20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Sent-Etyen”, sən kimsən?

Azərbaycan futbolu inkişaf edir, yoxsa yerində sayır, ya getdikcə daha da geri gedir?
Cavablar arasında sualın üçüncü qanadını seçənlər yəqin çoxluq təşkil edər. Bu sırada “autsayder” isə sözsüz ki, sualın birinci hissəsi olacaq. Amma reallığı əks etdirən faktlardır.
Çox yaxın keçmişdə vurduğumuz bir qola, qazandığımız bir qələbəyə, dəf edə bildiyimiz bir mərhələyə görə sevinmiş, ürəkdən əl çalmışıq. Amma son üç mövsümdə ikinci dəfərdir Avropa Liqasında qrup mərhələsinə adlayırıq. Bu paralel geri qalmağın, yoxsa yerində saymağın, ya inkişafın göstəricisidir, qərarı özünüz verin.
Çempionlar Liqası da daxil, qitənin 80 ən güclü klubu sırasına çıxmaq sevincini bizə ilk yaşadan “Neftçi”yə püşk İtaliya “İnter”ini, Serbiya “Partizan”ını və Rusiya “Rubin”ini rəqib etmişdi. “Qarabağ”ın da rəqiblərindən biri keçmiş SSRİ təmsilçisi, amma Kazan futbolçularından qat-qat güclü Ukrayna “Dnepr”idir. Ağdam təmsilçisinin qrup rəqiblərinin digər ikisi isə “Böyük beşlik”ə daxil olan ölkələrin klublarıdır – yenə İtaliya “İnter”i və Fransanın “Sent-Etyen” kollektivi. Qrupda mübarizəyə də məhz sonuncularla oyunla başlayırıq. Bəs, Fransa təmsilçisi barədə nə bilirik, nə qədər bilirik?

Platininin komandası

Sərlövhədəki sualı kiminsə aqressiya anlamında qəbul etməsini istəməzdim. Çünki söhbət ondan gedir ki, birinci turda qarşılaşacağımız rəqib kimdir, onu yaxşı tanıyırıqmı?
“Sent-Etyen”i UEFA prezidenti Mişel Platininin komandası kimi təqdim edənlər çoxdur. Bu da səbəbsiz deyil – 1979-1982-ci illərdə Platini “Sent-Etyen”in heyətində 104 oyuna çıxıb və 58 qol vurub.
Lakin təmsil etdiyi şəhərin adını daşıyan komandada başqa məşhurların da adına rast gəlmək mümkündür: 1998-ci ildə Fransanı dünya çempionu etmiş məşqçi Eme Jake (“Sent-Etyen”də 176 oyun keçirən yarımmüdafiəçi 25 dəfə fərqlənib), 1984-cü il Avropa çempionu, mərkəz müdafiəçisi Patrik Battiston (102 oyun, 8 qol), PSJ-nin baş məşqçisi, müdafiəyə meylli yarımmüdafiəçi Loran Blan (70 oyun, 18 qol), sağ kənar hücumçusu, holland Conni Rep (131 oyun, 44 qol), kamerunlu forvard Roje Milla (59 oyun, 31 qol).

Fransanın ən titullu klubu

Fransada futbol çempionatının yüksək liqasının tarixi 1932-33-cü il mövsümündən başlayır. İlk çempionluğu 1957-ci ildə qazanmış “Sent-Etyen” sonralar daha 9 dəfə qızıl medallara yiyələnib və hazırda 10 çempionluqla liderdir. Lakin “yaşıllar” 33 ildir zirvəyə həsrətdirlər. Onların ən yaxın izləyicisi “Marsel”in aktivində 9 çempionluq var. “Nant” 8, “Monako” və “Lion” isə hərəyə 7 dəfə marafonu major notlarla tamamlayıb.

