26 Aprel 2024, Cümə
Hidayət Heydərov finalda
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Ölkə futbolu

Coşqun Diniyev: “Komandanın bir ağsaqqalı var - Kaxaber Tsxadadze”

“İnter”in gənc üzvü, milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin oğlu Coşqun “Het-trik news” qəzetinə müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Coşqun, deyəsən “İnter”də işlərin yaxşı gedir. 2 oyundur ki, əsas heyətdə meydana çıxırsan. Səninlə eyni mövqedə oynayan Abdulla Abatsiyev zəifləyib, ya sənartırmısan”?

- Abdullanın zəiflədiyini deyə bilmərəm. O da mənim kimi üzərində çox çalışır. Abatsiyev yaxşı futbolçudur. Əsas yığmaya çağırılması da onun səviyyəsindən xəbər verir. Ötən il 18 yaşım tamam olmamışdı və fiziki cəhətdən bir qədər zəif idim. Buna görə də məşqçimiz məni meydana az-az buraxırdı. Mövsüm başa çatdıqdan sonra üzərimdə daha çox işlədim. Özümə söz verdim ki, başqa işlərlə məşğul olmayacam, ancaq fikrimi məşqlərə yönəldəcəm. İndi yaxşı fiziki formadayam. Yəqin ki, buna görə Sxadadze mənə şans verir. Komandada rəqabətin olması yaxşı haldır. Kim güclüdürsə, o da oynayacaq. Amma bu gün mənim əsas heyətdə meydana çıxmağım o demək deyil ki, mən Abdulladan güclü futbolçuyam.

- Başqa şeylər deyəndə nəyi nəzərdə tutursan?

- Cavanların gördükləri müxtəlif işləri. Məsələn, boş vaxtlarını dost-tanışlarla keçirməyi, sosial şəbəkələrdə vaxt itirməyi, bir sözlə, çox şeyi futbola qurban vermişəm.

- “Bakıya vurduğun qol xeyli baxımlı alındı. Bəxtin gətirdi?

- Düşünülmüş bir qol idi. Topu qapıya tərəf vururamsa, deməli, məqsədim fərqlənməkdir. Bəxtim onda gətirdi ki, top düz “doqquzluğ”a getdi. Bu qolla həm də sübut elədim ki, “Araz Naxçıvan”a vurduğum qol təsadüf olmayıb.

- Kaxaber Tsxadadze necə məşqçidir?

- Tsxadadzenin bacarığı hamıya məlumdur. Onun rəhbərliyi altında oynamaq mənim üçün fəxrdir...

- Demək istəyirsən, Şahin Diniyevdən yaxşıdır?

- Hər bir məşqçinin özünəməxsus keyfiyyətləri var. Şahin Diniyevin rəhbərliyi altında heç bir komandada oynamamışam, heç komandasının məşqlərini də görməmişəm. Övladın atanın işinə qiymət verməsi düzgün deyil. Amma bilirəm ki, atam yaxşı məşqçidir. Bunu çoxundan eşitmişəm. Tsxadadze iləsə bir neçə ildir bir yerdəyəm, doğrudan da əla mütəxəssisdir. “İnter”də oynadığım üçün tərifləmirəm. Səmimi sözümdür.

- Bilirdim tərifləyəcəksən, insani keyfiyyətlərini nəzərdə tuturam.

- İnsan kimi də ondan narazılığım yoxdur. Məşqlərdə tələbkar, həyatda isə mülayim birisidir. Həmişə ondan dəstək görmüşəm.

- Komandanınmolodoylarındansan. “Dembellərlə münasibət necədir?

- İnandırım ki, bizdə belə söhbətlər yoxdur. Komandanın bir ağsaqqalı var - Kaxaber Tsxadadze. Hamımız onun dediyi ilə oturub-dururuq. O ki, qaldı münasibətə, futbolçuların hamısı ilə dost kimiyəm. Amma əsasən yaşıdlarımla daha çox ünsiyyətdə oluram. Səlahət Ağayev, Nizami Hacıyev, elə Abdullanın özü.

- Bəs, Baçana? Baş məşqçinin oğlu ilə dostluq eləmək işinə yaraya bilər.

