25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qarabağ” və Avroliqayla bağlı maraqlı məqamlar YAZI

Azərbaycanlı futbolsevərlər “Qarabağ”ın Avropa Liqasında ardıcıl ikinci səfər oyunundan sonra da şadyanalıq içərisindədir. Düzdür, Sent-Etyendə şəhərin eyniadlı komandası ilə oyunda Kiyevdə “Dnepr”lə matçdakı kimi qələbə olmasa da, hər halda, heç-heçə də bizim üçün çox münasib nəticə sayılmalıdır. Ən azı ona görə ki, Ağdam klubu pley-off uğrunda rəqiblərindən birini sıradan çıxartdı. Çünki “Qarabağ” şəxsi oyunlarda, daha doğrusu, səfər qoluna görə (evdə 0:0, səfərdə 1:1) fransızlardan üstün olduğundan, xalların bərabərliyi halında onun üçün “Sent-Etyen” qorxusu yoxdur.

Ən əsası, Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın son turda taleyi kimdənsə asılı deyil, sırf öz əlindədir. Necə deyərlər, “İnter”ə Tofiq Bəhramov adına Respublika stadionunda qalib gəl, onunla birgə pley-offa çıx. Milan təmsilçisinin də artıq 1-ci yeri təmin etdiyini və Bakıya iddiasız gələcəyini nəzərə alsaq, bundan gözəl fürsət ola bilməz. İnanıram ki, “Qarabağ”a əsas tərbirklərimiz məhz həmin vaxt – dekabrın 11-də olacaq. Hələliksə “Qarabağ” və Avroliqayla bağlı maraqlı saydığım məqamları diqqətinizə çatdırıram.

Kaliniç olmasaydı...

Əslində, “Qarabağ” elə bu turda pley-offa vəsiqəni qazana bilərdi. Təbii ki, bunun üçün “Dnepr”i Kiyevdə olduğu kimi, Bakıda da yenmək lazım idi. Ancaq evdə gözlənilən bu qələbə əvəzinə gözlənilməz məğlubiyyət qeydə alındı. Həmin matçda heç olmasa heç-heçəni qoruyub saxlaya bilsəydik, əsas rəqib “Dnepr”i şəxsi oyunlara görə sıradan çıxartmışdıq. Ancaq bu oyunda dubl edən xorvatiyalı rəqib hücumçu Nikola Kaliniçin “Qarabağ”ın qapısına vurduğu, hardasa kuryoz sayılan 2-ci qol işləri korladı.

Bizim qrupun özəllikləri

“Qarabağ”ın yer aldığı F qrupu özəllikləri ilə seçilir. Belə ki, Avroliqanın 12 qrupunda yalnız bu qrupda hər 3 komandanın pley-off şansı qalır. Digər 11 qrupda ən azı 1 komanda artıq şansını itirib. Bu da onu göstərir ki, “İnter”in aşkar favorit olduğu qrupumuzda qalan 3 komanda arasında qüvvələr nisbəti bərabərdir. Qrupumuzun digər özəlliyi “Sent-Etyen”in 48 iştirakçı arasında hər 5 oyununu heç-heçə başa vuran yeganə komanda olmasıdır.

Evdə ilk qələbəyə doğru

İstənilən halda, “Qarabağ” turnirdə artıq Azərbaycanın yeni rekordçusudur. Qrup mərhələsində ilk təmsilçimiz olan “Neftçi” 6 oyuna 3 xal toplamışdısa, “Qarabağ”ın sona 1 tur qalmış hesabında artıq 5 xal var. Üstəlik, Avroliqanın əsas mərhələsində ilk qələbəmizə də məhz Ağdam təmsilçisi imza atıb. Sadəcə, bu, səfərdə qazanılıb. Qrup mərhələsində öz meydanımızda isə hələ ki qələbəmiz yoxdur. Bunun Çempionlar Liqasının qalibi olmuş “İnter” kimi güclü rəqib üzərində qazanılması nəticənin önəmini artıracaq. Axı bu, həm də Azərbaycan futbolunun tarixində pley-offa ilk vəsiqə demək olacaq. Onu da nəzərə alaq ki, İtaliya ilə futbol görüşlərində hələ ki qalib gəlməmişik.

Biri birinci, digəri ikinci hissədə

“Neftçi” ilə “Qarabağ”ın qrup mərhələsində çıxışını müqayisə etsək, digər fərqli məqam vurulan qollarla bağlıdır. Belə ki, paytaxt təmsilçisi daha çox ikinci hissədə fərqlənib. Təsadüfi deyil ki, “Neftçi”nin qrup mərhələsində 4 qolundan 3-ü fasilədən sonra (2-si Nikolas Kanales, 1-i Rəşad Sadiqov) və yalnız 1-i (Flavinyo) fasiləyədək olub.”Qarabağ” isə hələ ki hər 3 qolunu ilk hissədə vurub. Bunların müəllifləri Muarem Muarem, Corc Leroy və Vüqar Nadirovdur.

Qolun üçü də eyni qapıya

Ağdam təmsilçisinin futbolçuları hələ ki bir qayda olaraq eyni qapıları dəqiq nişan alırlar. Bunlar komandalar meydana daxil olduğu yerdən sol tərəfdə olan qapılardır. Muarem Kiyevdə, Leroy Bakıda, Nadirov Sent-Etyendə bunu gerçəkləşdirib. “Qarabağ”ın buraxdığı 5 qoldan əksəri - 3-ü sağ qapıya olub.

Vüqardan iki rekord birdən

Vüqar qrup mərhələsində vurduğu ilk qolla birdən-birə iki rekorda imza atıb. Əvvəla, 15-ci dəqiqədə hesabı açan Nadirov Azərbaycan klublarının qrupda ən erkən qolunun müəllifi olub. Bunadək daha tez qol 21-ci dəqiqədə fərqlənən Muaremə aid idi. İkincisi də Nadirov qrup mərhələsində qol vuran ən gənc azərbaycanlı futbolçu olub. Bununla da o, qrupda fərqlənən ilk yerli oyunçu Rəşad Sadiqovun rekordunu qırıb. Bu yarımmüdafiəçinin “Neftçi”nin heyətində 2012-ci ildə “İnter”lə 2:2 hesabı ilə nəticələnən Milandakı oyunda qol vurduğu zamanı 29 yaşı vardı. Fransadakı matçda Reynaldo Silvanın yoxluğunda mərkəz hücumçusu kimi oynayan Vüqar isə 27 yaşında fərqlənib.

Nadirov həm də “Qarabağ”ın cari mövsümdə avrokuboklarda qol vuran ilk yerli futbolçusu olub. Bunadək Ağdam təmsilçisinin həm Avroliqiada, həm də bunadək mübarizə apardığı Çempionlar Liqasında qollarına yalnız legionerlər imza atırdı.

Mehman SÜLEYMANOV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30