20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ramin Musayev: “Mətbuatda əleyhimə danışsa da, küçədə məni inək duzu yalayan kimi yaladı” (II hissə)

“İSTƏMİRƏM Kİ, SABAH “PFL PREZİDENTİ AZƏRBAYCAN XALQININ DÜŞMƏNİDİ” DESİNLƏR”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin Futbolxeber.az saytına verdiyi müsahibənin ikinci hissəsi.

İlk hissəni buradan oxuya bilərsiniz - http://www.futbolxeber.az/news/country/16516

- Bayaq özünüz də qeyd etdiniz ki, çempionata maraq azdır. Bunun səbəbini nədə görürsünüz?

- Mən yalnız bir səbəb görürəm. İstər klub rəhbərləri məndən incisinlər, istər inciməsinlər. Şəxsi fikrimdi və bu sözümə də cavabdehəm. Cavab verməmişdən öncə sizə bir sual verim.

- Buyurun

- Haralısız?

- Bakılı.

- Hansı komandaya azarkeşlik edirsən?

- ...

- Bax görürsən, susursan.

- Mənim ad çəkməyim düzgün çıxmaz axı.

- İstənilən halda, kiçik yaşlarından “Neftçi”yə azarkeşlik etmisən.

- Xeyr. Daha əvvəl “Xəzri”yə azarkeşlik edirdim.

- Niyə? 

- Çünki öz kəndimizin (Buzovnanın-red.) komandasıydı.

- Ay sağ ol, mən səndən istədiyim cavabı aldım.

- Ad məsələsini nəzərdə tutursunuz?

- Bəli. Bakıda olan camaat kimə azarkeşlik etsin? “Neftçi”yə,  “Bakı”ya, AZAL-a, “Rəvan”a, ya “İnter”ə? Hamısı Bakını təmsil edir. Bu gün şirkət yaradaq, adını qoyaq brilliant. Əgər o şirkətdə iş getmirsə, adın nə mənası var? O vaxt Rövnəq Abdullayev klublara adlarını dəyişməyi məsləhət gördü. Dedi ki, komanda hansı bölgədə yerləşirsə, oranın da adını qəbul etsin. İndi “Qarabağ” da Bakıda məskunlaşıb. Amma heç kim qulaq asmadı. Respublika stadionu şəhərin mərkəzi yerlərindən birində yerləşir. Metronun yanında. Amma nə olsun, azarkeş gəlir? Buna stadion, ya AFFA rəhbəri neyləsin? Düşək qapı-qapı azarkeş axtaraq? Bu mümkün deyil. “İnter” Keşlədə yerləşir. O qəsəbədə 30 mindən çox insan yaşayır. Komandanın adı “İnter” Keşlə olsa, 30 min demirəm, heç olmasa 2 min azarkeş gələr də. Mən əslən Gürcüstandanam. Hansısa bir xarici ölkəyə gedim. Orada həmin ölkənin klubu ilə Gürcüstan klubu oynasa, kimə azarkeşlik edəcəyəm? Təbii ki, Gürcüstan klubuna. Biz dedik, amma heç kim qulaq asmadı. Bu gün “İnter”in oyununa cəmi 300 azarkeş gəlir.

- Bəzən heç 300 də gəlmir.

- Razıyam, gəlmir. Heç nədən çəkinmirəm, nə varsa düzünü deyirəm. Bu yaxınlarda “Zirə”nin ev oyununa getmişdim. Stadiona xeyli azarkeş toplaşmışdı. Oradakı azarkeşlərin sayı Premyer Liqa matçına gələnlərdən daha çox idi. Hansı klub rəhbəri inanmırsa, gəlsin videonu göstərək baxsın. Kənd camaatı “Zirə”ni qoyub, heç vaxt başqasına azarkeşlik etməz. Komanda yarananada rəhbərlik gəlmişdi yanıma. Dedilər filan adı qoymaq istəyirik. Soruşdum harada məskunlaşmısız? Dedilər Zirədə. Dedim ki, niyə başqa ad seçirsən? Elə komandanın adını qoyun “Zirə”. Zirə camaatı çox istiqanlı, mehriban, gözəl insanlardı. Mənim də orada xeyli dostum var. Elə sizin vasitənizlə onları da salamlayıram. “Zirə”nin oyununda olarkən klub rəhbərliyi dedi ki, “Ramin müəllim, yaxşı ki o vaxt siz deyəni etdik”. Düzgün ad seçdilər, bu gün də bəhrəsini görürlər. “Rəvan”ın bazası Suraxanıda tikilir. Komanda Premyer Liqaya qayıdanda və baza da hazır olanda klubun adını qoyacaqlar “Rəvan-Suraxanı”. Bunun da faydasını görəcəklər. Özünüz şahid olacaqsız ki, komandanın ev oyununa nə qədər azarkeş toplaşır. Azarkeş gəlməyəndən sonra futbolçu nə oyun göstərəcək?

