19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Ölkə futbolu

Hüseyn Cəbrayıloğlu: “Çıxıb qolları da mənlə Höccət Hacıyev vurası deyilik ki?”

"Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun müsahibəsi.

- "Xəzər Lənkəran"da çalışmağınızın bir ili tamam oldu. Bu bir il ərzində hansı çətinliklərlə qarşılaşdınız?

- Hər bir işin müəyyən çətin tərəfi olur. Amma gözəl bir kollektivdə çalışıram və qarşıya çıxan çətinlikləri adlaya bilirəm. Bir də işdə elə də böyük çətinliklərlə qarşılaşmamışam. Futbol klubunda hər bir sahə nəticəyə bağlıdır.Əgər uğur varsa bütün işlər rahatlıqla davam edir.Əksinə olduqda isə ən böyük yük də mətbuat xidmətinin üzərinə düşür.

- Klubda çətinliklərə düşəndə yenidən "Futbol+"də çalışmaq arzusunda olmusunuz?

-"Futbol+" Azərbaycan futbolu üçün böyük bir dəyərdir. Hər hansı çətinlik qarşıma çıxanda yox, bəzi hallarda yenə yazmaq istəyirsən,ürəyini boşaltmaq aclığını hiss edirsən. Bax, o zaman qəzet üçün darıxırsan. Etiraf edim ki, məndən sonra "Xəzər Lənkəran"ın problemlərini, düşdüyü vəziyyətin səbəblərini mənim kimi düzgün qiymətləndirən yazıya rast gəlməmişəm. Xahiş edirəm, bu fikri düzgün anlasınlar. Sadəcə yazılan yazılar tam səbəbləri ortaya çıxara bilmir. Məsələn, Gəncədə "Futbol+"in bölgə müxbiri var - Azad bəy, burdan Gəncəyə bir vaqon jurnalist gedib orada bir ay qalıb Gəncə futbolu haqqında araşdırma yazısı yazsaq, yenə Azad kimi həqiqəti ortaya çıxara bilmərik. Lənkəranda belə... Bəzi məqamlarda həmkarlarımın yazıları ilə ürəyimdə qətiyyən razılaşmıram. Çünki, nəinki “10-luq”, heç “5-liy”i hədəf ala bilmirlər.

 - Klublarımızda çalışan mətbuat katiblərindən media ilə ən sıx əlaqədə olan insanlardansınız. Maraqlıdır ki, siz onlarla həmişə səmimi olmusunuz? Yəni klub işçisi olaraq hansısa həqiqəti gizlətmisiniz?

-İlk gündən media ilə sıx ünsiyyətdə olmuşam. İş o yerə çatıb ki, gecə 1-ə işləmiş belə hansısa jurnalist zəng edib xəbər soruşub. Bir əlimdə qaşıq digərində telefon jurnalistin suallarına cavab verdiyim  o qədər anlar olub ki... Heç istəməmişəm kimsə düşünsün ki, aa, Hüseyn telefonumu açmadı. Bizim dillə desək "ən yağlı" xəbəri dostum, xətrini sevdiyim jurnalist üçün saxlamamışam. Kim birinci zəng edib həmin xəbər qisməti olub. Yalan? Bu işin qaydası belədir ki, klubun mənafeyi baxımından istisna hallarda yalan danışmağa məcbursan. Amma yalan deyəndən sonra həqiqəti də demişəm - bax, əslində belədir. Amma məcburam belə deyirəm. Qarşımdakı jurnalist də səmimiyyətimi anlayıb, xəbərin elə rəsmi tərəfini verib.

- Sizin "Xəzər Lənkəran"da ən böyük əməyiniz klub cangüdənləri ilə jurnalistlər arasında münasibəti qaydaya salmaq olub. Növbədə daha hansı problemlərin həlli qalır?

- Təkcə "Xəzər Lənkəran"da yox, ölkəmizin bütün sahələrində çalışan mühafizəçilərlə insanların problemləri yaşanır. Çünki, bu ölkədə Mühafizə Məktəbi varmı? Yox! Əgər görünüşün, idmançı olmağın yetirsə, mühafizəçi kimi çalışa bilərsən. Belə də onlarda düzgün düşünə bilmir, ünsiyyət qura bilmirlər. İlk gündən "Xəzər Lənkəran" stadionuna gələn hər bir jurnalisti özüm qarşılayıram. Yaxud, kimsə qapıda deyəndə ki, jurnalistəm mənə məlumat verirlər və mən gələnə qədər mühafizəçi nəzakətlə ona gözləməsini xahiş edir. Bu yolla çoxdan olan narazılıqları aradan qaldırdıq. Bir ara hətta bir oyunda baş verən insidentə görə mənə çamur atmaq istəsələr də yapışmadı... Sualınızı konkretləşdirsəm, mətbuat xidməti sahəsində bacardığım qədər problemlərin yaşanmamasına çalışacağam. Digər sahələrə də əlim çatdığı qədər kömək etməyə həmişə hazıram.

