23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Fuad Əsədov: “75 ildə neçə ay, gün, saat, dəqiqə varsa, hamısı mənim üçün əzizdir”

Həmsöhbətim ömrünün yarısından çoxunu yol təsərrüfatı sahəsində keçirib, minlərlə kilometr yol çəkib, onlarla körpü salıb. Sıravi mühəndislikdən avtomobil yolları nazirinin birinci müavini vəzifəsinə kimi yüksəlib. Bir ilə yaxın isə nazir vəzifəsini icra edib. Təqaüdə çıxdıqdan sonra isə futbol sahəsində çalışmağa başlayıb. Xeyli vaxt AFFA-da rəhbər vəzifələrdə çalışan Fuad Əsədov 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni il axşamı növbəti yubileyini qeyd edəcək. Fuad müəllimlə yubileyi ərəfəsində görüşüb ömrünün geridə qalan anlarına nəzər yetirdik. Ona görə də onun uşaqlıq  həyatını əks etdirən məşhur "Ögey ana" filmi barədə də danışmalı olduq.

"Ata qayğısı, ana nəvazişi görməmişəm"

- Fuad müəllim, sizi yubileyiniz münasibətilə təbrik edirik.  

- Çox sağ olun, minnətdaram.

- Əvvəlcə ömrünüzün ilk anlarına diqqət yetirmək istərdik.

- 1939-cu ilin dekabrın 31-də Tovuzda dünyaya göz açmışam. Orada boya-başa çatmışam, orta məktəbə getmişəm. O vaxt “26 Bakı Komissarı” adlanan rus məktəbini qurtarmışam. (İndiki Nəsrəddin Tusi adına məktəb – M.N). Müharibə vaxtı dünyaya gəldiyimdən çox çətinliklər görmüşük. Uşaqlıq illərim Tovuzda keçib. 2 yaşımdan məni nənəmlə babam böyüdüb.

- Nənə- baba diqqəti  ata qayğısını və ana nəvazişini əvəz edə bilibmi?

- Mən ata-ana qayğısını və nəvazişi görməmişəm. Ona görə də onun necə olduğunu bilmirəm. Babamdan və nənəmdən isə tam razı qalmışam.

- Bəs ögey ana nəvazişini necə olub ?

- Çox yaxşı, bunu həqiqi mənada deyirəm. Nəcibə xanımdan ömrü boyu razı qalmışam.  O,  mənə çox yaxşı münasibət bəsləyib.

- Bəs onda "Ögey ana" filmi necə yarandı ?

- Ailəmizin real həyatından. Mənim nənəm Xanım  xan qızı olub.   Gəncə Mahalından  Kəbleyi İsgəndərxan Muradovun qızı idi. Əsilləri Ağsatafanın Dağ Kəsəmən kəndindədir. Çox mərd qadın olub. Atam Nəcibə xanımla evlənəndən sonra nənəmın onunla arası olmayıb. O, həmişə mənim öz anamı istəyib, onu qəbul edib. Bunu da atamın dost-tanışı bilirdi. Adil İsgəndərov atamın yaxın dostu idi. Tez-tez bizə gəlib-gedib. Bir gün nənəmlə analığım arasındakı münasibəti müşahidə edib və nənəmə deyib ki, gərək bu haqda bir film çəkim. Düzdür, çəkməyinə özü çəkmədi. Həmin vaxt Kinostudiyanın direktoru idi. Ancaq ssenaridə olan hadisələr hamısı bizim həyatdan götürülüb.

- Sizin ögey bacınız olub, yoxsa qardaşınız?

 - Əslində Nəcibə Məlikovanın əvvəlki həyat yoldaşından Sahib adlı oğlu olub. 7 il öncə rəhmətə gedib. Filmdə isə bacımın olduğu göstərilib. Atam isə  həqiqətən də yol mühəndisi olub. Hətta filmdə İsmayıldan soruşurlar “böyüyəndə kim olacaqsan” -  fəxrlə deyir ki, “atam kimi yol mühəndisi olacağam”. Filmdə qabarıq olaraq gəlinlə qaynana münasibətini göstərirlər. Nəcibə xanım həyatda ögey anam olmaqla yanaşı, filmdə də ögey ana rolunu oynayıb.

