25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

40 dəfə “Union Berlin”lə oynamaqdansa, 1 DƏFƏ “ATLETİKO” İLƏ QARŞILAŞMAQ DAHA YAXŞIDIR!

 

Uzun müddətdi böyük intizarla gözlənilən oyun baş tutdu. Axır ki, dünyaca ünlü Madrid “Atletiko”su Tofiq Bəhramov adına Respublika stadionunda meydana çıxdı. Bu şounun baş tutması üçün “Bakı” rəhbərliyi əlindən gələni etdi. Amma bir nəfər bu şounun dadını qaçırdı. Azdan-çoxdan Azərbaycan futbolu ilə maraqlanan hər kəs bilir ki, söhbət milli komandamızın baş məşqçisi Berti Foqtsdan gedir. Alman “Bakı”nın, klub prezidenti Hafiz Məmmədovun əməyini yerə vurmaq üçün əlindən gələni etdi. Və təəssüflər olsun ki, qismən də istəyinə çatdı. Məhz onun paxıllığı ucbatından “Atletiko”nun önünə uşaq-muşaq çıxdı. Uşaq-muşaq ifadəsini pis başa düşməyin, o gün meydana çıxanların əksəriyyəti Azərbaycan futbolunun gələcəyidilər. İnşallah, həmin o uşaqlar bir gün ən azı Arda Turan, Radamel Falkao qədər məşhur olarlar. Amma günümüzün mövzusu o deyil.

Əslində “Bakı”nın prezidenti Hafiz Məmmədov madridlilərin önünə elə öz komandasını da çıxara bilərdi. Hafiz Məmmədov bu qərarı qəbul etsəydi, aprelin 30-da daha maraqlı oyun izləyərdik. Amma Hafiz bəy, təkcə özünü, ya da “Bakı”nı düşünmür. Məmmədov həqiqətən də Azərbaycan futbolunun inkişafı üçün səy göstərdiyini, doğurdan da futbolumuzun qabağa getməsi üçün çalışdığını növbəti dəfə sübut etdi. “Atletiko”nun Bakıya gəlişinin siyasi məqsədlər daşıdığını bəyan edən Hafiz bəy, azərbaycanlı futbolçuların daha da irəli getməsi üçün ölkəmizin ən yaxşı oyunçularının meydana çıxmasını istəyirdi. Bir anlıq təsəvvür edək, “Atletiko”ya qarşı Rəşad Sadıqov, Rəşad Sadiqov, Araz Abdullayev, Rahid Əmirquliyev, Elvin Yunuszadə, Cavid İmamverdiyev, Tərlan Quliyev, Mirhüseyn Seyidov, Elnur Abdullayev, Ağabala Ramazanov, Asif Məmmədov, Qara Qarayev, Maksim Medvedev, Vaqif Cavadov və adını unutduğum daha neçə-neçə bacarıqlı futbolçumuz meydana çıxır. Əminliklə deyirəm (yazıram) ki, bu halda Dieqo Simone də meydana daha optimal heyət buraxardı və azarkeşlər daha cəlbedici şou izləyərdilər. Lakin təəssüflər olsun ki, Foqts və onun himayədarları, həmçinin Hafiz Məmmədovu gözü götürməyənlər sıravi azarkeşləri bu cür zövqdən məhrum etdilər. Amma hansı haqla, hansı əsasla? Bu suala kim cavab verəcək?

Adama ən çox yer edən Berti Foqtsun açıqlamasıdır. Utanmadan dedi ki, “Atletiko” ilə görüşməyə ehtiyac yoxdur və bu oyun komandaya fayda verməyəcək. Təəssüflər olsun ki, Berti Foqtsun həmin açıqlamanı verdiyi həmkarımız ondan soruşmayıb ki, məgər, “Slaviya”, “Metallist” və ya “Union Berlin”lə oyunlar yığmamıza nəsə qazandırıb? Əgər, qazandırıbsa, nəyə görə millimiz dünya reytinqində 120-ci pillədədir? Nəyə görə komandamız səfərdə Lüksemburq kimi komandanı məğlub edə bilmir? Nəyə (ya da kimə) görə Azərbaycan yığması dünya reytinqində Tanzaniya, Surinam, Tacikistan, Malavi, Liberiya, Zimbabve, Niger, Benin kimi acından günorta duran ölkələrin yığmasından geridə qalmalıdır? Yox, əgər, “Slaviya”, “Metallist”, “Union Berlin”lə oyunlar yığmamıza heç nə qazandırmayıbsa, onda “Atletiko” ilə də oynayardız da. Bir artıq, bir əksik, nə dəyişəcəkdi ki? Futboldan az-çox başı çıxan hər kəsə bəllidir ki, “Atletiko” adını çəkdiyim hər 3 klubdan qat-qat səviyyəli komandadır. Necə olur ki, “Union Berlin”lə oynamaq olur, “Atletiko” ilə yox? Bunun ancaq bir cavabı var -Foqts bizi avam yerinə qoyub.

Foqts kişi kimi çıxıb desəydi ki, milli ola-ola alternativ yığmanın yaradılmasını, həmin komandaya onun yerinə 1 nömrəli namizəd olan Qurban Qurbanovun rəhbərlik etməsini istəmir, bu olardı əsl mərdlik. Amma mərdliyi mərd adamlar, düzə-düz, əyriyə-əyri deyənlər deyir. Foqts kimi gününü sayıb, pulunu qazananlar, havayı yerə layiq olmadığı pulları alanlar yox. Foqts üçün əsas öz faydasıdır. “Atletiko” İspaniya yox, Almaniya klubu olsaydı, hətta “La Liqa”da yox, “Sequnda”da mübarizə aparsaydı, Foqts bu qədər cırnamazdı. Amma olan yenə də Azərbaycan futboluna, sadə azarkeşlərə oldu. Görəsən, 1 gün bu Foqtsun qabağına çıxan olacaq? İnşallah, Allah o günü də bizə göstərər.

Şahin ZÜLFÜQAROV, “Het-trik news” 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30