25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Ruhun şad olsun, Eldəniz! YAZI

NAİL KƏRİMOV: “ONUN ÖLÜMÜ HƏYATIMDA ALDIĞIM ƏN BÖYÜK ZƏRBƏLƏRDƏN BİRİDİR”

Bu gün “Qəbələ”nin sabiq futbolçusu və məşqçisi, mərhum Eldəniz Süleymanovun ad günüdü. Yaşasaydı, 39 yaşı tamam olacaqdı. Amma amansız əcəl onu aramızdan çox erkən apardı. Həyatdan gözlədiyi çox şey var idi. Futbolçu kimi qazana bilmədiyi uğurları məşqçi kimi qazanmaq arzusundaydı Eldəniz. Futbolçu kimi qazana bilmədiyi uğurlara yolunu davam etdirən oğlunun nail olacağına ümid edirdi Eldəniz. Əcəl imkan vermədi.

ƏN BÖYÜK UĞURLARINI “KƏPƏZ”DƏ QAZANIB

Eldəniz Nizami oğlu Süleymanov 1975-ci ilin 29 avqustunda Naxçıvanda anadan olub. Mərkəz müdafiəçisi mövqeyində oynamış Eldəniz, karyerasına “Azəri”də başlayıb. 1992-1994-cü illər aralığında paytaxt klubunda 36 oyuna çıxıb və 1 qol vurub. Daha sonra Rusiyaya üz tutub və burada “Arsenal” (Tula), “Stroitel” (Ufa) və “Jemçujina” (Soçi) klublarının şərəfini qoruyub. 1999-cu ildə vətənə qayıdaraq, “Kəpəz”lə anlaşıb. Karyerası ərzindəki əsas mükafatları da elə Gəncə klubunda qazanıb. 11 oyunda şərəfini qoruduğu “Kəpəz”lə 2000-ci ildə həm Azərbaycan kubokunu başı üzərinə qaldırıb, həm də ölkə çempionatının gümüş medalına sahib çıxıb. 2000/01 və 2001/02 mövsümlərini doğma Naxçıvanı təmsil edən “Araz”da (22 oyun), 2004/05 mövsümünü isə “Ədliyyə”də (12 oyun) keçirdikdən sonra 2005-ci ildə yeni yaradılmış və I divizionda mübarizə aparan “Gilan”a üz tutub. Hazırkı “Qəbələ”nin sələfi olan Xanlar (indiki Göygöl-red.) təmsilçisində I divizionun çempionu olub. Növbəti mövsümlərdə də elə bu klubda çıxış etdikdən sonra 2008-ci ildə futbolçu karyerasını başa vurub. Son mövsümündə “Qəbələ”nin heyətində 5 oyunda meydana çıxıb.

Karyerasını başa vurduqdan sonra “Qəbələ”nin aşağı yaş qruplarında məşqçi kimi faəliyyətə başlayan mərhum, son olaraq bu klubun U-17 komandasında çalışıb.

SON OYUNU

Eldəniz 2012-ci il noyabrın 5-də dünyasını dəyişib. Həmin gün 17 yaşlıların çempionatında “Qəbələ” səfərdə “Bakı”nın qonağı idi. Qarşılaşmanın təxminən 35-ci dəqiqəsindən Süleymanov özünü narahat hiss etdiyini söyləyib və ürəyi gedib. Dərhal Respublika Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Mərhum Naxçıvanda dəfn olunub.

“QARDAŞ, MƏNDƏN KEÇİB ARTIQ”

Eldəniz Süleymanovla 2006-cı ildə tanış olmuşuq. Qismət Eldənizlə dostluğumuzun daha uzun müddətli olmasına imkan vrmədi. Yaddaşımda onunla bağlı xeyli xatirə var. Amma ilk görüşümüz zamanı milli komanda barədə düşən söhbət heç vaxt yadımdan çıxmaz. Qarşımdakına heç vaxt düzgün yaş verə bilməmişəm. Eldəniz də yaşından gənc görünürdü. Milli komanda barədə danışarkən, yaşı 30-dan çox olmasına baxmayaraq, ona “inşallah, gələcəkdə oynayarsan” dedim. Eldəniz isə gülərək, “qardaş, məndən artıq keçib” dedi. “Bir oğlum var, böyüsün futbolçu olacaq. İnşallah, o millidə oynayar” - deyə, əlavə etdi.

