24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Cavid İmamverdiyev: “Mən yoxam deyə, “Neftçi” zəif çıxış etməyəcək”

“Elazığspor”da çıxış edən Cavid İmamverdiyev “Neftçi”yə qarşı baş tutan yoxlama oyunundan sonra Futbolxeber.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- Yoxlama oyununda doğma klubun “Neftçi” üzərində 1:0 hesablı qələbə qazandınız. Qarşılaşma barədə nə deyə bilərsən?

- İlk öncə onu deyim ki, bu gün ölkəmizdə 20 yanvar faciəsinin ildönümüdür. Müstəqillik yolunda canlarından keçən şəhidlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı verirəm. 20 yanvar Hüzn günü olmaqla yanaşı, həm də qəhrəmanlıq salnaməmizdir. Oyundan əvvəl 1 dəqiqəlik sükut elan edildi, meydana qara sarğıda çıxdıq. Şəhidlərimiz heç vaxt unudulmayacaq. Qarşılaşmaya gəldikdə, doğma komandamla üz-üzə gəldik. Maraqlı qarşılaşma alındı. 

- Doğma klubuna qarşı oynamaq çətin olmadı?

- Çətin idi. Bunun necə hiss olduğunu sözlə ifadə etməkdə çətinlik çəkirəm. Həm sevinirəm ki, doğma klubumun üzvləri ilə görüşmək, söhbət etmək imkanı qazandım. Digər tərəfdən də üzülürəm ki, məni yetişdirən kluba qarşı oynayıram.

- Yəqin ki, bu, karyeranda ilkdir?

- Yox, daha əvvəl “Karvan”da çıxış edərkən də “Neftçi”yə qarşı oynamışam.

- Matçın gedişində Emin Mehdiyev bir neçə epizodda sənə qarşı kobud oynadı. Bu məqam səni məyus etmədi?

- “Neftçi”də oynayanların hamısı qardaşlarım, dostlarımdır. Eminin oyun tərzinə bələdəm. Onun o cür oynadığını ilk dəfə görmürəm. Kimsə rəqibinə qarşı qəsdən kobud oynamır. Bu, futboldur. Meydanda rəqib, kənarda isə dostuq.

- “Neftçi”nin oyunu barədə nə deyə bilərsən?

- “Neftçi” çox yaxşı təsir bağışladı. Komanda güclənib. Rauf Əliyevin transferi, Nikolas Kanalesin yenidən komandaya qayıtması “Neftçi”nin iddiasını göstərir.

- Bir müddət əvvəl sənin də “Neftçi”yə qayıdacağın deyilirdi...

- “Neftçi”yə qayıtmaq istəsəm də, alınmadı, “Elazığspor”un məşqçiləri buraxmadılar. Onlar komandada qalmağımı istədilər. Komandada kifayət qədər futbolçu var. Mən yoxam deyə, “Neftçi” zəif çıxış etməyəcək.

- Yayda “Neftçi”yə qayıdacağıvı gözləmək olar?

- Müqaviləm yayda başa çatacaq. Həmin vaxt necə olacağını indidən demək çətindir.

- “Elazığspor”da vəziyyətin necədir?

- Hər şey əladır. Futbolçular üçün hər cür şərait yaradılıb. Elə bir narazılığım yoxdur.

- Türkiyənin əksər I liqada klublarında maliyyə problemi var. Bu baxımdan “Elazığspor”da vəziyyət necədir?

- Burda da müəyyən problemlər var. PTT liqasının əksər iştirakçıları bu problemdən yan qaça bilmir.

- Millinin baş məşqçisi və köməkçiləri Antalyada klublarımızın oyunlarını, məşq proseslərini izləyirlər. Onlardan hansısa səninlə əlaqə saxlayıb?

- Heç kim mənimlə əlaqə saxlamayıb. Təbii ki, mən də millidə oynamaq istəyirəm. Bu, hər bir futbolçunun arzusudur. Hətta beşinci liqada çıxış edən futbolçudan da soruşsan, o da əsas millidə oynamaq istədiyini deyəcək. Dəvət gözləyirəm. Belə baxanda, legioner həyatı yaşayıram, klubumun məşqçilər korpusu məndən narazı deyil. Ən azı yoxlamaq üçün dəvət edəcəklərini düşünürəm.

- Vaqif Cavadov Türkiyəli məşqçilərin azərbaycanlı futbolçulara yuxarıdan aşağı baxdığını, çox şans vermədiyini deyib. Bu halla sən də rastlaşmısan?

- Belə münasibət hiss etməmişəm. Ümit Özat o xarakterə sahib deyil. O, bütün futbolçulara eyni gözlə baxır. Əksinə, onun xoş münasibəti və dəstəyi sayəsində komandaya uyğunlaşmaq baxımından problem yaşamadım. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30