- Bəs sizi niyə filmə çəkilməyə dəvət etmədilər?

- Film çəkiləndə 18-19 yaşım vardı. Rejissora azyaşlı uşaq lazım idi.

- Film sizin həyatınızı tam əks etdirə bilibmi?

- Çəkiliş zamanı Nəcibə xanım ssenaridə çox dəyişikliklər edib. Özü işin içində olduğu üçün hər detalı ətraflı danışıb və filmdə yaradıb. Hər şey real həyat əsasında çəkildiyi üçün film daha çox sevilir. Rejissor təkcə həyatdakı dəcəlliyimi filmdə  tam əks etdirə bilməyib. Çünki həyatda çox dəcəl olmuşam.

- Yəni filmin qəhrəmanı olan dəcəl İsmayıldan da çox dəcəl olmusunuz?

- Bəli. Bizim dövrdə uşaqların ən böyük dəcəlliyi qonşuların bağına girmək sayılırdı. Mən də bu sahədə peşəkar idim. Gecələr qonşunun bağına düşüb ərik yeyirdik ( gülür). Rayon yerində o vaxt üçün başqa nə dəcəllik etmək olar?

- Filmin əks-sədası sizə necə təsir etdi?

- O vaxt filmlə bağlı SSRİ məkanından minlərlə məktub gəlirdi. Mən o məktubları oxuyub cavab yazırdım.

- Onlar məktublarında ögey ananı necə təsəvvür edirdilər?

- Demək olar ki, çoxu ögey analarından narazılıqlarını bildirir, zülmlərindən yazırdılar. Ona görə də o məktubları oxumaq çox ağır idi. Mənə isə qibtə ilə yanaşırdılar.

"Ailəmdə də, iş kollektivimdə də xoşbəxt insan olmuşam"

- Uzun illər paytaxtda yaşamağınıza baxmayaraq rayona tez-tez gedirsiniz. Adətən insan doğulduğu, boya-başa çatdığı məkana qayıdanda mənəvi güc alır. Siz bunu özünüzdə hiss etmisinizmi?

- Doğrudan insan öz doğma el-obasına gedəndə güc alır. İl ərzində 3-4 dəfə rayona gedirəm. Hər dəfə gedib-gələndən sonra sanki yenidən həyata gəlirəm.  Bəli böyüdüyün torpağa gedəndə o torpaq sənə enerji verir, insan dəyişir. Nənəm, babam Tovuzda dəfn olunub. Hər dəfə rayona gedəndə məzarlarını ziyarət edirəm.

- Həyatın bir çox üzünü görmüsünüz. Xoşbəxtlik məfhumu sizin həyatınızda necə öz əksini tapıb?

- İlk öncə ailəmlə xoşbəxtəm.  Bütün həyatımı ailəmə həsr etmişəm. Həmçinin iş fəaliyyətində  də özümü xoşbəxt hiss etmişəm. Əsasən yol təsərrüfatı sahəsində çalışmışam. Minlərlə kilometr yolun və onlarla körpünün tikintisində mənim də zəhmətim olub. 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun avtomobil yolları fakültəsinə daxil olmuşam. 1963-cü ildə institutu bitirmişəm. Sonra elə Avtomobil Yolları Nazirliyində də işə başlamışam. Sıravi mühəndislikdən avtomobil yolları nazirinin birinci müavini vəzifəsinə kimi yüksəlmişəm. Bir ilə yaxın da nazir vəzifəsini icra etmişəm.

- Kollektivinizlə münasibət necə olub?

