19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

"Azərbaycana “Bakı”nın prezidenti Hafiz Məmmədovun fəxri qonağı kimi gəlirəm"

Türkiyə milli komandasının və “Fənərbaxça” klubunun sabiq qapıçısı Rüştü Rəçbər Lent.az-a eksklüziv müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Əvvəlcə Bakıya gözlənilən səfəriniz barədə məlumat verərdiz...
- Bakıya iki məqsədlə gəlirik. Birincisi, “Bakı” klubunun aprelin 30-da İspaniya “Atletiko”su ilə keçirəcəyi dostluq matçı var. “Bakı”nın prezidenti Hafiz Məmmədovun fəxri qonağı kimi gəlirəm. İkincisi, rəhmətlik Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycan və Avropanın futbol veteranları arasında mayın 1-də yoldaşlıq görüşü keçiriləcək. Qismət olarsa, biz də orda oynayacağıq.

- Səfər çərçivəsində Bakıda başqa görüşləriniz olacaqmı?
- Xeyr, hər hansı başqa bir şey yoxdur. Tunc Afşar (“Bakı” klubu prezidentinin müşavirini nəzərdə tutur – red.) bizi dəvət etdi. Bizim də həmin tarixə proqramımız münasibdir. Çox məmnun olduq, çox təşəkkür etdik və “orada olacağıq” dedik. İnşallah, Bakıya gələcəyik.

- Yəqin ki, Avropa yığmasının qapısını qoruyacaqsınız...
- Bəli. Baş məşqçimiz şans versə, oynayarıq (gülür). Əslində bizim üçün oynayıb-oynamamaq önəmli deyil. Bizim üçün belə bir məkanda olmaq fəxrdir, Heydər Əliyevin yubileyində olmaq böyük şərəfdir.

- Dəvəti qəbul etməyinizdə maddi amillərin rolu nə dərəcədə oldu?
- Əsla bunun rolu olmadı. Belə bir tədbirdə yer almaqdan şərəf duyacağımızdan, təklifi qəbul etdik. Razılıq verməyimizin maddi amillərlə əlaqəsi yoxdur.

- Bakıya Hakan Şükür və Abdullah Avcının da gələcəyindən xəbəriniz var?
- Bəli. Hakanla danışdım. Türkiyənin millət vəkili olduğundan, gərgin templə çalışır. Vaxt tapsa, o da gələcək. Avcının gələcəyi isə tam dəqiqdir.

- Əvvəllər də Bakıda olmusuz. Amma 2000-ci il oktyabrın 11-də Azərbaycan yığması ilə oyuna Türkiyə milli komandasının qapıçısı kimi gəlmişdiz. Həmin səfəri necə xatırlayırsız?
- Bəli. O zamanlar, azərbaycanca desəm, “kapıcı” idim. Azərbaycan bizə qardaş ölkələrdən biridir. Həmin vaxt bizə olan maraq, sevgi ən yüksək səviyyədə idi. Heç vaxt sıxıntı ilə qarşılaşmadıq. Son dərəcə yaxşı qəbul olunduq, böyük hörmək gördük. Matçlarımız isə nə qədər ciddi olsa da, “fair-play” prinsiplərinə uyğun keçdi. Azərbaycanlı futbolçular da zaman-zaman Türkiyədə oynadı. Qardaş ölkələr olduğumuzdan, hər zaman dostluğumuz, sevgimiz, birgəliyimiz dünyanın sonunadək davam edəcək.

- Azərbaycan – Türkiyə matçlarının “fair-play” prinsiplərinə uyğun keçdiyini söylədiz. Lakin 13 il öncə elə sizin də iştirak etdiyiniz qarşılaşmada iki komanda futbolçuları arasında münaqişə baş vermişdi...
- Hər nə qədər olsa da, belə matçlarda problemlər meydana çıxa bilər. Amma bütün problemlər meydanın içində bitər. Meydandan kənarda dostluğumuz, yoldaşlığımız, qardaşlığımız hər zaman əbədidir.

