24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Böyükağa Hacıyev: “Dnepr”lə Bakıdakı oyun ölüm-dirim matçı olacaq” (Müsahibə)

“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev Sportpress.az saytına müsahibəsində Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində qazandığı qələbədən, komandanın pley-offa çıxmaq şanslarından danışıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- “Dnepr” - “Qarabağ” görüşünü izləmək imkanınız oldumu?

- İlk olaraq bu qələbə münasibətiylə “Qarabağ”ı və baş məşqçi Qurban Qurbanovu təbrik etmək istərdim. Onlar layiq olduğu qələbəni qazandılar. Təəssüf ki, oyuna baxa bilmədim. Pro kateqoriyasıyla əlaqədar səfərdə olduğumuzdan yalnız nəticəni öyrənmək mümkün oldu. Bununla belə qələbəyə görə çox sevindim.

- Bu qələbə sizin üçün sensasiya oldu, yoxsa...?

- Futbolda təsadüf olmur. Kim güclüdürsə, o da qalib gəlir. Özünüz fikirləşin, əgər “Qarabağ” topa gözəl rəftar edirsə, qol vurursa, deməli layiq idi.

- “Qarabağ” sizin “Neftçi” ilə qazandığınız rekordları təzələdi. Buna münasibətiniz necədir?

- Çox sevinirəm ki, rekordlarımızı azərbaycanlı məşqçi yeniləyir. Biz “Neftçi” ilə 3 xal qazanmışdıq. “Qarabağ” artıq 4 xal qazanmaqla yeniliyə imza atdı. Bu uğurların Qurbanın rəhbərliyi altında əldə olunması çox yaxşıdır. Ona çox böyük hörmətim var. Amma bununla kifayətlənmək olmaz. Ağdam təmsilçisi hazırda yaxşı formadadır. Mütləq uğurların davamını gətirmək lazımdır.

- Siz pley-offa çıxmağı real sayırsınız?

- “Qarabağ” bu oyunla pley-offa çıxmağa layiqdir. Bir qədər çətin olacaq. Azərbaycan çempionatı, üstəlik avrokuboklarda mübarizə aparmaq heyətin əsas üzvlərini yorur. Bəzi futbolçuların zədələnməsini unutmaq olmaz. Bununla belə Ağdam təmsilçisinin növbəti mərhələyə çıxacağına inanıram. Bu işi Bakıda “Dnepr”lə oyunda həll etmək olar.

- Azərbaycan futbolu üçün qrup mərhələsində qazanılan 4 xal nə deməkdir?

- Bu, Azərbaycan futbolunun inkişafını göstərir. Artıq qrup mərhələsinə vəsiqə qazanmaq hər bir klubun hədəfi olmalıdı, Seçmə mərhələdə 2-3 komandanı üstələmək uğur sayılmamalıdı. “Qarabağ”ın qələbələri həm də siyasi mənada da böyük nəticədir. Bütün dünya Azərbaycan klubu “Qarabağ”ın qələbələrini izləyir və hər şeyi anlayır.

- “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov söyləyib ki, “Dnepr”lə Bakıdakı oyunda qələbə qazanmaq daha çətin olacaq. Siz bu fikirlə razısınız?

- Əlbəttə, futbolçuları arxayınlaşdırmaq olmaz. Amma “Dnepr”lə oyun çox vacib görüşdür. “Qarabağ” qalib gəlməklə tarixinin ən vacib qələbələrindən birini qazana bilər. Ukrayna təmsilçisi üçün isə bu oyun ölüm-dirim matçı olacaq. Azarkeşlərimizin dəstəyi ilə “Qarabağ” pley-offa yaxınlaşa bilər.

- Avroliqada uğurların davamlı olması üçün nə lazımdır? Axı Azərbaycanda Avroliqada qrupa düşən komanda sonradan uğur qazana bilmir...

- Bunun üçün sabit heyət lazımdır. “Qarabağ” əsas oyunçularını qorumaqla yanaşı həm də yeni futbolçuları transfer etməlidir. Lazım olmayan futbolçular getməlidi. Bu futbolun qanunudur. Yeni mövsüm üçün komanda daha güclü heyətlə hazır olmalıdı. Bu halda onların uğuru davamlı olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30