- Bu gün Premyer Liqada narazılıq doğuran məsələlərdən biri də oyunların yayımıdır. Bu məsələni birdəfəlik necə tənzimləmək olar ki, heç kim narazı qalmasın?

- Bu sahədə işləyirik. Bu gün heç bir klub narazılıq edə bilməz ki, mənim oyunumu niyə göstərmirlər. Eləcə də heç kim də deyə bilməz ki, zornan onun oyununu yayımlayırıq. Kim istəyir oyunu göstəririk, kim istəmir göstərmirik.

- Niyə?

- Elə klub var ki, mənim qarşıma fakt qoydu canlı yayım olanda oyunuma azarkeş gəlmir. Biz də AzTV rəhbərliyindən xahiş etdik ki, filan komandanın oyununu verməyin. Stadiona azarkeş yığmaq istəyirlər. Hələ ki qışadək bu sistemlə gedəcəyik. Görək, axırı necə olur.

- Bəs, bu sistem özünü doğrutlmasa?

- Doğrultmasa, onda əvvəlki qaydaya qayıdacağıq. Bu gün istər AzTV, istərsə də Topaz rəhbərliyindən razıyam. Birlikdə iş görürük və bir-birimizi incitmirik. Deyilən sözləri hamısı həyata keçir. Amma klubların da fikri mənim üçün önəmlidir. Çünki PFL prezidentini klublar seçir. Onu da vurğulayım ki, bu il fikrimiz daha çox I diviziona yönəlib. Çalışırıq ki, I divizionun səviyyəsini qaldıraq. Təqvimi də elə tərtib etmişik ki, I divizonun oyunları olan günlər Premyer Liqa görüşləri olmasın. Kameralarımızı göndəririk I divizion oyunlarına. Özünüz də şahid ola bilərsiz ki, bu il I divizionda ab-hava tam fərqlidir. Canlı yayım və ya PFL tərəfindən çəkiliş olanda artıq söhbətlər də olmur. Həm futbolçular özlərini yığışdırır, həm də hakimlər.

- Hazırda Premyer Liqada oyunlar dayanıb. Əksər klublar da uzunmüddətli fasiləyə görə narazıdırlar və PFL tənqid olunur. Berti Foqtsa görə bu qədər tənqid eşitməyə dəyərmi?

- Foqtsa görə? Ona görə mən heç pəncərəmi açmaram. Qala ki tənqid eşidim.

- Başa düşürəm, fasilənin milli komandaya görə olduğunu nəzərdə tutursuz. Amma fakt budur ki, millinin də baş məşqçisi Berti Foqtsdur.

- Foqts kimdi, ya Ramin kimdi? Söhbət Azərbaycan millisindən gedir. İstəmirəm ki, sabah “PFL prezidenti Azərbaycan xalqının düşmənidi” desinlər.

- Onu demirlər. Amma klub məşqçiləri də bu qədər təxirə salmaya görə sizə düşmən gözü ilə baxa bilər.

- Unutmayın ki, bu gün Rusiya futbolunda da 3 həftəlik fasilə yaranıb.

- Elədir. Amma bu cür vəziyyət Rusiyada nadir hallarda baş verir.

- Onların vaxtı bizdən də azdı. O mənada ki, Rusiyada qış daha kəskin olur. Biz təqvimi tərtib edəndə borcluyuq ki, Azərbaycan millisinin baş məşqisinin, Berti Foqtsun yox a, millinin baş məşqçisinin fikrini öyrənək. Bu gün baş məşqçi Foqtsdu, sabah bir başqası olacaq. Nə o postunda əbədidi, nə də mən. Hər birimiz milli naminə çalışırıq.

- Bunun millimizə xeyri olsa, heç kim narazılıq etməz. Amma fakt budur ki, uzunmüddətli toplanışların milliyə xeyri dəymir.