- Deyəsən, ötən il futbolu buraxmağınıza “Beşiktaş”ın yeni prezidenti Fikrət Ormanın “39 yaşlı qapıçını komandamda görmək istəmirəm” sözləri səbəb olmuşdu...
- Bəli. Hörmətli klub prezidenti yeni seçildiyi vaxt belə bir açıqlama verdi. Təbii ki, özü üçün haqlı ola bilər. Lakin mən xüsusən, qapıçılarda xidmət yaşının daha yuxarı olduğunu bilirəm. Hazırda Avropada 40-dan yuxarı yaşda oynayan bir çox qolkiper var. Amma hörmətli prezidentin ayrı fikri vardı. Komandanı yenidən quracaqdılar. Ona görə də məni öz komandasında görmək istəmədi. Mən də sayğı ilə qarşıladım. Bundan sonra ABŞ-dan təkliflər vardı. Əvvəlcə getmək istəyirdim. Lakin okeanın o tayına gedəcəyimiz zaman ailədə problem yaşayacağımı və övladlarımı düşünərək, Amerika səfərindən vaz keçdim. Sonra da futbolu tam buraxmağa qərar verdim.

- Bəs Türkiyənin ortabab komandalarında da oynaya bilməzdiz?
- Oynaya bilərdim. Lakin daim iddialı komandalarda oynadığımdan, başqa komandada çıxış etmək istəmədim.

- O vaxtlar Azərbaycan klublarından təklif gəlsəydi, qərarınız necə olardı?
- Hörmətlə qarşılardım, amma futbolu buraxdığımı deyərək, razılıq verməzdim. Oynamaq fikrim olsaydı, ABŞ-a gedərdim. Azərbaycana gələrkən ailə düzənində bir pozulma olacağından, təklifi qəbul etməzdim.

- Hazırda nə işlə məşğulsuz?
- Mən bu ili həm dincələrək keçirirəm, həm də “Vətən” qəzetində futbol şərhçisiyəm. Başqa heç bir işim yoxdur. Növbəti il üçün planlarım var. Türkiyə futbolunda bir yerdə vəzifə almaq niyyətindəyəm.

- Məşqçi kurslarına yazılmağınız mümkündür?
- Məşqçi kurslarında iştirak edərək, sertifikat da almışam. Amma planlarımda məşqçilik yoxdur. İdarəetmə sahəsində yer almağı planlaşdırıram.

- Elə isə Aziz Yıldırımı “Fənərbaxça”nın prezidenti postunda əvəzləməyiniz mümkündür?
- Klub prezidentliyi üçün müəyyən təcrübə əldə etmək lazımdır. Hazırda belə bir düşüncəm yoxdur. O fikrə düşməyim üçün illərin keçməsi lazımdır.

- Bəs klub rəhbərliyində yer almağınız necə?
- Ola bilər. Bu, bir ehtimaldır. Amma hazırda əsl məqsədim klub rəhbərliyində yer almaq deyil. Yeni işim komanda menecerliyi, koordinatorluğu, federasiyada hansısa vəzifə ola bilər. Hazırda Türkiyə futboluna xidmət etmək istəyirəm. Növbəti mövsümdə nələrin baş verəcəyini deyə bilmərəm. Hazırda ölkəmdən kənarda çalışmaq niyyətində deyiləm.

- Türkiyədə futbol adamlarının idman şərhçisi kimi çalışmaları maddi baxımdan sərfəlidirmi?
- Hansısa işdə çalışırsınızsa, onun maddi qarşılığı da olur. Bu, az da ola bilər, çox da... İdman yazarlarında da belədir. Amma çox yüksək qazanc yoxdur. Yalnız televiziya şərhçilərindən bir neçəsi istisnadır.

- Son olaraq, Azərbaycandakı pərəstişkarlarınıza hansı mesajları vermək istərdiz?
- Azərbaycana gəlməkdən böyük şərəf, məmnunluq duyacağıq. İnşallah, Bakıda görüşərik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31