24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Futbolumuzda “arayış əməliyyatı” ARAŞDIRMA

UŞAQLAR TİBBİ BAXIŞDAN NECƏ KEÇMƏLİDİRLƏR?

Futbolçuların tibbi baxışdan keçmələri ilə bağlı xəbərlərə mətbuatda tez-tez rast gəlirik. Peşəkar futbolçu ilə razılığa gələn hər bir klub müqavilə bağlamamışdan əvvəl onu tibbi baxışdan keçirir. Əgər futbolçunun səhhətində hansısa bir problem aşkar edilərsə, klub onunla müqavilə bağlamır. Bu da başadüşüləndir. Xeyli xərc cəkib futbolçu alasan, o da “brak” çıxa və istifadə edə bilməyəsən.

Azərbaycanda peşəkar futbolçularla bu sahədə vəziyyət normaldır. Yəni, klub transfer etdiyi futbolçunu tibbi baxışdan keçirib sonra müqavilə bağlayır. Bəs, uşaq futbolunda vəziyyət necədir? Bəri başdan qeyd edim ki, o qədər də ürəkaçan deyil. Premyer Liqada çıxış edən hər bir klubumuzun uşaq futbol məktəbi olmalıdır və var. Həmin məktəblərdə yüzlərlə gənc və uşaq futbolla məşğul olur. Əsas komandanın üzvlərinin səhhəti üçün dəridən-qabıqdan çıxan klub rəhbərliyi uşaqlara da eyni münasibəti göstərirmi? Təəssüf ki, həmişə yox. Uşaqların hər il tibbi baxışdan keçməsi vacibdir. Amma bəzi klublarımız bunun üçün əlavə xərcə düşməyə ehtiyac görmürlər. Bundan başqa mövsümboyu oyunlarda və ya məşqlərdə zədələnən uşaqların müalicəsi kimin üzərinə düşür – klubun və ya valideynin? Çox vaxt bu yükü klublar öhdələrinə götürsələr də, istisna hallar da mövcüddür. İndiyə kimi mətbutda bir neçə dəfə klubun sahibi olduğu futbolçunun müalicəsini üzərindən atmaq üçün cığallaq elədiyi barədə xəbərlər yer alıb. Doğrudur, bu vaxt kimin haqlı, kimin haqsız olduğunu sübut eləmək mümkün olmayıb. Yenə də, atalar “od olmayan yerdən tüstü çıxmaz” deyiblər. Bir məqama diqqət yetirmənizi istərdim. Klub dedikdə təkcə Premyer Liqadakı “onluğ”u nəzərdə tutmuram. Bura sırf uşaq futbolu ilə  məşğul olan məktəblər və özünü klub adlandıranlarla yanaşı futbolçu yetişdirmək adı ilə şəxsi mənafelərini güdənlər də aiddir.

Əslində, necə olmalıdır?

Klub  nəzdində fəaliyyət göstərən uşaq futbol məktəbinə futbolçu götürəndə onun validyeni ilə müqavilə imzalanır. Nadir hallarda valideyn müqavilənin detalları ilə tanış olur. Əksəriyyət isə “müəllimdən ayıbdır”, “birdən xətirlərinə dəyər” və bu kimi fikirlərlə müqaviləyə baxmadan imza atır.  Müqavilədə uşağın sağlamlığına klubun cavabdeh olması göstərilməlidir. Başqa sözlə, əgər Allah eləməmiş, oyun və ya məşq zamanı futbolçu zədələnərsə, bu halda onun sağlamlığının bərpasına çəkilən xərclər klubun hesabına ödənilməlidir. Eynilə əsas komandanın futbolçuları zədələndikdə olduğu kimi. Amma bəzi hallarda klublarımız sinələrini geri çəkirlər və belədə yük valideynin üzərinə düşür. Bundan başqa müqavilədə hər mövsümdə iki dəfə olmaqla uşaqların tibbi baxışdan keçməsi göstərilməlidir. Bu halda onların sağlamlığının hansı vəziyyətdə olması üzə çıxır. Elə uşaqlar var ki, səhhətlərində olan problemlər onların futbol oynamasına imkan vermir. Və ya həmin problemlər sonradan ciddi fəsadlara, hətta... Adamın əli gəlmir yazmağa. Qısası, bəzi  klublarımız uşaqların tibbi baxışdan keçirilməsinə dırnaqarası baxırlar. Hamımızın rastlaşdığı adi bir halı misal çəkəcəm. Klub valideyndən uşağın sağlamlığı haqqında qeydiyyatda olduğu ərazinin poliklinikasından arayış gətirməyi tələb edir. Hansı ki, həmin proseduru özləri təşkil etməlidir və futbolçular konkret müəyyən olunmuş xəstəxana və ya poliklinikada tibbi baxışdan keçməlidirlər. Valideynlər də poliklinikaya müraciət edərək həmin arayışı əldə edib kluba təqdim edirlər. Məlum məsələdir ki, onlardan az qismi övladını həqiqətən həkimlərə yoxlatdırır. Əksəriyyət isə sahə həkiminə “şirinlik” verəndən sonra bu sənədi əldə edir və uşağın sağlamlığından xəbərsiz qalır. Sabah Allah eləməmiş, uşaq oyun və ya məşq zamanı, məsələn, ürəyindəki qüsur nəticəsində problemlə üzləşsə, kim cavabdeh olacaq? Klub? Yox. Axı, poliklinikadan arayış var. Poliklinika? Bir yolla özünü təmizə çıxaracaq. Uzağı, sahə həkimi işdən qovulacaq. Valideyn? Bəli, məhz valideyn. Çünki, klubun onun övladı üçün etmədiyini o özü etməliydi. Çünki, klubdan övladının tibbi baxışdan keçirilməsini tələb etməliydi. Çünki... “Çünki”lər çoxdur. Nəticədə döyülən də, söyülən də valideyn olur.

