20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Tuyqun Nadirov: “Bu töhfəni futbolumuza “Xəzər Lənkəran” verib”

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun müsahibəsi

- Komandanız qış fasiləsindən sonra çempionata yaxşı başlasa da, ardından “uğursuzluq zolağı”na düşdü. Premyer Liqanın ikinci yarısındakı çıxışla bağlı fikirləriniz necədir?

- Bu çıxışdan necə razı qala bilərik? Düzdü, çempionatın ikinci yarısına çox yaxşı başlamışdıq. Sonradan isə komandada eniş başladı. İlk 3 oyunda liderlər qrupunda yer alan klublar üzərində qələbə qazandıq. Amma ardınca qeyri-stabillik başladı və bunlar nəticələrdə özünü göstərdi. Hazırda komanda var gücü ilə ölkə kubokunu qazanmağa çalışmalıdı. Bununla yanaşı, çempionat oyunlarını da boşa vermək olmaz. Hər bir görüşə xal üçün çıxmaq lazımdır. Təəssüf ki, komanda lazım olan məqamda xallar itirdi və bir neçə oyun məğlub oldu.  Belə deyək, komandamız stabil oyun nümayiş etdirmir. Hesab edirəm ki, baş məşqçi bu barədə düşünür. Rəhbərlik qışda komanda üçün nə lazımdırsa edib.

- Mustafa Dənizlinin gəlişindən sonra komandanız 8 görüşdə uduzmadı. Lakin bu uğurlu seriya vacib oyunlarda qırıldı. Baş məşqçi ilə bu barədə danışığınız olub?

- Dənizli Azərbaycan futboluna böyük bir töhfədir və bu töhfəni futbolumuza “Xəzər Lənkəran” verib. Elə bir məşqçinin burda işləməsi alqışa layiqdir. Amma komandanın bu vəziyyətində onu da qınamaq olmaz. Axı Dənizli komandanı mövsümün yarısında təhvil alıb. Əgər mövsümün əvvəlindən komandanı çalışdırsaydı, onda narazı qalmaq olardı. O, gələnə qədər “Xəzər Lənkəran” xal itirmişdi və heç də yaxşı durumda deyildi. Düzdü, Premyer Liqanın ikinci yarısında yaxşı oyunlar oldu. Amma yenə də deyirəm ki, günahı onu üzərinə atmaq olmaz. Dənizli çempionatda öz qurduğu komanda ilə çıxış etmir.

- “Xəzər Lənkəran” zədəli futbolçuların çoxluğundan əziyyət çəkir. Bunun səbəbi araşdırılıbmı?

- Düzdü, bu, bizim üçün ciddi problemə çevrilib. Bunun səbəbini məşqçilər korpusu daha yaxşı bilər. Həkimlər əllərindən gələni edirlər. Uğursuzluqlarda zədəlilərin günahkar görmürəm. Komanda özündən zəif rəqibə uduzursa, heç-heçə edirsə, zədəlilərin olması buna bəraət qazandırmır.

- Komandanız “Bakı” ilə  oyunun hakim idarəçiliyindən narazılıq edirdi...

- Baxımlı oyun oldu. Amma hakim səhvləri göz qabağında idi. Belə şey olmaz. Bu cür baxımlı oyunu hakim penaltilərlə “sındırdı”. Xüsusən, qapımıza verilən ilk penalti qərarı düzgün deyildi.

- “Bakı”nın seleksiyaçı məşqçisi İlham Əliyevin hakimlər otağına daxil olması iddia olunurdu. Bu barədə nə deyə bilərsiniz?

- İddia deyəndə ki, bu hadisə olub. Bu, düzgün deyil. Komandamızın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu artıq bunu ictimailəşdirib. İnanıram ki, AFFA rəhbərliyi, İntizam Komitəsi bunun səbəbini “Bakı” klubundan soruşacaq. Qayda-qanun hamıya şamil olunmalıdır.

- Avrokuboklara yollanmaq üçün çıxış yolunuz ölkə kubokunu qazanmaqdı. Komanda bunu bacarmasa, hansı dəyişikliklər olacaq?

- “Xəzər Lənkəran” yarandığı gündən çempionatda iddialı olub. Qızıl, gümüş medalımız var, kubokun, Superkubokun sahibi olmuşuq. Biz o komandalardan deyilik ki, 3-4 il heç nə qazanmadan davam edək. Bu il də bizim 10 illiyimizdir. Məşqçilər də, futbolçular da dərk edir ki, kubok bizim üçün çox vacibdir. Əgər kubok qazanılmasa, nə kimi dəyişikliklər olacağına baş məşqçi və klubun prezidenti qərar verəcək.

 

 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30