18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Milli, yoxsa yığma komanda?

VƏ YA 100 SƏMƏDOV, 100 ŞEYDAYEV 1 MEDVEDEVƏ DƏYMƏZ

Əslində, milli yığma komanda olmalıdı. Amma mətbuatda “yığma”, “milli” sözlərinə daha tez-tez rast gəlirik. Fərqli mənalar kəsb edən sözlərdi. Bəs, bizim komanda millidir ya yığma? Şəxsi fikrimdir və bununla çoxları razılaşmaya bilərlər – milli komanda dedikdə ağlımıza ilk olaraq ancaq azərbaycanlılardan və ya Azərbaycanda doğulmuş, burada böyüyüb boya-başa çatmış, futbolda ilk addımlarını atmış qeyri-millətlərdən nümayəndələri olan futbolçulardan təşkil olunmuş komanda gəlir. Yığma dedikdə isə... bizim komanda əsl yığmadır. Fikir versək, meydana çıxan futbolçuların bir hissəsi elə ordan-burdan yığılıb. Onların çoxunun heç Azərbaycanla əlaqəsi yoxdur.

Bu, yazının girişi idi və mövzusu tamam başqadı. “Het-trik news”un ötən sayında bir futbolçunun atası ilə müsahibə dərc olunmuşdu. Həmin futbolçunun cəmi 14 yaşı var və Almaniyanın “Ayntraxt” klubunun yetirməsidir. Ötən ay Bakıda təşkil olunmuş İBA14 Cup turnirində həm bombardir olmuşdu, həm də turnirin ən yaxşı futbolçusu seçilmişdi. Söhbət Murad  Mahmudovdan gedir. Murad 2000-ci ildə Bakıda anadan olub. 4 yaşı olarkən atası Zaur bəy ailəsi ilə birlikdə Almaniyaya köçüb və Murad məktəbə, futbola orada gedib. Turnirin ilk günündən parlayan Muradın gələcəkdə Azərbaycan yığma komandasında çıxış etmək perspektivi mənimlə yanaşı bir çox futbol mütəxəssislərinin də fikrində keçmişdi.  Hətta sonradan məlum oldu ki, gənc  Murada milli (hələ ki milli – İ.T.) komandadan təklif də var. Amma sən saydığı say, gör Zaur bəy nə sayır. Əməkdaşımız Zaur Mahmudovla kiçik müsahibə götürmüşdü və müsahibin dedikləri məndə ikrah hissi oyatmışdı: “Azərbaycan millisindən oğluma təklif gəlib. Özü də turnir zamanı yox, daha əvvəl. Amma Murad hələ ki yekun qərarını verməyib. Oğlum üçün hazırda ilk növbədə Almaniya millisidir. Gələcəkdə Almaniya millisinin şərəfini qorumaq istəyir. Bu variant alınmasa, Azərbaycanın formasını geyəcək. Düzdür, Azərbaycan bizim vətənimizdir. Amma o, Almaniyada böyüyüb...”

Bu yerdə bir şairimizin yazdığı şeirdən bir parça yadıma düşdü. Şairin adını unutmuşam. Şeir də yadımda dəqiq qalmayıb. Amma təxminən aşağıdakı kimi idi:

Gözəlim, gözlə məni,

özümə yar axtarıram.

Əgər tapa bilməsəm,

gözəlimsən gözəlim.

Bu misra elə bil Zaur bəy üçün yazılıb. Onun sözlərindən belə çıxır ki, gözəli Azərbaycandır. Amma ondan gözəl Almaniyanı sevir. Əgər “yox” cavabı alsa, Azərbaycanı seçəcəklər. Bərəkallah! Zaur bəy, Allah işinizi avand eləsin, arzunuza çatdırsın! Amma Azərbaycanı həqiqətən sevən şəxs bu sözləri deməzdi. Qınaq obyekti olmamaq üçün bu yerdə bir qədər siyasət işlətmək mümkün deyildi? Məsələn, deyə bilrdiniz ki, Azərbaycan bizim vətənimizdir, yığma komandada oynamaq bizim üçün şərəfdir və s. və i.a. Malalamaq lazım idi. Məsut Özil kimi. Məsut əslən türkdür. Onun da ailəsi nə vaxtsa Admaniyaya köç edib. Məsut Helzerkirhendə böyüyüb, futbolun sirlərini öyrənib. Sonda da Almaniya millisini seçib. Amma Türkiyəyə olan sevgisini heç vaxt gizlətməyib. Daha doğrusu bunu elə edib ki, nə şiş yanıb, nə də kabab. Sual oluna bilər – nəyə görə Almaniyanı milli, Azərbaycanı isə yığma komanda kimi yazıram? Səbəbini izah edim. Doğrudur, Almaniya komandasının heyətində xeyli sayda alman millətindən olmayan futbolçular çıxış edir. Son mundialdakı komandanın heyətinə diqqət yetirək - Miroslav Kloze, Sami Xedira, Lukas Podolski, Şkordan Mustafi, Boatenq, Məsut Özil. Özil haqqında bir qədər əvvəl qısa məlumat verdim. Miroslav Kloze Polşanın Opole şəhərində dünyaya gəlib. Anası Barbara Yej polşalı, atası Yozef Kloze isə alman olub. Uşaq olanda əvvəl Fransaya, sonra isə Almaniyaya köçüblər. “Kayzerslautern” futbol klubunun yetirməsidir. Lukas Podolski təmiz polyak olsa da, o da Kloze kimi Almaniyada böyüyüb. Ailəsi onun 2 yaşı olanda bu ölkəyə köç edib. Futbolda ilk addımlarını “Köln”də atıb.  Tunisli Sami Xedira Ştutqartda, alban Şkordan Mustafi Bad-Hersfelddə, qanalı Jerom Boatenq Berlində dünyaya göz açıblar və uyğun olaraq “Ştutqart”, “Hamburq” və “Herta”nın yetirmələridir. Fikir verdinizsə, hamısı qeyri-alman millətindən olsalar da, futbolçu kimi Almaniyada yetişiblər və bu ölkənin millisində oynamağı türklər demişkən, “hakk ediblər”. İndi özünüz qərar verin – Almaniya milli komandadır, ya yığma? Bizim yığmaya da məhz Azərbaycanda böyümüş, futbolda ilk addımlarını Azərbaycanda atmış, ölkəsini və millətini sevən, hörmət qoyan, oyunlardan əvvəl himnini ürəkdən oxuyan futbolçular lazımdır. Azərbaycanlı olmasa da olar. Maksim Medvedevi götürək. “Qarabağ”ın müdafiəçisi milliyətçə rus olsa da, Bakıda doğulub. Bayaq sadaladıqlarım keyfiyyətlərin hamısı onda var. Kimsə inciməsin, bakılı rus olan Maksimə Almaniyada yaşayan azərbaycanlı Muraddan daha çox rəğbət bəsləyirəm. Təəssüf ki, Azərbaycan futboluna aidiyyatı olmayan bir çox futbolçuların milliyə dəvət olunması komandamızı yığma edib.