Tibbi baxış nədən ibarətdir?

Elə də çətin proses deyil. Bir neçə il əvvəllə kimi uşaqlar ildə bir dəfə olmaqla tibbi baxışdan keçməli idilər. Son illərdə isə bu prosesin 2 dəfə həyata keçirilməsi məqsədəuyğun hesab edilir. Buna da səbəb futbolda fiziki yüklənmələrin çoxalmasıdır. Başqa sözlə, məşq proseslərinin ağırlaşması uşağın  inkişafda olan orqanizminə öz mənfi təsirlərini göstərə bilər ki, bunu da vaxtında üzə çıxarmaq və qarşısını almaq üçün hər yarım ildən bir həkimlərə müracait etmək vacibdir. Bu öz yerində, bayaq da qeyd etdiyim kimi klublar uşaqlardan tibbi arayış tələb edirlər ki, əslində bu, uşaq futbolla məşğuliyyətə təzə başlayanda lazım olur. Poliklinikanın verdiyi arayışa əsasən uşaq yoxlanılır və azacıq da olsa, futbol istedadı varsa müqavilə imzalanır. Bundan sonra arayış-filan tələb olunmamalı, tibbi baxış klub tərəfindən həyata keçirilməlidir. Hər bir uşaq yoxlama keçdiyi tibbi müəssisəsində qeydiyyata götürülməli, adına “kartoçka” açılmalıdır. Tibbi baxış zamanı uşağı hansı həkimlər yoxlamalıdırlar? Nevropotoloq, otorinolorinqoloq, kardioloq, stomotoloq, dermatoloq, oftalmoloq... Demək olar ki, adı “oloq”la (daha doğrusu “loqos” – qədim yunan dilindən hərfi tərcümədə “fikir”, “mühakimə” və digər mənalarını verir – İ.T.) bitən bütün həkimlər. Bəziləri düşünə bilər ki, bütün bu proseslərdən keçmək nəyə lazımdır? Tibbi savadım olmasa da, bir neçəsini izah eləyə bilərəm. Məsələn, uşaqlarda dişlərin çürüməsi halları ilə tez-tez rastlaşırıq. Karies balacalarda revmatizmin yaranmasına səbəb ola bilər. Deməli, stomotoloqun yoxlanışından keçmək mütləqdir. Revmatizmdən söz düşmüşkən, elə revmotoloqun da yoxlanışından keçmək vacibdir. Axı, revmatizm oynaqlarda fəsadlara və ağrılara səbəb olur. Və ya uşaqlarda tez-tez qurd xəstəliklərinə rast  gəlirik. Özü də bu xəstəliklərin bir çoxu keçici olur. Keçici olmağı bir yana, hər bir valideyn qurdların uşaqların inkişafına, səhhətinə mənfi təsir göstərdiyindən xəbərdardır. Qurdları aşkar eləyib düzgün müalicə aparmaq üçünsə, analizlər vermək lazımdır. Təsəvvür edin ki, hansısa uşaqda askarid (parazit qurd) var. Həmin uşaq isə analiz verməyib və “papa”nın sahə həkiminə verdiyi “şirinlik” hesabına saxta arayış alıb. Bununla həm özünü, həm də komandadakı digər uşaqları təhlükə altına atır. Bu cür misalları çox gətirə bilərəm. Qısası, hər bir uşağın həkim nəzarətindən keçməsi şərtdir və buna cavabdehliyi klublar daşıyırlar.

