29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Diniyevdən Hacıyevə sərt cavab: "O, Banişevskinin heç dırnağı da ola bilməz!"

“Qeyri-ciddi insanın qeyri-ciddi fikirlərinə reaksiya bildirməyin özü də qeyri-ciddilikdir. Mən heç vaxt onun Azərbaycan futbolunda tarix yazdığını deməmişəm”. Bu sözləri apasport.az saytına milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev deyib.
 
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Qəbələ” ilə ölkə kubokunun final görüşündən öncə keçirdiyi mətbuat konfransında maraqlı fikirlər səsləndirib. O bildirib ki, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan və ardıcıl 3 dəfə eyni komandanı ölkə kubokunun finalına çıxaran məşqçi olduğu üçün yerli məşqçilər  - əsasən də Nazim Süleymanovla Şahin Diniyev ona paxıllıq edirlər.
 
Diniyev isə əməkdaşımızla söhbətində Hacıyevə sərt cavab verib: “Mənim bir sifətim var və həmişə də o sifətlə yaşayıram. Heç kimin çaldığı mahnıya da oynamıram. Nə mən, nə də Hacıyev başda olmaqla indiki futbolçu və məşqçilər Ələkbər Məmmədovla Anatoli Banişevskinin heç dırnağı da ola bilməz! Səhv deyirəmsə, əlimi qaldırıb üzr istəyim. Banişevski 17 yaşında dünya çempionu olub, tarix budur. Həqiqəti kimsə boynuna almaq istəmirsə, öz işidir. Bu, onun günahı deyil, günahı ona auditoriya verəndədir. Sadəcə, onunla polemikaya girmək istəmirəm. Mən gündəmdə qalmaq üçün hərdənbir söz deyən, şou göstərən adamlardan deyiləm”.
 
Hacıyevin “Diniyev yığmada gəncləşdirmə siyasəti aparacağını bildirmişdi, ancaq 3 futbolçusunun yaşı 118-ə çatırdı” kəlməsinə reaksiya isə belə olub: “Heç vaxt gəncləşdirmə siyasəti apardığımı deməmişəm. Sadəcə, yığmada qandəyişmə edirdim. Ancaq mənim heyətə çağırdığım Vaqif Cavadov, Vüqar Nadirov, Murad Ağakişiyev, İlqar Qurbanov, Elvin Məmmədovun yaşlarına baxın. Hamısı gənclər idi. 17-20 yaşları vardı”.  
 
“Neftçi”nin baş məşqçisi Şahin Diniyevin ona paxıllıq etməsini oğlu Kərimi heyətə salmamağı ilə əlaqələndirib. Ata Diniyev oğlunu oynatmamağına görə ondan incimədiyini bildirib: “Başa düşə bilmirəm ki, Kərim Diniyevi bura niyə qatır? “Neftçi”də heyətə düşmürdü, indi AZAL-da yaxşı oynayır. Mən Kərimi komandaya götürəndə də, ordan çıxaranda da Hacıyevdən nə icazə almışam, nə də xahiş etmişəm. Niyə kiməsə zəng etməliyəm ki, oğlum oynamalıdır? Övladlarım “İnter” və AZAL-da oynayırlar. Məşqçilərindən soruşun, görün, mən onlardan niyə uşaqlarımın oynamamasının səbəbini soruşmuşam? Özlərinə də demişəm ki, oynayırsınızsa, oynayacaqsınız. Əksinə, özgə uşaqlar üçün xahiş edərəm ki, harasa baxışa getsinlər, ancaq özümünkülər üçün etmərəm. Kərimi ordan çıxaranda “Neftçi”nin prezidenti Sadıq Sadıqov və vitse-prezidenti Tahir Süleymanovdan halallıq almışam. Onlar da məni insan kimi düzgün başa düşdülər. Orda böyük rəqabət var. Etiraf etmək lazımdır ki, Elvin Yunuszadə, Denis Silva, Karlos Kardoso, İqor Mitreski kimi futbolçular olduğu halda, Kərimin heyətə düşməsi qeyri-mümkün idi. Onun da klubunu dəyişməsi uğurlu oldu, son 6-7 turda əsas heyətdə meydana çıxır. Bizdə kimisə tərifləyəndə deyirlər ki, yaltaqlanırsan, kimisə tənqid edəndə paxıllığın tutur deyirlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31