- Kim deyir ki, bu toplanışlar fayda vermir?

- Nəticə belə deyir. Uzağa getmək lazım deyil. Son olaraq Bolqarıstandan alınan yenilgi buna əyani sübutdur.

- Tələsmək olmaz. Vaxta ehtiyac var. Ona qalsa, hamı da deyir ki PFL neyləyib?

- Hamı belə demir axı...

- Deyirlər də. 5 il qabağa da baxaq, bu günə də. Ay “futbolu bilənlər”, əvvəla bu gün çempionatda hamı eyni topla oynayır. Əvvəl futbolçular narazılıq edirdilər ki, hər komanda fərqli topla oynayır. Futbolçu deyirdi ki, “Ramin müəllim, baxın. Topa vururam, amma əyri gedir”. Biz bu problemi həll etdik. Bu gün I divizionda da eyni üsuldan istifadə edirik. 2020-ci ildə bizi böyük imtahan gözləyir. Çalışmalıyıq bunun üçün. Hamımız milliyə dəstək olmalıyıq. Bayaqkı suala qayıdıram, Foqtsun verdiyi proqramı nəzər almasam, nə olacaq?

- Uğursuzluq olsa, Foqts atacaq sizin üstünüzə.

- Düz fikirləşirsən. Nəyə görə düşmən olmalıyam? 

- Başa düşürəm, amma...(sözümü kəsir)

- Başa düşürsənsə, başqa suala keçək də (gülür).

- Hər halda, konkret ad da çəkə bilərəm. “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze və “Qəbələ”nin çalışdırıcısı Dorinel Muntyanu. Bu iki məşqçi çempionatda yaranan uzunmüddətli fasiləni faciə hesab etdiklərini bildiriblər.

- Əvvəla onu deyim ki, Muntayununu tanımıram. Amma Kaxaya böyük hörmətim var. Çəkinmədən deyirəm ki, Azərbaycana gələn nə qədər məşqçi varsa, mən onların şahı Kaxaber Tsxadadzeni hesab edirəm. Lakin mən də sual verirəm - niyə çempionatın təqvimi açıqlananda narazılıq etmirdilər? Əksinə, mən deyərdim ki Allah Foqtsdan razı olsun.

- Niyə?

- Şərait yaratdı ki, klublar 15-17 gün istədikləri kimi məşq edib, əskiklərini düzəltsinlər. Görülməyən işlərini görsünlər. İndi rahat şəkildə 7 tur ərzində buraxdıqları səhvlər üzərində işləsinlər. Şəxsən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov mənə təşəkkür edib bu fasiləyə görə.

- Tərlan Əhmədovu bildim. Amma mənə maraqlıdı, mətbuat vasitəsi ilə sizdən narazılıq edən məşqçilər üz-üzə gələndə də eyni fikri səsləndirirlər?

- Ad çəkmirəm, amma keçmişdə elə məşqçi olub ki, mətbuatda bütün günü əleyhimə danışıb. Amma otağıma girəndə, ya küçədə məni görəndə inək duzu yalayan kimi yalayıb məni.

- Bayaqdan Premyer Liqanın sponsoru olan Topazdan razılıq edirsiz. Amma bəzən narazılıqlar da olur.

- Məsələn?

- Bəzən 1 tur ərzində 5 oyundan 4-ü heç-heçə başa çatanda, bunda Topazın barmağının olduğunu iddia edənlər tapılır.

- Tam səmimi deyirəm ki, Topaz rəhbərliyi heç maraqlanmır ki, kim uduzdu, kim uddu. Türkiyədə oturublar, o qədər işləri var ki...1-2 dəfə qonaqları olmuşam. Heç bilmirlər ki, kim kimnən oynayır. Boş söhbətlərdi bunlar. Əksinə, Topazın yaranması müəyyən haqsızlıqların qarşısını aldı. Əvvəl elə olurdu ki, insanlar mərc edəndə evlərini uduzurdular, hətta özünü asanlar da vardı. Topaz isə bütün bunların qarşısını aldı.

- Elə indi də evini satanlar, özünü asanlar var.

- Yox, inanmıram. Axı, Topaza nə qədər pul atırlar ki? Belə söhbətlərə fikir vetməyin.