Klublarımızda vəziyyət necədir?

Bu sualı cavablandırmaq üçün Premyer Liqada çıxış edən klubların uşaq futbol məktəblərinin bu sahəyə göstərdikləri münasibətlə bağlı araşdırma apardım. Bayaq da qeyd etdiyim kimi, ölkəmizdə uşaq futbol məktəbləri təkcə bu klublarda deyil. Onlarla futbol məktəbi var ki, onların da əksəriyyəti “əldəqayırma”dır və məqsədləri futbolu inkişaf etdirmək yox, pul qazanmaqdır. Mövzudan uzaqlaşmayım araşdırma zamanı 10 klubdan bəzilərində bu sahədə axsama olduğu üzə çıxdı. Rəsmilər uşaqların klubun hesabına tibbi baxışdan keçirdiklərini söyləsələr də, valideynlər başqa söz deyirlər. Amma elə klublarımız var ki, həqiqətən bu sahədə əsl peşəkarlıq nümayiş etdirirlər. Onlardan öndəgedənlərindən biri “Qəbələ” Futbol Klubunun akademiyasıdır.  Burada respublikanın bütün regionlarından çox sayda uşaq həm futbolla məşğul olur, həm də təhsillərini davam etdirirlər. Akademiya uşaqların təhsili, davranışı, təlim-tərbiyəsi və... səhhətinə cavabdehlik daşıyır. Hazırda akademiyada təxminən 250 uşaq var. Onların hamısı ildə azı bir dəfə – mövsüm başlamamış tibbi baxışdan keçirlər. Yoxlama prosesi isə Qəbələ Şəhər Xəstəxanasında aparılır. Bundan başqa mövsümün gedişində zədə alanların müalicəsi də akademiyanın üzərinə düşür. Bir sözlə, “Qəbələ”ni çempionatda olmasa da, bu sahədə lider saymaq olar. Amma eşitdiyimə görə, uşaqların tibbi baxışdan keçməsi zamanı bəzi problemlər ortaya çıxır. Bu problemləri klub yox, tibb müəssisəsinin həkimləri yaradırlar. Məsələ burasındadır ki, tibbi baxış pulsuz olduğundan həkimlərin bəziləri peşələrinə peşəkar yanaşmayaraq uşaqları yoxlamamış onların sağlam olmaları barədə rəy yazmaq istəyirlər. Belə hallarla dəfələrlə rastlaşan akademiya rəhbərliyi onlardan işlərinə məsuliyyətlə yanaşmasını tələb ediblər. Hətta həkimlərə “görüm-baxım” ediblər ki, uşaqları dəqiq yoxlasınlar.

“Qəbələ” ilə bağlı daha bir təqdirəlayiq halı diqqətinizə çatdıracam. Amma bunu eşitməmişəm, canlı şahidi olmuşam. May ayının sonlarında start götürən ənənəvi “Qəbələ Kuboku”nu izləmək üçün Qəbələyə səfər etmişdim. Kubokun final görüşündən əvvəl akademiyanın tələbəsi Ümid Məmmədov simvolik olaraq topu oyuna daxil etmişdi. Ümid əslən Qəbələdəndir və akademiyanın istedadlı futbolçularından hesab olunur. Təəssüf ki, keçirdiyi ağır xəstəlik nəticəsində uzun müddət futboldan ayrı düşmüşdü. Övladının müalicəsini ölkə xaricində davam etdirmək məcburiyyətində qalan Ümidin valideynləri xeyli vəsait xərcləmişdilər. Sonradan məlum oldu ki, xərclərin bir hissəsini “Qəbələ” rəhbərliyi qarşılayıb. Başqa sözlə, yetirməsinin sağlamlığına və ailənin maddi vəziyyətinə biganə qalmayıb.