- Komandada elə bir atmosfer var ki, heç deməzsən, Baçana baş məşqçinin oğludur. O,  komandanın futbolçularından biridir və heç vaxt Kaxanın oğlu olduğunu digərlərinə hiss etdirməyib. Onunla da, digər legionerlərlə də dost münasibətlərim var. Bir kiçik kimi hamısının hörmətini saxlayıram. Amma dil probleminə görə daha çox gəlmələrlə deyil, yerlilərlə ünsiyyət qururam. 19 yaşım var, çox şey öyrənməliyəm. Bu mənada yerlilərlə yanaşı, legionerlər də mənə dəstək olurlar. Ən çox da Giorgi Lomaya, Aleksandr Amisulaşvili və Derlis Meza Kolli. Demək olar ki, hər məşqdə məsləhətlərini məndən əsirgəmirlər.

- Bir az futbola gəlişindən danışardın. İlk müəllimin kim olub?

- Futbolla 7-8 yaşından məşğul oluram. Atamın futbolla bağlı bir insan olduğunu görüb həvəslənmişdim. İlk məşqçim Roman Cəfərov olub. Hazırda “İnter”də məşqçilər heyətindədir. 1-2 il top qovandan sonra atam məndə “nəsə” olduğunu görüb məşqləri davam etdirməyimi istədi. “İnter”in bütün yaş qruplarında oynaya-oynaya əsas komandaya kimi gəlib çıxdım.

- “İnterin heyətində ilk dəfə 16 yaşında görünmüsən. Necə hisslər idi?

- İnişil “Turan”a qarşı matçın son 7-8 dəqiqəsində oyuna qoşuldum. 2:0 hesabı ilə qalib gəlmişdik. Həmin vaxt keçirdiyim hissləri sözlə ifadə etmək çətindi. 16 yaşında gəncə etimad göstərliməsi, düşdüyüm atmosfer, sevinclə bərabər həyacan hissi...

- Əsas heyətə düşməyinə Şahin müəllimin rolu çox olub?

- Atamın məşqlərdə daha səylə çalışmağım, düzgün yönləndirilməyim, özünün futbol biliyini mənə öyrətməsi baxımından rolu var. Bir növ əli həmişə üzərimdə olub. Bəziləri düşünə bilərlər ki, Coşqun atasının hesabına irəli gedib. Səhv yanaşmadır. Hələ uşaq olanda atam bizə məsləhət görərdi ki, əgər futbolçu olmaq istəmirsinizsə, gedin özünüzə başqa peşə tapın. Mən sizə görə kiməsə ağız açası deyiləm. Şükür Allaha, hələ ki, atamın üzünü ağ edirik. İndiyə kimi nə mənə, nə də Kərimə görə kiməsə ağız açmayıb. Söz verirəm, indən belə də açmayacaq.

- Kərimlə aran necədir?

- Necə olasıdı? Əla. Kərim böyük qardaşım olmaqdan əlavə ən yaxın dostum, yoldaşımdır. Arada zarafatımız olur. Amma məndən böyük olduğuna görə həddimi bilirəm.

- Qardaşın necə futbolçudur?

- Bircə deməyin ki, qardaşını tərifləyir. Kərim həqiqətən yaxşı futbolçudur. Hamı kimi onun da müəyyən çatışmazlıqları var. Bunu ona deyməyə haqqım çatmır. Atamın həmin çatışmazlıqları daha yaxşı gördüyündən mənim nəsə deməyimə ehtiyac qalmır. AZAL-ın əsas heyətində oynayırsa, deməli, o yerə layiqdir. Kərimə yaxşı futbolçu deyə bilərdim. Amma nə mən, nə də o, tam futbolçu deyilik. Hər ikimiz gəncik, öyrənməli çox şey var.

- Kərimə qarşı oynamaq çətindir?