OĞLU YOLUNU DAVAM ETDİRİR

Eldənizin də dediyi kimi, oğlu Emil yolunu davam etdirir. Hazırda 11 yaşı var. Elə “Qəbələ”nin akademiyasında futbolun sirlərinə yiyələnir. 2004-cü il təvəllüdlü olmasına baxmayaraq, son mövsümdə U-11 liqasında Qəbələdə keçirən zona yarışlarının bombardiri olub. Məşqçiləri də ondan razılıq edirlər. Hər kəs Emilin gələcəkdə tanınmış futbolçu olacağına şübhə etmir.

“ONUNLA DOSTLUĞUMUZ SONDA QOHUMLUĞA GƏTİRİB ÇIXARDI”

Eldənizlə “Turan”ın sabiq futbolçusu Etimad Qurbanov yeznə-qayın idilər. Etimad Qurbanov Eldənizi belə xatırlayır: “Eldənizlə bir-birimizi çoxdan tanıyırdıq. Münasibətlərimiz çox yaxşı idi. Sonra qismət elə gətirdi ki, onunla qohum olduq. Onun ölümü hər kəs kimi mənim üçün də gözlənilməz oldu. Çox erkən getdi həyatdan. Halbuki görüləsi çox işi var idi. 2 yadigarı var. Böyük oğlunun 11 yaşı var, o da futbolçudur. Atasının, dayısının yolunu davam etdirir. İnanıram ki, o bizdən də yaxşı futbolçu olacaq. Elə indi də məşqçiləri bacarığının olduğunu deyirlər. İkinci balası 2 yaş yarımlığdı. Ailəsi Qəbələdə yaşayır. Anam da onlarla birgədi. Biz əlimizdən nə gəlirsə edirik, üzərimizə düşəni yerinə yetiririk. Amma atanın yerini heç nə verə bilməz. Dolanışıqları normaldı. Sağ olsun “Qəbələ” rəhbərliyi, köməklik göstərirlər. Sizin vasitənizlə onlara təşəkkürümü bildirirəm”.

ELDƏNİZİN TOYUNU RASİM ƏLİYEV İDARƏ EDİB

Eldənizin toyunu uzun illər “Turan”da çalışmış Rasim Əliyev idarə edib: “Eldənizlə sadəcə salam-əleykim olub. Xüsusi münasibətimiz olmayıb. Bilirəm ki, futbolçu Etimad Qurbanovla yaxın dost olublar. Hər ikisi Bakıda, futbol məktəbində oxuyublar, oradan da dostlaşıblar. Bundan sonra da bu isti dostluq münasibəti qohumluğa çevrilib. Eldəniz Etimadın bacısı ilə evləndi. Mən də həmin toyda aparıcılıq eləmişəm. Etimad mənim həm dostum, həm də qonşumdur”.

“DOSTLARINDAN HEÇ KİM BİZİ YAD ELƏMİR”

“Qəbələ” rəhbərliyi Eldənizin ailəsinə mütəmadi olaraq yardım etsə də, dostları vəfasız çıxıblar. Hər halda, bunu mərhumun qaynanası deyir. O, heç kimdən heç nə ummadıqlarını bildirir: “Klub rəhbərliyi sağ olsun, bizi unutmayıb. Tez-tez köməklik göstərirlər. İndi dolanmaq asan deyil. Əvvəl kirayədə qalırdıq. Amma sonra Eldənizin Bakıdakı evini satdıq. Etimad da kömək elədi, Qəbələdən ev aldıq. Dostlarından heç kim onu yad eləmir. Bizim heç kimdən umacağımız yoxdu. Yolda, küçədə görəndə hal-əhval tuturlar. Amma desəm ki, hansısa keçmiş dostu tez-tez yad edir, maraqlanır, yalan olar. Dediyim kimi yalnız klub rəhbərliyi yad eliyir. Sizə də təşəkkür edirəm ki, ad gününü unutmamısız”.

