20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Mustafa hoca, realist olaq! BİR FOTOYA SÖZARDI

Srağagün axşam “Xəzər Lənkəran”ın saytında bir foto diqqətimi çəkdi. “Qəbələ”dən alınan 0:3 hesablı yenilgidən sonra çəkilən həmin fotoda baş məşqçi Mustafa Dənizli və mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu yer alıblar.

Azarkeş, mütəxəssis və ya istənilən jurnalist Dənizliynən Cəbrayıloğlunu ayıra bilir.Yəni, hər birimiz fotoya baxarkən bu iki şəxsdən hansının baş məşqçi, hansının da mətbuat katibi olduğunu dərhal bilirik. Amma iddia edirəm ki, futbolla qətiyyən maraqlanmayan, Hüseyni demirəm, heç Mustafa hocanın kim olduğunu bilməyən sıravi vətəndaş bu fotoda kimin baş məşqçi, kimin mətbuat katibi olduğunu ayıra bilməz. Hətta səhv də salar.

Niyə? Fotoya diqqətlə baxın.

Hüseyn Cəbrayıloğlu başını elə aşağı salıb ki, sanki komanda məhz onun səhvi ucbatından finala gedən yolda ağır yenilgi alıb. Sanki, ikinci 45 dəqiqədə meydanda varlığı ilə yoxluğu bilinməyən heyəti o, müəyyənləşdirib. Sanki baş məşqçi odur və 0:3-dən sonra deməyə söz tapmır. Bu “sanki”ləri xeyli uzatmaq olar. Amma hər birimiz bilirik ki, həmin yenilgidə Hüseyn Cəbrayıloğlunun zərrə qədər də günahı yoxdu. Sadəcə olaraq, Hüseyn işinə vicdanla yanaşır və ağır yenilgidən sonra utanc hissi keçirir. Bir lənkəranlı kimi lənkəranlı azarkeşlərin gözünə baxmağa utanır.  Amma təəssüf ki, həmin utanc hissindən Mustafa Dənizlidə deyəsən, yoxdu. Olsaydı, mətbuat konfransında baş aldatmazdı. Fikir vermişəm, Azərbaycan kubokunda baş tutan oyunlar zamanı ilk matçda uduzan məşqçi milliyətindən asılı olmayaraq, hər zaman “biz döyüşü uduzmuşuq, müharibə hələ qabaqdadı” tipli açıqlamalar verir. Mən razı, Lənkəranda hələ cavab oyunu var. Lakin Mustafa hoca, həqiqətənmi komandasının belə oyunla “Qəbələ”yə minimum 3 qol vurub, qapısını toxunulmaz saxlayacağına inanır? Bu, olduqca çətin görünür. Düzdür, “Xəzər Lənkəran” “Qəbələ”yə 3, daha çox da qol vura bilər. Ancaq komandanın müdafiə xətti inamlı danışmağa imkan vermir. “Rəvan”, AZAL, “Simurq” kimi komandalarla görüşdə qapısının toxunulmazlığını qoruya bilməyən Lənkəran təmsilçisinin bu dəfə bu işin öhdəsindən gələcəyi çətin görünür.

“Xəzər Lənkəran”lı azarkeşlərin bir qismi uğursuzluqda rəhbərliyi ittiham edir. Amma gəlin bir anlıq düşünək: hansı prezident, vitse-prezident, istənilən klub rəsmisi istəyər ki, komandası uğursuz çıxış etsin? Əlbəttə heç kim. Hər kəs istər ki, komandası çempion olub, kuboku qazansın. “Xəzər Lənkəran” bir-birinin ardınca kuboklar qazandığı illərdə məgər, rəhbərlikdə fərqli şəxslər təmsil olunurdu? Məgər, onda Mais Mənsimov, Tuyqun Nadirov yox idi? Bəlkə Mais Mənsimov, Tuyqun Nadirov “Xəzər Lənkəran”In uğur qazanmasını istəmir? Bununla belə, azarkeşləri də anlayışla qarşılamaq lazımdı. Hər bir futbolsevər istər ki komandasını zirvədə görsün. Amma realist olmaq lazımdı. Mustafa hocadan fərqli olaraq. Bugünkü reallıq da onu göstərir ki, Mustafa Dənizli Lənkəranda çox duruş gətirməyəcək. Toşak kimi o da postunu tərk edəcək. Əgər, yaradılan şərait qarşılığında nəticə yoxdursa, Dənizli getməlidir. Azarkeşlərə isə “heyf yaradılan o şəraitə” demək qalacaq.

Şahin ZÜLFÜQAROV

P.S. Buna bənzər foto Toşakın da vaxtında çəkilmişdi (amma onda tənbəllik həmin fotoya sözardı yazmağa imkan verməmişdi). O zaman uelsli məşqçinin yanında Hüseyn Cəbrayloğlu və tərcüməçi Elvar Quliyev əyləşmişdi. Hər ikisi də məyus idilər və nəticəyə görə utanırdılar. Toşak isə özünü heç nə olmamış kimi aparırdı. Eynən Dənizli kimi...  




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30