Komanda avrokuboklarda

“Yaşıllar” Avropa klub turnirlərində ilk oyunu 1957-ci il sentyabrın 4-də Şotlandiyanın “Qlazqo Reyncers” futbolçularına qarşı keçiriblər. Səfərdə məğlub olan (1:3) sent-etyenlilər öz meydanlarında qalib gəlsələr də (2:1), iki oyunun nəticəsində mübürizəni dayandırıblar. 1974-75-ci il mövsümündə öz ölkələrinin çempionlarının yarışında “Sent-Etyen” yarımfinalda “Bayern”lə (Münxen) bacarmayıb – “ev”də 0:0, səfərdə 0:2. Amma növbəti mövsümdə həmin səddi də keçməyi bacarıb, gəl ki finalda rəqib yenə Almaniya təmsilçisi “Bayern” olub və həlledici görüş rəqibin üstünlüyü ilə yekunlaşıb (1:0).
“Qarabağ”la qarşılaşma klubun tarixinə avrokuboklarda 90-cı oyun kimi düşəcək. Bakıda qalib gələrsə, 40-cı qələbənin sevincini, uduzarsa, 30-cu məğlubiyyətin acısını yaşayacaq.

Prezidentin həbsi ilə başlanan “qara günlər”

1981-ci ildə, 10-cu çempionluqdan doğan sevinci düz-əməlli yaşamamış komandada vəziyyət dəyişib. Maliyyə fırıldaqları aşkarlanmış və sübuta yetirilmiş klub prezidenti Roje Roşenin 20 il həbs cəzası alması ilə “Sent-Etyen”in “qara günləri” başlayır və komanda güclülər dəstəsini tərk edir. Tezliklə (1984-85) elitaya qayıtsa da, “yaşıllar” 1995-96-da yenidən aşağı diviziona yuvarlanır və yalnız üç mövsümdən sonra yüksək liqada yarışmaq hüququ qazanırlar. Lakin 2000-01-də pərəstişkarları bir daha elitanı tərk etməyin üzüntüsünü yaşamalı olurlar.
İki il “zəiflərlə” oynamaq məcburiyyətində qalan “Sent-Etyen” 2003-04 mövsümündən “Liqa 1”-dədir və o vaxtdan ən böyük uğuru UEFA Kuboku turnirində (2008-09) səkkizdəbir finala kimi irəliləməsi olub. Ötən çempionatı 4-cü pillədə bitirməklə komanda yenidən qitə yarışlarına vəsiqə əldə edib: çempionatı 69 xalla yekunlaşdıran “yaşıllar” çempion PSJ-dən 20, gümüş mükafatçı “Monako”dan 11, üçüncü yeri tutmuş “Lill”dən 2 xal geri qalıb.

Yollarımızın kəsişdiyi məqamlar

“Qarabağ” rəsmi beynəlxalq turnirlərdə üçüncü dəfə Fransa təmsilçisiylə üz-üzə gəlir. Debüt 1999-2000-ci il mövsümünə təsadüf edir: Azərbaycan futbol tarixində avrokuboklarda (İntertoto) ilk dəfə mərhələ adlamağı bacarmış Ağdam futbolçuları “Monpelye” ilə qarşılaşıb, ancaq həm səfərdə (0:6), həm də Bakıda (0:3) uduzaraq mübarizəni dayandırıblar.
Milli komandalar səviyyəsində Azərbaycan və Fransa futbolçularının yolu AVRO-1996-nın seçmə mərhələsində kəsişib və görüşlər yenə fransızların üstünlüyü ilə başa çatıb – Trabzonda 0:2, Oserdə 0:10. Fransa top ustaları ilə qarşılaşmalarda yeganə təsəllimiz U-17-lərin 2005-ci il Avropa birinciliyinin ilkin raundunda əldə olunan qalibiyyətdir (2:0).

Sizinlə həmsöhbət mən idim...
Rövşən BİNNƏTLİ, Qol.az

P.STofiq Bəhramov adına respublika stadionuna axışan, mərkəzi arenaya düşə bilməyib oyunu televiziya ilə izləməyi planlaşdıran azarkeşlər, bir sözlə, bütün Azərbaycan “Qarabağ”dan qələbə gözləyir. Reallıq prizmasından baxanda bu istəyin gerçəkləşməsi nə dərəcədə mümkündür, başqa məsələdir, əsas qalibiyyətə köklənə bilmək və onun yaxınlıqda olmasına inanmaqdır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30