29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”nin vitse-prezidenti: “Jurnalist telefonla müsahibə alanda...” (Müsahibə)

 “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov Azərbaycan Premyer Liqasının X turunun “Bakı” ilə görüşündən (3:1) sonra jurnalistlərə müsahibə verib.

- “Bakı” ilə görüş haqqında nə deyə bilərsiniz?

- Gördüyünüz kimi, son 2 oyunda komandamızın qapısını gənc Emil Balayev qoruyub. “İnter”lə matçda qapısını toxunulmaz saxladı. “Bakı” ilə görüşdə isə 1 top buraxsa da, bunu onun səhvi saymaq olmaz. Bu da artıq “Neftçi” üçün bir uğurdu. Digər tərəfdən, komanda oyun baxımından əzmkarlıq göstərdi. Futbolçularımız gözəl qollar vurdu. Ümid edirik ki, növbəti turda AZAL-a qarşı da belə əzmkar oyun nümayiş etdirəcəyik.

 - “Bakı” ilə matçda əvvəlki formasından uzaq olan Nikolas Kanales ilk dəqiqələrdən meydanda idi. Ancaq yaxşı formada olan Ruslan Qurbanov ehtiyatda qaldı. Məhz onun meydana daxil olmasından 2 dəqiqə sonra “Neftçi” hesabda önə keçdi...

- Hər bir məşqçi hər bir oyuna öz taktikası ilə çıxır. Ona görə də hesab edirəm ki, məşqçinin qəbul etdiyi qərar düzgündü. Hər bir rəqibə uyğun taktika seçilir. Fikir verdinizsə, “Bakı”da da gənc futbolçular əzmkar oyun nümayiş etdirirdilər. Amma onlar bəzi mövqelərdə bizim oyunçulara demək olar çox uduzurdular. Hesab da onu göstərir ki, məşqçi düzgün qərar verib. İmkan daxilində gələcəkdə də məşqçi tərəfindən çoxlu yerli oyunçu meydana buraxılacaq. Buna yoxlama oyunlarımızı sübut kimi göstərmək istərdim. Məsələn, “Sumqayıt”la çempionat matçında 6 yerli oyunçumuz start heyətində meydana çıxmışdı. Ona görə də bu tendensiyanın məşqçinin hər bir oyuna seçdiyi taktikaya görə dəyişməsi istisna deyil.

- “Neftçi”də 1 aylıq fəaliyyətiniz tamam olur. Bu 1 ay ərzində nələri görə bildiniz?

- Gəlin, bu suala indi cavab verməyim. Çünki müəyyən işləri ortaya qoyduğumuz halda bu haqda müzakirə etmək olar. Amma bu suala cavab olaraq bildirə bilərəm ki, “Neftçi” oturuşmuş, öz sözünü demiş klubdu. Burda onsuz da böyük işlər görülüb və görülməkdədi. Ona görə də hansısa fərdin işini qabartmaq düzgün deyil. Burda ümumi komanda fəaliyyət göstərir və bu istiqamətdə də fəaliyyətini davam etdirir.

- Qarşıda hansı layihələriniz var?

- Böyük layihələrimiz var və bunların üzərində işlər gedir. Layihənin başlanması və ya yekunu haqda mətbuata ətraflı hesabat veriləcək.

- Bu layihələrdən biri haqqında məlumat verə bilməzsiniz?

- Layihəmiz həyata keçirildiyi vaxt sizi dəvət edib, bu haqda məlumatlandıracağıq.

- “Neftçi”yə gələn zaman gənc yox, yaşlı azarkeşlərlə görüşdünüz. Bundan isə xüsusən “Forza “Neftçi” narazı qalıb...

- Bizimlə görüşmək istəyən istənilən fanklub, azarkeş qrupu ilə görüşməyə hazırıq. Onu qeyd edim ki, bu gün yaşlı saydığınız azarkeş 10 il öncə cavan olub. Bugünkü gənc azarkeş isə 15 il sonra yaşlıya çevriləcək. Ona görə bizim tərəfimizdən azarkeş qrupları arasında seqmentasiya aparılır. Əsas məqsədimiz azarkeşi stadiona cəlb etməkdən başqa, onların istəyinə uyğun olaraq növbəti oyunlara maraq dairəsini yaratmaqdı.

- “Neftçi” azarkeşləri oyunlara az gəlir. Bunun səbəbini nədə görürsünüz?

- Bu ayrı bir mövzudu və bu haqda saatlarla danışmaq olar. İstəməzdim ki, bu suala konkret cavab verim. Amma bütün azarkeş qrupları ilə bağlı sorğular təşkil edirik. O insanların fikrini bilməklə, həmin qruplara oyunlarımıza cəlb etmək istəyirik. Bu, təkcə avrokuboklara yox, daxili oyunlara da aiddi. İstəyirik ki, media nümayəndələri də oyunlarımıza gəlsin, oyunöncəsi təşkil olunan mətbuat konfranslarında, “miks zona”larda iştirak etsin ki, bu, komandamıza əlavə stimul verir. Jurnalist telefonla müsahibə alanda, həmin oyundan sonra alınan emosiyaları əks etdirə bilmir. Ona görə də media zonada jurnalistlərə istənilən şərait yaradılacaq.

- Belə demək olarmı ki, bundan sonra jurnalistlər telefonla “Neftçi”nin futbolçularından müsahibə götürə bilməyəcək?

- Məsələ qadağada deyil. Əgər biz dünya standardlarından danışırıqsa, oyunçularla medianın ünsiyyət forması ya oyundan öncə təşkil olunan mətbuat konfransında, ya da oyun sonrası “miks zona”da olmalıdı.

- Julius Vobaya yaxınlaşanda, danışmaq istəmədiyini bildirdi. Siz futbolçuların qarşısında şərt qoyacaqsınızmı ki,  oyundan sonra jurnalistlərə müsahibə versin?

- Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadə ilə bağlı bir çox müzakirələr aparmışıq. Oyun öncəsi mətbuat konfranslarını bərpa etmək fikrimiz var. Qarşılaşma başa çatdıqdan sonra da isti-isti futbolçulardan müsahibə götürmək mümkün olacaq.

Mənbə: apasport.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31