- Bu, ilk dəfə 2 il əvvəl baş verib. Kərim “Neftçi”nin, mən isə “İnter”in əvəzedici komandasında oynayırdım. Həyatda qardaş olsaq da, meydanda bunu nə o, nə də mən hiss eləmədim. Əsl rəqib idik. Maraqlıdır ki, həmin oyununun hakimi əmim oğlu Ramil Diniyev idi. Atamla kiçik qardaşım isə tribunada oyunumuzu izləyirdilər. Bir sözlə həmin gün stadionu Diniyevlər zəbt eləmişdi. Hətta mətbuatda “Diniyevlərin günü” başlıqlı bir xəbər də dərc olunmuşdu.

- Ramil əmisi oğullarına tərəfkeşlik etdi?

- Buna heç ehtiyac da olmadı. Olsaydı belə, inanmıram ki, Ramil belə hərəkət edərdi. Məndən 10 yaş böyükdü. Arada pərdə var.

- Sən meydanda olanda Şahin müəllim kənardan məsləhət verir?

- Əvəzedicilərdə oynayanda atamın stadionda olması məndə həyacan hissini artırırdı. Hər dəfə oyunuma baxmağa gəlməyəcəyini desə də, gizlin bir yerdə dayanırdı. Harada dayandığını isə əzbər bilirdim. Oyunun gedişində fasilə yarananda istər-istəməz həmin yerə boylanırdım. Əl-qol hərəkətləri ilə bəzi məsləhətlər verirdi. Məsləhətinə hər dəqiqə ehtiyacım var, amma indi səs-küydən buna imkan olmur.

- Oyundan sonra necə, məzəmmət edir?

- Həm mənim, həm də Kərimin səhvlərini izah edir, məsləhətlərini verir. Çalışırıq ki, həmin səhvləri birdə təkrarlamayaq.

- Deyilənə görə, sənin oyun tərzin atanın oyun tərzinə çox bənzəyir.

- Atam futbolçu olanda mən uşaq idim. Oyununu görməmişəm. Amma özü deyir ki, Coşqunun oyununa baxanda gəncliyim yadıma düşür.

- Şahin müəllimin dediyinə görə, uşaq vaxtı ipə-sapa yatmırdın.

- Doğrudan da dəcəl uşaq idim. Məni tanıyanlar inanmırlar ki, uşaqlıqda tamam başqa xasiyyətim olub. Dərslərdən qaçıb futbol oynamağa gedirdim, tez-tez dalaşırdım. Uşaqlığımı yadına salanda atamı gülmək tutur. Mənim bu cür sakittəbiətli olacağıma inanmadığını deyir. Atamın başı mənə görə çox bəlalar çəkib. Kərim isə sakit uşaq idi. Onun da başına o qədər oyun açmışam ki. Ailədə 4 uşağıq. Kərimdən başqa bizdən xeyli kiçik qardaş və bacım var. Həm Ceyhuna, həm də Sevincə nümunə olmağa, boş vaxtalırımı onlarla keçirməyə, tez-tez sevindirməyə çalışıram. Uşaqlar sevinəndə özümü yaxşı hiss edirəm.

- Dəcəllər çox vaxt oxuyan olmurlar. Sən necə? Özü bu il tələbə adını qazanmısan.

- Etiraf edim ki, ali məktəbə təsadüfən daxil olmuşam. Lazımi bal yığacağımı gözləmirdim. 6-7-ci sinifə kimi oxuyan uşaq olmuşam. Sonradan futbol təhsili arxa plana atdı. Atam ali məktəbə daxil olacağıma inanırdı. Hətta imtahan verdikdən sonra küçədə ona ümidli olmamasını dedim. Yenə də inamını itirmədi. Şükür Allaha etimadını doğruldum, Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul oldum.

- Tələbə adını qazanmasaydın, səni hərbi xidmət gözləyirdi. Neyləyəcəkin?

- Vallah, bu haqda fikirləşməmişdim. Ona görə də nəsə deməyim düzgün çıxmaz.

- Bayaq dedin ki, dəcəl uşaq olmussan. Şahin müəllim dəcəlliyinə görə sizi döyübmü?

- Atam bir dəfə də olsun bizə əl qaldırmayıb. İstəyirsiniz inanın, istəyirsiniz yox.

- Heç qışqırmayıb da?