“ELDƏNİZ ƏLİNİ UZADIB, HƏMİN FUTBOLÇUNU KANALİZASİYA QAPAĞINDAN ÇIXARDI”

Vaxtı ilə Eldənizlə birgə “Gilan”da oynayan Azər Haşımov da mərhumu çox yaxşı xatırlayır: “Eldəniz Süleymanovla ilk dəfə 2005-ci ildə tanış olmuşam. O vaxt Faiq Cabbarov məni komandaya dəvət etmişdi. Eldəniz də oradaydı. Neçə il Eldənizlə çiyin-çiyinə oynadıq. Çox səmimi insan idi. Böyüknən böyük, kiçiknən kiçik olurdu. Heç kim ondan narazılıq etmirdi. Hörmətcil idi. Xeyli müddət bir evdə qalmışıq. Aramızda bir dəfə də hansısa söz-söhbət olmamışdı. Yadımda çox maraqlı hadisələr qalıb. Bir dəfə Gəncədə gəzirdik. Yanımızda bir gənc futbolçu da vardı. Adını çəkmirəm. Cavan idi, Eldəniz də gəzə-gəzə ona öz məsləhətlərini verirdi, fikirlərini deyirdi. Birdən baxdıq ki, həmin adam yanımızda yoxdu. Arxaya boylananda gördük ki, düşüb kanalizasiya qapağına. Eldəniz qolundan tutub, onu ordan çıxardı. Həmin hadisə həmişə yadımıza düşəndə gülürdük...Allah Eldənizə rəhmət eləsin. Çox yaxşı insan idi”.

“HƏKİM DEDİ Kİ, QURTULMAQ ŞANSI 3 FAİZDİ”

Bayaqdan fikirlərini öyrəndiyimiz şəxslərin hər biri Eldənizin yaxınları, əzizləri olub. Amma bir şəxs var ki, iş prosesində Eldənizə hamıdan yaxın idi. Söhbət “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimovdan gedir. Söhbətimizə ilk öncə Eldənizin ölüm səbəbindən başladıq: “Təəssüf ki, həmin anda mən stadionda deyildim. Amma sonradan bu məsələni araşdırdım. Özlüyümdə narahat idim. Düşünürdüm ki, bəlkə də mən orda olsaydım, onu başqa xəstəxanaya aparsaydım, hər şey fərqli ola bilərdi... Dediyim kimi, bu məsələni araşdırdım. Eldənizin yaxın qohumu var, Türkiyədə təhsil alıb, çox savadlı həkimdi. Hətta bu gün Azərbaycanda ən güclü kardioloqdalardan biridir. O bildirdi ki, bu cür hallarda insanın xilas olma ehtimalı 3 faizə bərabərdi. 40 yaşına kimi insanların bu cür hallarda həyatını xilas etmək çox nadir hallarda mümkün olur”.

“ELDƏNİZ HEÇ NƏDƏN ŞİKAYƏT ETMİRDİ”

“Daha əvvəl ürəyindən şikayət etmişdimi” sualını Nail Kərimov belə cavablandırdı: “Eldəniz elə bir insan idi ki, ümumiyyətə heç nədən şikayət etmirdi. Hər birimiz həyatda nədənsə şikayətlənirik. Biri deyir hava istidi, digəri yoldan narazılıq edir. Amma bu neçə illə ərzində eşitmədik ki, Eldəniz desin, “bu şey niyə belə oldu”. Düzdür, mən görməmişəm, amma sonradan öyrəndim ki son 10 gündə siqaret çəkərkən baş ağrılarından şikayətlənib. Bir də hələ futbolçu olarkən ürəyində nəsə problem olub, amma bunu həkimlərdən gizlədib. Vaxtı ilə onunla birgə oynamış Kamran Əlibabayev bunu mənə deyib. Özü də Eldəniz deyib ki, birdən həkimlər futbol oynamağıma icazə verməz. Ona görə də həkimlərə deməyə qorxub”.

