23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Rəvan”ın aqibəti necə olacaq? YAZI

Çempionatın başa çatmasına cəmi 3 tur qalıb. Əksəriyyətin fikrinin çempionluğa, Avroliqaya yönəldiyi bir vaxtda Premyer Liqanı hansı komandanın tərk edəcəyi bir qədər arxa plana keçib. Doğrudan, yüksək dəstə ilə hansı komanda vidalaşacaq – “Sumqayıt”, yoxsa “Rəvan”? Turnir cədvəlinə nəzər salsaq, “Rəvan”ın vəziyyəti daha acınacaqlıdır, komanda sumqayıtlılardan 3 xal geridədir. Ümumiyyətlə, bu mövsüm hansı komanda Premyer Liqa ilə vidalaşacaq və ya vidalaşacaqmı?

Mətbuata verdikləri açıqlamalarında həm AFFA prezidenti Rövnəq Abdullayev, həm də PFL rəhbəri Ramin Musayev dəfələrlə Premyer Liqada komandaların saylarının artırılmasının tərəfdarı olduqlarını bildiriblər. Amma bu gün sponsor qıtlığı, klubların maliyyə vəziyyətlərinin kimlərdənsə asılı olması üzündən yüksək dəstəyə daha çox normal komanda buraxmaq mümkün deyil. Ötən mövsüm “Kəpəz” və “Turan” kimi köklü, amma dilənçi günündə olan komandalar Premyer Liqanı tərk etdi. Onların yerinə isə gətirilməyə pullu klub yox idi. Əgər bu iki komanda sonuncu yerləri tutmalarına rəğmən özlərinə samballı sponsor tapsaydılar, əminliklə demək olar ki, 1-ci Diviziona düşməyəcəkdilər və bu gün çempionatda 10 deyil, daha çox komanda iştirak edəcəkdi. Bü mövsüm liqanı tərk etməyə ən real namizəd “Rəvan”dır. “Rəvan”ın isə “Kəpəz” və “Turan”dan fərqli olaraq yaxşı sponsora sahibdir. Komandanın əcnəbi məşqçisi, legionerləri, uşaq futbol məktəbi, bir sözlə lazım olan çox şeyi var. Əgər “Rəvan” sonuncu yeri tutsa, gələn il 1-ci Diviziona düşəcəkmi? Maraqlı sualdı. Yəqin ki, yox. Bu, şəxsi fikrimdir. Çünki, belə himayədar hər dəqiqə ələ düşmür. “Rəvan” aşağı dəstəyə göndərilərsə, sponsorun kluba indiki vəsaiti ayırmayacağı məlum məsələdir. 1-ci Divizionda bu qədər legionerə, əcnəbi məşqçiyə nə ehtiyac var? Nəticədə AFFA rəhbərliyinin arzuladığı imkanlı komandanın daha birini itirəcəyik. Yeri gəlmişkən, AFFA-nın İcraiyyə Komitəsinin son iclasından sonra keçirdiyi mətbuat konfransında Rövnəq müəllim gələn mövsümdən Premyer Liqada komandaların sayının artacağına ehyam vurmuşdu. Sonradan bəlkə də bu açıqlamanın bir qədər tələsik atılan addım olduğunun fərqinə varan AFFA çempionta marağı artırmaq məqsədilə reqlamentə əsasən sonuncu yeri tutan komandanın 1-ci Diviziona düşəcəyi ilə bağlı açıqlama verdi. Böyükağa Ağayevin təbirincə, “demişəm, deməmiş olum”.

Məsələyə bir qədər fərqli rakursdan yanaşaq – “Rəvan” öz gücünə Preymer Liqada qala biləcəkmi? İlk növbədə bu, komandanın özündən və “Sumqayıt”dan asılıdır. Qalan 3 turda bakılılar Bakıdan kənara çıxmayacaqlar. Evdə “Simurq”la oyundan sonra “Neftçi”nin qonağı olacaq “Rəvan” son turda “Bakı”nı qəbul edəcək. Nəzəri cəhətdən hər 3 komandadan xal almaq mümkündür. “Simurq”un Avrolqaya vəsiqə qazanmayacağı çoxdan məlumdur. “Neftçi” isə böyük ölçüdə Avroliqada iştirak edəcək. Digər tərəfdən son vaxtlar bu komandanın daxilində baş verən neqativ hallar və 2-ci yeri tutmaq şansının azalması bir növ çempionata marağı söndürüb. “Neftçi”nin fikri kuboka yönəlib. Belə bir komandadan xal almaq mümkündür. Həm də “Rəvan” kubok qarşılaşmasında “Neftçi”yə məğlub olmamağın mümkünlüyünü sübut edə bilmişdi. Qalır “Bakı” ilə sonuncu tur. Burada 35-ci turdan sonra “Bakı”nın vəziyyəti oyunun nəticəsinə böyük ölçüdə təsir edə bilər. “Bakı” səfərdə “Qəbələ”ni, daha sonra AZAL-ı məğlub edərək 4-cü yer uğrunda mubarizədə “Qəbələ” ilə yarışdan vaxtından əvvəl qalib ayrıla bilərsə, “Rəvan”ın işləri rəvan olacaq.

“Sumqayıt”a gəlincə, növbəti tur iddiasız “Xəzər Lənkəran”ın qonağı olacaq komanda 35-ci turda “Qarabağ”la qarşılaşacaq. Hansı “Qarabağ”la, çempion, yoxsa çempionluğa namizəd? Bunun böyük əhəmiyyəti var. Əgər ağdamlılar “Sumqayıt”la oyuna kimi çempionluğu rəsmiləşdirsələr, onda sumqayıtlılar hansısa nəticəyə ümid edə bilərlər. Əks təqdirdə, xal qazanmaq mümkünsüz görünür. Sonuncu turda isə bu komanda “Qəbələ” ilə qarşılaşacaq. Özü də səfərdə. Buna baxmayaraq, çətin ki, “Sumqayıt” 1-ci Diviziona düşsün. Həm nəticə, həm də day-day baxımından.

Artıq yeni mövsüm “Araz Naxçıvan”ın Premyer Liqada çıxış edəcəyi dəqiqdir. Naxçıvanlılar son tur bu vəzifənin öhdəsindən vaxtından əvvəl gələ bildilər. Bayaq da qeyd etdiyimiz kimi gələn mövsümdən yüksək dəstədə “Rəvan” və “Sumqayıt” da daxil olmaqla 12 komandanın mübarizə aparacağı gözlənilir. 12-ci komanda kim olacaq? Bax, bu suala cavab tapmaqda bir qədər çətinlik çəkirəm. Həmin komanda 1-ci Divizionda 2-ci yeri tutan da ola bilər, başqa birisi – daha yaxşı sponsora malik olan da.

“Mil-Muğan”yın yaranmasını yada salın...

İlqar TAĞIYEV, “Het-trik news”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30