmasında bunun da rolu var. Klub müvəqqəti çətinliklə üzləşib. Klublar da bacardıqları qədər yardım etməlidirlər. Çünki komandada parıldaya biləcək futbolçular var. Gələcəkdə onların satışından pul qazanmaq mümkündür.

- Müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olan Qalin İvanov artıq “Samsunspor”la müqavilə imzalayıb. Buna münasibətiniz necədir?

- Onun  və Blajevskinin “Xəzər Lənkəran”la müqaviləsi var. Onlar klubun düşərgəsini özbaşına tərk ediblər. Onlar hər hansı problem olmaya-olmaya klubdan ayrılıblar, intizamsızlıq ediblər. Əgər “Xəzər Lənkəran”ın günahı olsaydı, bunu etiraf edərdim. Lakin onlar vaxtı-vaxtında maaşlarını alıblar. Hansısa futbolçu pulunun vaxtında verilmədiyini deyə bilməz. Skarlatake də müsahibə vermişdi ki, 2 aylıq maaşımı vermirlər. Biz onu dekabrda transferə çıxardıq. Avtomatik olaraq odənişlər də dayandırılır. Biz onun transfer hüququnu almaq üçün 150 min avro ödəmişik. Bəs biz bu pulu onu satarkən geri qaytarmalı deyilik? Üstəlik, ay tamam olmamış maaş verirlər? Sonra o da etiraf etdi ki, anlaşılmazlıq olub.

- Elnur Abdullayev “Simurq”un heyətində “Xəzər Lənkəran”a qol vurduqdan sonra sanki sizə açıq verircəsinə sevindi. Buna sizin reaksiyanız necə oldu?

- Elnurun qol vurduqdan sonra süni otu öpməsi... O, pis futbolçu deyil. Təki hər oyunda fərqlənsin. Amma çətin ki Elnur bir də qol vura. Daha əvvəl Nildo da “Xəzər Lənkəran”a vurduğu qolu canfəşanlıqla qeyd etmişdi. Lakin biz onun addımını anlayışla qarşıladıq. Çünki həmin qola kimi Nildo 6 ay idi fərqlənmirdi.

- Son zaman Premyer Liqada futbolçuların azarkeşlərlə oyun gedə-gedə, ya da qarşılaşmadan sonra mübahisə etməsi sanki dəb halını alıb. Görünən odur ki, AFFA İntizam Komitəsi bu məsələyə müdaxilə etmək, hansısa tərəfi cəzalandırmaq fikrində deyil. Klublar Komitəsi necə, bununla bağlı hər hansı bir addım ata bilərmi?

- Tribunada əyləşən azarkeşə cavab qaytarmaq futbolçuya başucalığı gətirməzş Çünki futbolçu meydançaya ilk növbədə azarkeş üçün çıxır. Tribunada futbolçuya qarşı təhqiredici pankart açılsa belə, o buna reaksiya verməməlidir. Təsəvvür edin ki, teatrda oturub tamaşaya baxırsınız. Tamaşaçılardan biri replika atır, aktyor isə cavab olaraq ayaqqabısını çıxarıb ona atır. Bunu necə başa düşək? Futbolçunun peşəkarlığından çox şey asılıdır. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30