- Gələcəkdə ümumiyyətlə, belə söz-söhbətlərin olması üçün başqa şirkətin Premyer Liqaya sponsorluq etməsi mümkündürmü?

- Yenə deyirəm, deyilənlər hamsı boş söhbətlərdi.

- Kuboka niyə sponsor tapılmır?

- Tapa bilmirik, hamı yaxın gəlməyə qorxur.

- Nədən qorxurlar ki?

- Elə bu cür söz-söhbətlərdən (gülür).

- Ramin bəy, 7 ilə yaxındır ki PFL-in prezidentisiz. Yorulmamısız?

- Istəyirsizsə, yorulum.

- Yox, sadəcə bir ara səhhətinizdə problem var idi. Ona görə soruşuram.

- Səhhətimdə bu gün də problem var. Amma işləyirəm. Bilsəm ki, fayda vermirəm, dərhal həmin vəzifədən gedərəm. Gizlətmirəm, elə iş yerim olub ki idarədə çalışmışam. Heç bir faydam olmadığı üçün işə çıxmamışam. Rütbəm olub, evdə oturub başqa işlərlə məşğul olmuşam. Rəisim İsa Kazımov idi. O, hamı üçün çox gözəl rəhbər olub. Bir gün dedi ki, niyə işləmirsən? Dedim ki, burda faydam yoxdu, işə çıxmıram, maaşımı da almıram. Fayda vermirəmsə, həmin maaşı almağa utanaram.

- Bu fikir tez-tez səslənir - “PFL-ə Ramin Musayevdən başqa heç kim rəhbərlik edə bilməz”. Heç bir vəzifə əbədi deyil və bir gün siz də bu postdan gedəcəksiz. Davamçınız qismində bu gün Azərbaycan futbolunda kimisə görürsüz?

- Belələrinin sayı çoxdu. Heç kim əvəzolunmaz deyil. Mən “Neftçi”də can qoydum. Rövnəq müəllim də işimdən razı idi. Amma bu gün hamı Sadıq Sadıqovdan da razıdır. Həyatda 1 valideyni əvəz etmək olmaz. Mənim vəzifəm nədir ki?

- Amma PFL-ə rəhbərlik etmək də asan deyil.

- Asan deyil, razıyam. Klubda çalışmaqdan da qat-qat çətindi. Amma əmin olun ki, mən gedəndə yerimə gəlməyə adam tapılacaq.

- Oğlunuz bir müddət əvvəl elə Futbolxeber.az saytına verdiyi müsahibədə ilk dəfə olaraq karyerasını başa vurduğunu açıqladı. İndi nə işlə məşğuldur?

- Parisdə idarəetməynən bağlı təhsilini davam etdirir.

- Futboldan getməsi ilə bağlı qərar qəbul etməyində sizin nə dərəcədə rolunuz oldu?

- Bu qərarı qəbul etməsində çox böyük rolum oldu.

- İstəmirdiz futbolçu olmasını?

- İstəyirdim.

- Bacarığı zəif idi?

- Yox, bacarığı da var idi. Oğlum olduğuna görə demirəm, amma fiziki gücü çoxlarınkından üstün idi.

- Bəs, onda niyə futbol tərk etdi?

- Oğluma lazımı qədər şərait yaratmadılar. Birinci İslam Kərimov ona şans vermədi. İslam Kərimova xətrini ən çox istədiyim uşaq məşqçilərindəndi. Amma o, mənim oğlumu oynatmadı. Deyirdi ki, “Ramin Musayevin oğlunu ehtiyatda otuzdururam”. 1 dəfə də olsun demədim ki, oğluma şans tanı. Sonra başqa kluba getdi, dedilər praktikan yoxdu. Yeni kluba üz tutdu, eyni sözləri eşitdi. Yalnız “Simurq”da Coko Haciyevski ona şans verdi. O da özünü göstərdi. Amma Hacviyevski gedəndən sonra yenə də eyni problemlərlə üz-üzə gəldi. Dözmədim, dedim ki “oğlum, ya sən getməlisən futboldan, ya da mən”.

- Beləcə o getdi.

- Hə. Soruşdum, gələcəkdə məşqçi olacaqsan dedi “yox”. Bəs menecer? Yenə də “yox” dedi. Mən də dedim, 35 yaşından sonra neyləcəyəcəksən? Pensiyaya çıxacaqsan? Axırda o da mənimlə razılaşdı və karyerasını başa vurdu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30