- Kollektivlə rəhbərin münasibəti  işçilərin rəhbərə yox, rəhbərin  işçilərə olan münasibətindən asılıdır. Əgər müdir kollektivə bel bağlayırsa, onlarla yaxşı ünsiyyət qurursa, kollektiv də onu qəbul edir. Belə  rəhbər  isə xoşbəxt olmaqla yanaşı  heç vaxt uduzmaz. Minlərlə işçilərim olan dövrüm olub. Yüzlərlə işçimin adını, soyadını, vəzifəsini dəqiq bilmişəm. Hər şeyi bilmək istəyən adam olmuşam. Mənim atam da, anam da yol mühəndisi olub.

- Çəkdiyiniz yolları və körpüləri xatırlayanda hansı hissləri keçirirsiniz?

- Mənən şad oluram və daxilən qürur hissi keçirirəm.

- İnsan işindən zövq alanda xoşbəxtliyini bunda da tapırmı?

- Bəli, işində də xoşbəxt olan insan olmuşam.

- Bəs hansı yol sizin üçün daha yaxşıdır?

- Demək olar ki, hamısı, amma Gəncənin girəcəyindən Xanlara ayrılan 5 kilometrlik xüsusi əhəmiyyət kəsb edir. Həmin yol Nizaminin məqbərəsinə gedir. O yolun layihəsi mənim olub. Həmin layihə Moskvada xalq təsərrüfatı sərgisində mənə qızıl medal qazandırdı.

"Dayım qoymadığı üçün futbolçu karyeramı davam etdirə bilmədim".

- Futbol  gəlişiniz necə oldu?

- Ağlım kəsəndən bugünə qədər futbol oynayıram. Uşaq vaxtın torpaqda parçalardan düzəldilən toplarla oynayırdıq. Ayaqlarımız cadar-cadar olurdu, səhərə qədər ağrısından yata bilmirdik. Amma səhərisi günü yenə oynayırdıq (gülür).

- Görünür elə buna görə də 1957-ci ilin nəticəsinə əsasən ölkədə  33 ən yaxşı futbolçudan biri olmusunuz...

- 1956-cı ildə 16 yaşımda Tovuzun əsas komandası “Spartak”a dəvət edildim. Həmin il SSRİ xalqlarının birinci spartakiadası keçirildi. Final oyununu Zaqatala komandası ilə oynadıq və 1:0 hesabı ilə qalib gəldik. Azərbaycan spartakiadasının çempionu olduq. 1957-ci ildə Azərbaycan kubokunu qazandıq. Birinci dəfə idi ki, kubok Bakıdan kənara çıxırdı. 33 ən yaxşı futbolçu siyahısına gəlincə, o vaxt Tovuz komandasından 3 nəfər seçilmişdik. Nurəddin Qasımov hücumçu, Vəli Əliyev yarımmüdafiəçi və mən sol cinah müdafiəçisi kimi. O siyahıda olanların əksəriyyəti “Neftçi”də oynayırdı.

- Bəs nə üçün futbolçu karyeranızı davam etdirmədiniz?

- 1958-ci ildə Bakıya instituta girmək üçün gəldim. Bir neçə gün keçmiş qapımız döyüldü. O vaxt gələnləri tanımırdım. Biri Rauf Adıgözəlov, biri də rəhmətlik Adil Babayev idi. Gəldilər ki, Fuad sənsən, Dedim bəli. Dedilər ki, “Dinamo”nun rəhbərliyi bizi sənin dalınca göndərib. O vaxt daxili işlər naziri Xəlil Məmmədov komanda ilə şəxsən maraqlanırdı. Onu da deyim ki, İnstitut illərində Fuad Musayev, Telman Budaqov, Yevgeni Qerasimenko, Tofiq Fətullayev və bağqaları ilə  birlikdə futbol oynamışıq. Onların çoxu sonradan “Neftçi”də oynadılar. Dayım   qoymadığı üçün futbolçu karyeramı davam etdirə bilmədim.

- Bununla da birdəfəlik yaşıl meydandan uzaqlaşdınız?

- Xeyr, futbol mənim ikinci həyatım olub. Peşəkar olmasa da həvəskar formada həmişə oynamışam.