- Futbola görə heç vaxt. Nə uşaq olanda, nə də indi. Nəsə səhv edəndə üz-üzə əyləşib bir dost kimi müzakirə etmişik. Onu cəmi bir dəfə əsəbi görmüşəm. O da ötən il Zaqatalada “Simurq”la oyundan sonra.

- Səhv etmirəmsə, həmin vaxt yerli azarkeşlərlə aranda qalmaqal baş vermişdi.

- Azarkeşlərdən biri məni təhqir etmişdi. Özümü təhqir etsəydi, fikir verməzdim. Bilirsiniz ki, anamı uşaq olanda itirmişəm. Həmin azarkeş isə yaralı yerimə toxunmuşdu. Özümü saxlaya bilmədim. Qol vurduqdan sonra həmin azarkeşə tərəf qaçaraq, barmağımla susmasını istədim. Vəssalam. Hakim onu təhqir etdiyimi zənn edərək məni ikinci sarı vərəqə ilə meydanda qovdu. Sonradan futbolçular arasında qalmaqal yaşanmışdı. Həmin vaxt atam bərk hirsənmişdi. Çox peşiman olmuşdum. Yenə də hadisənin necə baş verdiyini ona izah edəndən sonra məni başa düşdü. Futbolçu meydanda nizam-intizamı qorumalı, azarkeşlərə qarşı kar və kor olmalıdır. Amma bəzi insani hisslər var ki, onlara toxunanda hər şey yaddan çıxır. Səbirli olmalıydım. Belə şeylərə fikir versən, onda gərək futbol oynamayasan. Azarkeşlər də gərək bizi başa düşsünlər. Ən əsas da təhqirdən uzaq olsunlar.

- Boş vaxtlarını necə keçirirsən?

- Qardaş və bacıma həsr edirəm. Bir də dostlarımla keçirirəm.

- Dostların çoxdur? Adətən bir balaca irəli gedən gənclərin dostlarının sayı hesabı olmür.

- 2 nəfər var ki, onlarla dostluq edirəm. O da uşaqlıqdan. Onlar məni Coşqun Diniyev kimi yox, adi bir Coşqun kimi tanıyırlar və qəbul edirlər.

- Kərimin evlənməsini səbirsizliklə gözləyirsən? Yoxsa...

- Məndən əvvəl Kərim var. Əvvəl böyük qardaş evlənməlidi, sonra mən. Hələ bu haqda fikirləşmək tezdir. Bilirəm, soruşacaqsan. Ona görə indidən cavab verim, istdiyim qız yoxdur.

- Həyat yoldaşını özün seçəcəksən, yoxsa valideynlərinin məsləhətinə qulaq asacaqsan?

- 21-ci əsrdə yaşayırıq. Yəqin ki, seçimi özüm edəcəm. Buna baxmayraq, məsləhətsiz də keçinmək olmaz.

- Şahin müəllimin hansı xüsiyyətinin səndə olmasını istərdin?

- Hamısını. Şahin Diniyev mənim idealımdır. Atam olduğuna görə demirəm. Onun kimi saf və dürüst insanla rastlaşmamışam. Hər bir hərəkətimdə ona oxşamaq istəyirəm.

- Bəs, hansı xüsusiyyətinini səndə olmamasına çalışırsan?

- Elə bir xüsuiyyəti yoxdur.

- Yəqin ki, uşaqlıqdan sənin kumirin olub.

- Rasim Abuşov. Uşaq vaxtı onun kimi oynamağı arzulayırdım.

- Elə bildim Messi deyəcəksən.

- Messidən çox Ronaldonu bəyənirəm. Onun kimi oynamaq isə...

- Bu ilİnter 2016- ilə kimi müqavilə bağladın. Detallara fikir verdin, yoxsa, gözüyumulu imza atdın?

- Müqaviləyə atam baxdı və onun razılığından sonra imzaladım. Şərtlər yaxşı idi.

- 18 yaşında bir gəncin böyük pullar qazanması onun psixologiyasına mənfi təsir göstərə bilər. Səndə vəziyyət necədir?