Ümumiyyətlə, futbolumuzda belə bir tendensiya var. Xaricdə futbolçu kimi yetişən azərbaycanlıların əksəriyyəti dərhal milliyə dəvət olunur. Nə var, nə var onlar başqa ölkədə futbol oynayırlar. Aleksandr Səmədov və Aleksandr Əliyevlə baş verənləri yada salaq. Bəziləri hətta bu futbolçuların Rusiya və Ukraynanı seçməsinə bir itki kimi baxdılar. Lazım deyil bizə elə futbolçular. Lazım deyil Azərbaycana ikinci dərəcəli ölkə kimi baxanlar. Bizə saşalar, muradlar lazım deyil. Lazım olsa belə, inanın ki, yığmamız elə indiki vəziyyətdə olacaq. Heç olmasa, komandamızda özümüzünkülər oynasın. Maksimin timsalında qeyri-millətin nümayəndələri olsalar belə.

Bayaq Səmədovu “asıb-kəsdim”. Amma yüz dəfə imama ağlayanda, gərək bir dəfə də yezidi yada salaq. Səmədov vaxtilə yığmamızın düşərgəsində olub. Amma nəyə görə Azərbaycanı seçmədi. İy verən “nakidka” geyməyi, şəraitsiz otaqla qalmağı hansı futbolçu istəyər. Burada günah AFFA-da idi. Futbolçuya lazımi qayğı göstərməmişdilər. Bu üzdən Saşa Rusiya millisini seçdi. Daha bir azərbaycanlını yada salmaq yerinə düşər. Yaxınlarda “Zenit”lə 3 illik müqavilə bağlayan Ramil Şeydayev Rusiyanın aşağı yaş qruplarından ibarət millisində oynayır. Azərbaycanlı balası bizi niyə seçmədi? Verdiyi açıqlamaların birində Ramil Azərbaycan yığmasından qəti şəkildə  imtina etmişdi. Buna da bərəkallah!

Bir müddət əvvəl Reynaldonun yığmamıza gətirilməsi ilə bağlı mətbuatda xeyli müzakirələr getdi – dəvət olunsun, ya olunmasın? Həmin ərəfədə Reynaldo ilə müsahibə götürəndə  bu barədə fikrini öyrənmişdim. Yığmada oynamağa razı idi. Hətta dəvət olunacağı təqdirdə danışıqlar aparmağa hazır olduğunu demişdi. Görəsən, danışıqların mövzüsü nə olacaqdı? Əlbəttə, pul. Renyaldo çox səviyyəli futbolçudur. İndiyə kimi Azərbaycana gələn ən güclü legionerlərdən biridir. Olsun. Onun da yığmaya gətirilməsi lazım deyil. Çünki, Reynaldo heç vaxt Azərbaycanı nəinki, Braziliya, heç doğulduğu bapbalaca Arapirakanın yarısı qədər də sevə bilməz. Birdə ki bir güllə bahar olmur. Reynaldo təkbaşına nə edə bilər ki?

Amma istisnalar da mövcüddür. Vaxtilə “Bakı”nın şərəfini qoruşum Andre Ladaqa Qazaxıstana vurduğu qoldan sonra formasında olan gerbi öpmüşdü. Bizimkilərə örnək ola biləcək bir addım idi.

Son sözüm AFFA-yadır. Azərbaycan futbolu ilə bağlı olmayanları milliyə sırıyıb komandamızı yığma eləməyin. İndiyə kimi nə olubsa, keçmişdə qalsın. Elələrinə peşkəş olunan pulları perspektivli uşaqlarımıza xərcləyin, xarici klublarda təcrübə yığmağa göndərin. İndi də olmasa, illər sonra xeyrini görə biləcəyik. Onsuz da yığma komanda yaxın 5-10 ildə heç bir perspektiv vəd etmir. Aşağı yaş qruplarından ibarət komandalarımızın durumu bunu deməyə əsas verir. Hər halda... məşhur lətifədə deyildiyi kimi bir də cəhd edin, bəlkə alındı.

Ilqar TAĞIYEV, “Het-trik news” qəzeti




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30