“ONU HAMI TANIYIRDI”

N.Kərimov sözünə belə davam edir: “Bizim Eldənizi yaddan çıxarmağımız qeyri-mümkündü. Hər dəfə uşaqlarının ad günü olanda çalışırıq, onları təbrik edək. Bunu vəzifə borcu olaraq etmirik, dostumuzun, qardaşımızın balalarıdır. Eldəniz 1 dəqiqə olsun belə yaddan çıxmır. Oğlu da yolunu davam etdirir. Biz də onun daha da irəli getməsi üçün nə lazımdısa, edəcəyik.

Eldənizlə keçirdiyimiz günləri unuda bilmərik. Həmişə deyirdik ki, onu hamı tanıyır. Nəinki Azərbaycanda, hətta xaricdə də Eldənizi tanıyırdılar. Hara gedirdik, tanışı çıxırdı. Bir də görürsən hava limanında növbədə dayanmışıq. Birdən deyirdilər ki, “Qəbələ” klubu bu tərəfdən keçsin. Məlum olurdu ki, kimsə Eldənizin qohumu, ya tanışı çıxıb. O qədər dostu, tanışı var idi ki...Klub olaraq hansısa uşağı komandaya cəlb etmək istəyəndə, işimiz çətinə düşən kimi üz tuturduq Eldənizə. O, tanışlıq, dostluq, ya da şirin dili sayəsində qarşı tərəfi yola gətirirdi. Nə məlumat lazım olurdu, ondan, ya da onun vasitəsi ilə öyrənirdik. “Qəbələ”nin akademiyasına gələn bir neçə məşqçinin də yolunu elə Eldəniz açıb. Özü də seçimlərində heç vaxt yanılmırdı. Məşqçi kimi də, insan kimi də, iş yoldaşı kimi də ondan çox razıydıq”.

YETİRMƏLƏRİ KUBOKU MƏZARI ÜSTÜNƏ APARDILAR

Eldənizin ölümündən sonra onun çalışdırdığı “Qəbələ”nin U-17 komandası çempion oldu. Ölümünün 1 ili tamam olanda isə yetirmələri kuboku məzarına üstünə aparıblar. Bunu da Nail Kərimov dedi: “Uşaqlar onu çox istəyirdilər. Komanda çempion olduqdan sonra, ötən ilin noyabrında, ölümünün il dönünümdə kubokla birgə Eldənizin məzarını yollandılar. Bəlkə də başqası olsaydı, deyərdi ki Qəbələdən Naxçıvana kimdi gedən. Amma oyunçuları böyük həvəslə ora yollandılar. Hətta mövsüm başa çatdıqdan sonra komandadan ayrılan 1-2 futbolçu yaddan çıxmışdı. Gedənə yaxın onlar da bizə müraciət edərək, Naxçıvana getmək istədiklərini bildirdilər. Bu gün də söz Eldənizdən düşəndə futbolçuların gözləri dolur. Onun ölümü hər birimiz üçün şok idi. Hətta deyərdim ki, bu, mənim həyatımda aldığım ən böyük zərbələrdən biridir”.

SON SÖZ

Allah sənə rəhmət eləsin, Eldəniz. Gözün arxada qalmasın, oğlun yolunu davam etdirir. Vaxt gələcək, sənin ürəyində qalan arzularını Emil yerinə yetirəcək. Ruhun şad olsun.

Hazırladı: İBRAHİM




Ad: zaur şefiyev;   E-mail: [email protected]

29.08.2014 20:57

ZA
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30