Futbol Akademiyası ilə ad çıxaran daha bir klubumuz “Bakı”dır. Burada vəziyyət bir qədər fərqlidir. Müqaviləsi olan 15 yaşdan yuxarı uşaqlar klub tərəfindən hər il “Modern Hospital” və ya Gömrük Xəstəxanasında tibbi baxışdan keçirlər. 15 yaşından aşağı uşaqlar isə sağlamlıqları haqqında arayışı qeydiyyatda olduqları sahə poliklinikasından əldə etməlidirlər. Səbəbini klubun icraçı direktoru Yaşar Seyidovdan soruşdum. Yaşar müəllim burada qeyri-adi bir halın baş vermədiyini əsas gətirərək məsələyə bu cür münasibət bildirdi: “Doğrudur, 15 yaşına kimi uşaqlardan sağlamlıqları haqqında arayış tələb edirik. Onların klub tərəfindən tibbi baxışdan keçməməsində isə qeyri-adi bir şey görmürəm. Onsuz da həmin uşaqlar saxta arayış təqdim etsələr belə daim klubun həkimlərinin nəzarətində olurlar. Bizdə hər komandanın öz həkimi var və hər biri kifayət qədər təcrübəyə malikdir. Əgər uşağın səhhətində, davranışında azacıq bir dəyişiklik hiss edərlərsə, bu barədə məşqçiləri və rəhbərliyi məlumatlandırırlar. Biz də problemi həll etməyə çalışırıq”.

“Bakı” haqqında bu qədər. Keçək digər köklü klubumuz “Neftçi”yə. Sevindirici haldır ki, paytaxt klubunda bu sahədə ötən illərlə müqayisədə xeyli irəliləyişlər müşahidə olunur. Uşaq futboluna cavabdeh şəxslər klubla müqaviləsi olan bütün uşaqları 8 km qəsəbəsindəki İdman Dispanserində tibbi baxışdan keçirirlər. Onların sağlamğılında hər hansı bir problem üzə çıxarsa, bu halda həmin uşağın valideyni məlumatlandırılır və müqaviləyə xitam verilir. Klubda uşaq futboluna cavabdeh şəxslərdən olan seleksiyaçı-məşqçi, ötənlərin tanınmış futbolçusu Səmədağa Şıxlarovla söhbət zamanı o, körpələrin sağlamlıqlarına ciddi fikir verdiklərini xatırlatmaqla yanaşı, zədələnən futbolçuların xərclərini də klubun ödədiyini bildirdi.

“Sumqayıt”da da bu sahədə vəziyyət normal sayıla bilər. Klubun Futbol Akademiyasına baxışa gələn uşaqdan sağlamlığı haqqında arayış tələb olunur. Əgər akademiyaya qəbul olunarsa, onda həmin uşağın sağlamlığına cavabdehliyi artıq klub daşıyır. Hamı bir nəfər kimi idman dispanserində qeydiyyata alınır, tam tibbi baxışdan keçirilir. Məşq və oyun prosesində alınan zədələrin müalicəsi də akademiyanın boynuna düşür.

4 klubu təriflədim, elə bilməyin ki, bu sahədə hər şey qaydasındadır. Elə klublarımız var ki, hələ də sahə həkiminin arayışına bel bağlayırlar. Onlardan biri çox vaxt peşəkrlıq baxımından digər klublara nümunə göstərilən “İnter”dir. “İnter” Peşəkar İdman Klubunun nəzdində fəaliyyət göstərən uşaq futbol məktəbi Azərbaycanda ən yaxşılardandır. Bunu məktəbin yetişdirdiyi futbolçulara, respublika birinciliklərində, o cümlədən müxtəlif turnirlərdə göstərdikləri nəticələrə, maddi-texniki bazaya əsasən deyirəm. Təkcə tibbi baxış məsələsi işləri korlayır. Klubun maliyyə vəziyyəti normal təsir bağışlayır. İndiyə kimi klubun maliyyə çətinliyi ilə üzləşdiyinin şahidi olmamışam. Klubun uşaq futboluna kifayət qədər diqqət ayrıldığını nəzərə alaraq tezliklə bu çatışmazlığın aradan qaldırılacağını düşünmək olar. Hazırki vəziyyət isə belədir – klub gənc futbolçuları yüksək keyfiyyətli bütün idman ləvazimatları ilə təmin edir, onların normal məşq prosesi keçməsi üçün bütün şəraiti yaradıb. Bir neçə həkim uşaqların sağlamlığına nəzarət edir. Zədəli futbolçuların bərpası üçün lazımi avadanlıqlar və dərmanlar var. Bütün bunlar uşaqların heç olmasa ildə bir dəfə klub tərəfindən tibbi baxışdan keçirilməməsinə əsas vermir. Bu sahəyə cavabdeh şəxslərlə söhbət zamanı onlar da bu çatışmazlığın tezliklə həll olunacağını bildirdilər. Oxşar vəziyyət “Qarabağ”da da var. Ağdam klubunda da valideynlərdən arayış tələb olunur və həmin arayış nəticəsində uşağın sağlam olub-olmaması müəyyən edilir. Təbii ki, Avropaya ayaq açan bir klubumuz üçün bu hal arzuolunmazdır. Amma sevindirici xəbərim var. Tezliklə, uşaqların klub tərəfindən tibbi baxışdan keçiriləcəyi gündəmdədir və uşaq futboluna cavabdeh şəxslər bu məsələ ilə məşğuldurlar. Zədələnən uşaqların sağlamlıqlarının bərpası və müalicsi ilə isə hər iki klubda vəziyyət arzuolunandır. Allah eləməmiş, ağır zədə zamanı tələb olunan xərclər klubluqdur.