- Doğrudan da həddən artıq pul insanı yolundan azdırmağa qadirdir. Gəncliyə uyğun olaraq, insanda “şişmə”, özündənrazılıq hissləri baş qaldıra bilər. Hər şey insanın özündən asılıdır.  Mənə gəlincə, o qədər də çox pul qazanmıram. Aldığımı  da evə verirəm. Kərimdə də eyni vəziyyətdir. Atam heç vaxt həyatda pulu əsas götürməyib. Biz də onun tərbiyəsini gördüyümüzdən pulu o qədər də önəmli saymırıq. Əsas futbol oynamaqdır. Qısası, hamının pulu evdə olur. Bankir də atamdır (gülür).

- Amma özünə təzə avtomobil ala biərdin. Deyəsən, şeytanlıq edirəm

- Mən ailə tərbiyəsi görmüşəm. Avtomobili neynirəm? Düzü, heç ona ehtiyacım da yoxdur. Çox vaxt evdə ya da bazada qalıram. Harasa gedəndə şəhər nəqliyyatından istifadə edirəm.

- Tanıyanlar olur?

- 1-2 dəfə olub. Bizdə futbola o qədər fikir vermirlər. Ona görə də futbolçular da az tanınır. Əslində, tanınmamağımız bizə daha rahatdır.

- Bir dəfə pulla şəkil çəkdirmişdin həmin şəkil sosial şəbəkələrdə yayılmışdı.

- İnstaqramda səhifəm var idi. Həmin səhifəyə dostum da daxil ola bilirdi. Şəkili çəkən də, səhifəyə qoyan da dostum olub. Amma bunu səhvən mənim adıma yazmışdılar.

- Nəyə görəİnterə digər komandalarla müqayisədə bir qədər yad münasibət var.

- Bəziləri deyə bilərlər ki, komandanın baş məşqçisi gəlmədir, komandaya öz yerlilərini gətirir. Gəlin baxaq, bu gün hər bir komandanın heyətinin böyük bir hissəsini legionerlər təşkil edir. “İnter”də də gəlmələr çoxdur. Amma bu, yerli futbolçuların arxa plana keçməsi demək deyil. Hazırda komandada 12 yerli futbolçu var. Onların da bir neçəsi o cümlədən mən klubun futbol məktəbindən çıxmışıq. Biganəliyə gəlincə, son illər stabil oyun göstərsək də, sizin deyinizə görə azarkeşlər tərəfindən az sevilməyimizin səbəbini bilmirəm. “İnter”in sadiq azarkeşləri az deyil. Əvvəlki illərlə müqayisədə artım müşahidə olunur. Hətta son vaxtlar məşqlərimizi izləməyə gələn azarkeşlər də var.

- Nəyə görə 91 nömrə?

- Əsas komandaya kimi həmişə “10 nömrə” olmuşam. Bu, həm oynadığım mövqeyə uyğun idi, həm də “10 nömrə”ni xoşlayırdım. İndi dayaq yarımmüdafiəçisi kimi çıxış edirəm deyə mövqeyimə uyğun gəlmir. Komandada məndən yaşlı və təcrübəli futbolçular var. Onlar dura-dura mənim bu nömrəni daşımağım düzgün deyil. Digər tərəfdən “10 nömrə” olmaq üçün hələ çox işləməliyəm. O ki qaldı 91-ə, bunun elə bir xüsusi önəmi yoxdur. Mövsüm başlayanda hansı nömrəni istədiyimi soruşdular. Ağlıma ilk gələn rəqəm 91 oldu.

- Son sualımyəqin ki, bu ildən etibarən olimpiya yığmasına dəvət alacaqsan. Bəs, uzun müddətdən sonra əsas yığmada Diniyev soyadlı futbolçunu görə biləcəyikmi?

- Hər bir futbolçunun əsas hədəflərindən biri də yığmanın şərəfini qorumaqdır. Bir neçə gün əvvəl Bakının 2020-ci ildəki Avropa çempionatına ev sahibliyi edəcəyi bəlli oldu. Yaşımız həmin vaxt əsas komandada oynamağa imkan verəcək. Çalışıb yığmaya düşmək və həmin çempionatın final mərhələsində iştirak etməkdir. Qismət Allahdandır. İnanıram ki, 2020-ci illə bağlı bütün arzularımız gercəkləşər. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30