- İndi də?

- Bəli. Hər həftənin 4-cü günü  futbol oynayıram.  

- Bəs futbol təsərrüfatına gəlişiniz necə oldu ?

- 1999-cu ilin dekabrın 25-i idi. Assosiasiyanın mərhum vitse-prezidenti Fətülla Hüseynov mənə zəng etdi ki, respublikada futbolun vəziyyətini təhlil etmək üçün forum keçirilir. Ora birlikdə getməyimizi dedi. Onunla uşaqlıqdan yoldaşlıq etmişdik, institutda birlikdə oxumuşduq. Forum ADBTİA-nın zalında keçirilirdi. İclas başlayan kimi hiss etdim ki, bu forum futbolun inkişafına aid deyil. Forumda mən də çıxış edərək fikrimi bildirdim. Ondan sonra Fuad Musayev məni AFFA-ya işə dəvət etdi. Onunla institutda birlikdə oxumuşuq, tələbə yoldaşı olmuşuq, bir yerdə futbol oynamışıq. 2001-ci ilin may ayında məni vitse-prezident seçdilər. Həmin vaxt təqaüddə idim. 4 il vitse-prezident oldum. Onu da deyim ki, vitse-prezident işlədiyim dövrdə əmək haqqı almırdım. Yeni prezident seçkilərindən sonra mərhum prezident Ramiz Mirzəyev mənə baş katiblik vəzifəsini təklif etdi. Mirzəyev mənə dedi ki, yeni gəlmişəm, işi bilirsən, heç olmasa, məsləhətli bir adam tapana qədər 1 il işlə. Nə isə, o 1 il oldu 4 il. Hər dəfə deyirdim ki, səhhətimlə əlaqədar işləmək mənə çətindir. O isə "tələsmə deyərək" vaxtı uzadırdı.

"Mənim bu dünyada bircə arzum var"

- Uşaqlarınızı istədiyiniz səviyyədə...(sözümü kəsir)

- Böyük oğlumun 42, kiçiyinin isə 40 yaşı var. Övladlarım bu günədək mənə "siz"  deyə müraciət edir. Ailədə olan ab-hava onların inkişafında, davranışında öz rolunu oynayıb. Biri İsveçrədədi, diplomatdı. Digəri isə biznesmendir.

- Onların təhsili və həyat tərzi sizin ürəyinizcədirmi?

- Əlbəttə. Mən ailəmdən çox razıyam.

- Adətən insan özü-özünə hesabat verir. Siz 75 illik hesabatınızı necə qiymətləndirirsiniz?

- Mən həyat tərzinə qiymət verən adam deyiləm. 75 ildə necə ay, gün, saat, dəqiqə varsa, hamısı mənim üçün əzizdir. Hamısı mənim üçün qiymətsizdir. Kədərli günləri heç vaxt yadımda saxlamıram. Valideynlərimin, yaxın adamlarımın həyatdan köçməsi ən kədərli anlarımdır. Hərdən belə düşünürəm ki, anam-atam sağ olsaydı, pərvanə kimi başlarına dolanardım. Gənclər başa düşməlidirlər ki, valideynlə, qardaşla, qohumla daim ünsiyyətdə olmaq lazımdır. Mən çox şadam ki, uşaqlarım qohumları ilə daim əlaqə saxlayırlar. Yəni mən həyatımdan razıyam. İnsan ona görə dünyaya gəlir ki, bir iş görsün, ondan sonra həyatı tərk etsin. Uşaq vaxtı çəkdiyim əziyyətlər də, bu gün yaşadığım firavan həyat da mənimdir. Mənim bu dünyada bircə arzum var. Dünyadan köçdükdən sonra övladlarımın, nəvələrimin həmişə başıuca olsun. Hər bir insan gərək cəmiyyətdə özünü elə aparsın, elə  yaşasın ki, ona daim hörmət bəsləsinlər.

Mikayıl NƏRIMANOĞLU

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30