Haşiyə çıxım, elə valideynlər tanıyıram övladlarının futbolla bağlı olmayan əməliyyat xərclərini klubların hesabına ödəmək istəyirlər. Məsələn, 2 halda valideyn oğlunun anadangəlmə burun çəpəri əyriliyini aradan qaldırmaq üçün klublardan pul tələb edib. Guya, uşaq futbol oynayan zaman burnu “əyilib”. Buna oxşar hadisə “Simurq”un başına gəlib. 17 yaşlı bir uşaq oyun zamanı burnundan ağır zədələnibmiş və sonradan məlum olub ki, onun əməliyyata ehtiyacı var. Həmin vaxt isə futbolçu artıq “Simurq”dan ayrılıbmış. Valideynin tələbindən sonra klub rəhbərliyi gəncin onların hesabına əməliyyat olunmasını təklif edib. Amma valideyn klubu “üzüyumşaq” görə əməliyyatın Türkiyədə keçirilməsini tələb edib. Klub bu dəfə də razılaşıb, təki heç kim narazı qalmasın. Bundan daha da ürəklənən həmin şəxs axırda klubdan tələb edib ki, əməliyyat xərcini ona versinlər, özü bilər nə edir, necə edir. Bərəkallah!  Sonda klub “əyriburun”u Bakıdakı xəstəxanaların birində əməliyyat elətdirib.  Atalar yaxşı deyib, başına gələn başmaqçı olar. Bu hadisədən sonra “Simurq” rəhbərliyi uşaq komandaları üçün həkim ştatı  ayırıb və həmin təbib uşaqların sağlamlığına birbaşa nəzarət edir. Bunu klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevdən eşitmişdim. Elə mövzu ilə bağlı da sullarımı ona ünvanladım. Rüstəm bəylə söhbət zamanı bu sahədə çatışmazlıqların olduğu üzə çıxdı. “Simurq”un əsas və əvəzedici heyət üzvləri ilə yanaşı 17 və 19 yaşlı futbolçular da klubun hesabına tibbi baxışdan keçirlər. Daha aşağı yaş qrupunun üzvləri isə sağlamıq haqqında arayış gətirməlidirlər. Rüstəm bəy bunun peşəkar kluba yaraşmaması ilə bağlı iradımı qəbul edərək nöqsanı sırf maddiyyatla izah elədi. Bununla belə, klubun sözçüsü uşaqların daim yeni təyin olunmuş həkimin nəzarəti altında olduğunu da söylədi.

AZAL-da bu sahədə vəziyyət nümunəvidir. “Xəzər Lənkəran”da da həmçinin. Hər iki klubun uşaq futbolunda lazım olan bütün prosedurlar həyata keçirilir. AZAL gənc futbolçuları 8 km-dəki İdman Dispanserində, Lənkəran klubu isə şəhər Diaqnostika Mərkəzində tibbi müayinədən keçirir. Zədələrin müalicəsi də öz yerində. Hər iki klubun rəsimiləri ilə bu barədə söhbət zamanı ortaya qoyduqları faktlara əsasən bir daha əmin oldum ki, əgər uşaq məşq və ya oyun zamanı zədələnərsə, valideyn övladının müalicəsi zamanı “nə edəcəm, necə edəcəm” sualı qarşısında qalmır. AZAL haqqında maraqlı bir fakt. AFFA-nın təşkil etdyi yarışlarda ən aşağı yaş qrupu üzrə yarışlar 10 yaşlı futbolçular arasında keçirilir. Buna baxmayaraq, klub 9 yaşlı uşaqları da tibbi müayinəyə göndərir. Başqa bir təqdirəlayiq fakt isə “Xəzər Lənkəran”la bağlıdır. Bu klubun uşaqları digərlərində olduğu kimi ildə 1 deyil, qaydalara uyğun 2 dəfə həkim nəzarətindən keçirlər.

