28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Kaxaber Tsxadadze: “Allah eləməmiş bunu edə bilməsək, faciə olacaq”

“ƏVVƏLKİNDƏN FƏRQLİ OLARAQ, SON İKİ İLDƏ FUTBOL İCTİMAİYYƏTİNİN DƏSTƏYİNİ HİSS EDİRƏM”

"İnter”in baş məşqçisi Kaxaber Tsxadadze dünən AZAL-a qarşı keçirdikləri yoxlama matçından sonra Futbolxeber.az saytına müsahibə verib. Gürcü mütəxəssis ilk öncə “təyyarəçilər”i 2:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan söz açıb:

- Çox yaxşı oyun alındı. 90 dəqiqə ərzində xeyli qol şansı yaxaladıq. Düzdür, yenə də həmin epizodların əksərindən istifadə edə bilmədik. Amma ümumi götürdükdə, komanda yaxşı oynadı. Buna görə də həm nəticədən, həm də oyundan razı qaldım.

- “İnter”i çempionata tam hazır saymaq olar?

- Bəli, olar. Digərləri ilə müqayisədə biz hazırlığa erkən başlamışdıq. Bu da avrokuboklardakı çıxışdan irəli gəlirdi. İndi “İnter” yüksək formadadır.

- Avroliqadayla vidalaşmağınızdan artıq 1 həftədən çox vaxt keçib. “İnter” həmin yenilgini tam unuda bilib?

- Ən azından, biz buna çalışırıq. Təbii ki, bu cür uğursuzluğu qısa zamanda və ya bir anın içində yaddan çıxarmaq çətindir. Amma yenə deyirəm ki, biz bunun üçün çalışırıq. Hər halda, oyundan sonrakı günlərlə müqayisədə indi komanda özünə gəlib.

- “Tiraspol”, “Elfsborq”la oyunlarla müqayisədə, AZAL-a qarşı keçirdiyiniz matçda qapını Səlahət Ağayev qorudu. Belə düşünmək olar ki, limitə görə çempionatda “İnter”in əsas qapıçısı məhz Ağayev olacaq?

- Səlahət çox yaxşı qapıçıdır. Onun meydana çıxması limitlə bağlı deyil. Georgi Lomaya kimi Səlahət də “İnter”in “1 nömrəsi”dir. Ümumiyyətlə, həm Lomayanı, həm də Səlahəti komandanın əsas qapıçısı hesab etmək olar. Son zamanlar Səlahət oynamaq şansı qazanmırdı. Oyun praktikasının yoxluğundan əziyyət çəkdiyi üçün AZAL-la oyunda məhz Ağayevə şans verdim. O da 90 dəqiqə ərzində işinin öhdəsindən gəldi. Çempionat oyunlarında da kim daha hazır olacaqsa, o da meydana çıxacaq.

- Avrokuboklar geridə qaldı, çempionatın startı çox yaxındır. Lakin “İnter” hələ də axtardığı hücumçunu tapa bilməyib...

- Biz yeni hücumçuya çox ehtiyac duyuruq. Konkret olaraq, yeni hücumçu transfer etməyə məhkumuq. Allah eləməmiş, bunu edə bilməsək, faciə olacaq. Axtarışlarımız davam edir. İnanıram ki, gec də olsa, istədiyimiz hücumçunu tapacağıq.

- AZAL-la qarşılaşmanı Premyer Liqanın ilk turunda qarşılaşacağınız “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu da izləyirdi. Ola bilərmi ki, bu səbəbdən “İnter” tam gücünü meydanda qoymasın və ya Tsxadadze rəqibə görə bütün kartlarını açmasın?

- Yox. Biz onsuz da Avroliqada 4 oyun keçirmişik. Yəni, o istəsə həmin qarşılaşmalara baxmaqla, lazımı məlumatları əldə edər.

- Amma bu gün “İnter” Avroliqadakından fərqli heyətlə mübarizə aparırdı...

- Düzdür, biz fərqli heyətlə meydana çıxmışdıq. Oyunun gedişində də az oynamaq şansı qazanan futbolçulara daha çox şans verdik. Bu, sırf bizim tapşırığımız idi. Rəqib baş məşqçi “Şəfa”da olduğu üçün nəyisə gizlətmədik. Yenə deyirəm, əminəm ki o, bizim 4 oyunumuzun 4-ünə də baxıb. “İnter” haqda bütün lazımı məlumatları əldə edib.

- “Elfsborq”la oyundan sonra istefa versəniz də...

- İstefam qəbul olunmadı.

- Hə, qəbul olunmadı. Elə Azərbaycan futbol ictimaiyyəti sizin komandada qalmağınızın tərəfdarı idi.

- Bu dəstəyə görə onlara minnətdaram. Son iki ildə futbol ictimaiyyətinin dəstəyini hiss edirəm. Halbuki əvvəllər belə deyildi. Buna görə həmin insanlara təşəkkürümü bildirirəm. Avrokuboklarda həm komandanı, həm də məni lazımı qədər dəstəklədilər. Bu, bizim məsuliyyətimizi daha da artırır. Çalışacağıq ki, gələcəkdə daha böyük uğurlar qazanmaqla, etimadı doğruldaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31