Bir qədər də Preymer Liqa təmsilçilərindən son klubumuz “Araz Naxçıvan”da bu sahə ilə bağlı vəziyyət haqqında. “Araz Naxçıvan” Premyer Liqaya vəsiqə qazanana kimi də Naxçıvanda uşaq futbolu mövcud idi və bu sahəyə nəzarəti yeri UGİM həyata keçirirdilər. Klub Premyer Liqaya vəsiqə qazandıqda isə lisenziyalaşma qaydalarına əsasən özünün uşaq futbol məktəbi olmalıydı və sözügedən məktəblərin bir neçəsinin hesabına bu məsələ öz həllini tapdı. Buna kimi Muxtar Respublikada aşağı yaş qrupları arasında daxili birincilik keçirilirdi. Naxçavanda uşaq futbolunun vəziyyəti ilə bağlı növbəti yazıların birində geniş məlumat verəcəm. İndi isə mövzudan kənar çıxmayım. Muxtar Respublikada gənc futbolçulardan arayış tələb olunmur. “Araz Naxçıvan” və digər futbol məktəblərinin futbolçuları bir nəfər kimi Naxçıvan şəhər Mərkəzi Dispanserində tibbi müayinədən keçirlər və qeydiyyata götürülürlər. Bir balaca “nasaz” uşaqların validyenlərinə övladlarının vəziyyəti ilə bağlı məlumat verilir və onların başqa sənət dalınca düşmələri məsləhət görülür. Təkcə bu yay tibbi baxış zamanı bir neçə uşağın sağlamlığında aşkar olunan problemlər nəticəsində onların futbol oynamalarının həyatları üçün təhlükəli ola biləcəyi aşkarlanıb və futbol məktəblərindən uzaqlaşdırılaraq müalicə olunmaları məsləhət görülüb.

Son söz əvəzi

Yaddan çıxmamış bir xəbəri klubların diqqətinə çatdırmaq istəyirəm. 8 km qəsəbəsində yerləşən İdman Dispanseri haqqında hər bir klubun məlumatı var. Həmin tibb müəssisəsində uşaqları rahatlıqla tibbi baxışdan keçirmək olar. Bu sahə ilə məşğul olan daha bir tibb ocağı Respublika İdman Tibb Mərkəzində də gənc futbolçuları yoxlatdırmaq mümkündür. Bir neçə il əvvələ kimi təsərrüfat hesabına fəaliyyət göstərən Respublika İdman Tibb Mərkəzində yoxlanışdan keçmək üçün indi heç bir maliyyə vəsaiti tələb olunmur. Sadəcə, istək lazımdır. Klubun həmin dispanserə  rəsmi müraciət ünvanlaması kifayətdir. Qalanı həkimlərin işidir.

Sonda bir daha qeyd edim ki, bu yazıda Premyer Liqa klublarındakı vəziyyətə toxundum. Amma ölkəmizdə uşaq futbolu ilə məşğul olan çox sayda futbol məktəbləri var. Onların bu sahədəki faəliyyətləri ilə tanış olmaq qısa zamanda mümkün olmadığından araşdırmanı davam etdirəcəm. Növbəti sayımızda uşaqların tibbi baxışdan keçməsi ilə bağlı mütəxəssis fikirlərini dərc edəcəm və vaxtında aradan qaldırılması tələb olunan bir sıra nöqsanlar haqqında məlumat verəcəm. Növbəti araşdırmalar isə uşaq futbolu ilə bağlı digər sahələrdə gedən proseslər, problemlər, çatışmazlıqlar, özbaşınalıqlar və s. haqqında olacaq. Unutmayaq ki, prezident İlham Əliyev 2005-ci il oktyabrın 10-da “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın təsdiq olunması ilə bağlı sərəncam imzalayıb. Həmin sərəncamda uşaq futbolunun inkişaf etdirilməsi də öz əksini tapıb. 2015-ci il isə o qədər də uzaqda deyil. Geridə qalan 9 ildə nəzərdə tutulan işlərdən hansılar görülüb, hansılar isə... Səbirli olun!

İlqar TAĞIYEV, “Het-trik news” qəzeti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30