- "Xəzər Lənkəran" haqqında mətbuatda gedən xəbərləri ilk olaraq klubda kimə göstərirsiniz?

- Gündəlik xəbərləri hər gün baş məşqçiyə çatdırıram. Müxtəlif məsələləri ehtiyac olanda qısaca müzakirə edirik. Çünki, Dənizli ölkəmizi, futbol adamlarını hələ yaxşı tanımır. Maraqlı bir şey deyim - Lənkəranda "Böyük oyun"dan öncə Dənizli məndən Böyükağa Hacıyevi soruşdu. Yəni, oyunla bağlı öncədən mətbuata nə danışır,nələr söyləyir? Mən də dedim ki, sizi "Böyük qardaş" adlandırır.Amma siz işinizi ehtiyatlı tutun, əgər Lənkəranda qalib gəlsə elə şeylər danışacaq ki,  camiəmizdə heç kəs əsəbindən bir ay yatmayacaq.

- "Xəzər Lənkəran"ın son vaxtlar uğursuz çıxışı nə ilə bağlıdır? Sizin əlinizdə imkan olsa idi, ilk öncə nəyi dəyişərdiniz?

- "Xəzər Lənkəran"ın düşdüyü vəziyyətə görə klub rəhbərliyində günah görmürəm. Hə, nə işimdən, nə də kimdənsə çəkincəyim bir şey var. İstənilən oyun sonrası mətbuat konfransında media nümayəndələri durub Dənizliyə sual verisnlər - Bəlkə onun işinə müdaxilə edən var, yaxud bir dediyi iki olur? AZAL-a, "Rəvan"a öndə olarkən rəhbərlik məğlub olmayıb ki? Transfer zamanı rəhbərlik yox, bu futbolçunu mütləq almalısan deyibsə Dənizli desin deyilib. Bu gün ehtiyatda oturan və Azərbaycanın hazırda ən bahalı futbolçusu Elias Ribeyronu da baş məşqçimiz istəyib. Gənc olmasına rəğmən fantastik əmək haqqına klubumuza cəlb olunan və hələ bir oyunda meydanda olmayan Orxan Əliyevi də baş məşqçimiz istəyib. Demək istəyirəm ki, nəticələrə ən çox üzülən də rəhbərlikdir. Pulu xərcləyən o insanlardır. Yayda İsrailə səfərə gedərkən məcburiyyətdən "Gənclik"də tanımadığım bərbərə saçımı kəsdirdim. 10 manat başa gələn saç quruluşunu bəyənmədiyim üçün bu günə qədər həmin bərbəri ürəyimdə qınayıram, ona əsəbləşirəm. Qardaşım, indi bu insanlar 10 manat yox e, milyonlarını xərcləyir və necə ola bilər ki, nəticələrə üzülməsinlər? Azərbaycanda hansı klub oyuna iki gün qalmış matçın keçiriləcəyi stadiona yaxın yerdə otelə yerləşir? AZAL-la oyun öncəsi "Şeraton" otelinə yerləşdik ki, stadiona yaxin olsun. Yəni, bunu Mustafa hocamız istəmişdi. Həmin otelə xərlənən pula bizdə bir çox klub iki-üç futbolçu transfer edir. Bütün bu rahatlığı yaradan da rəhbərlikdir. İndi çıxıb qolları da mənlə Höccət Hacıyev vurası deyilik ki?

- Jurnalist kimi lənkəranlı azarkeşlərin arasında çox olmusunuz. Belə çətin bir zamanda fanatlara hansı məsləhəti verə bilərsiniz?

- Məni Hüseyn Cəbrayıloğlu edən "Xəzər Lənkəran" camiəsi olub. Düzlüyüm, əqidəm, obyektiv yazılarım məni bu insanlara sevdirib. Heç vaxt o sevgiyə xəyanət etmərəm. Onlara hər hansı məsləhət verməyə də gərək yoxdur. Çünki, bu insanlar həqiqəti həmişə yaxşı görüblər. Azarkeş kimi nə olsa belə komandanın yanında olmalarını istərdim. Belə olanda biz daha əzəmətli görünürük.

- Bizə vaxt ayırdığınız üçün təşəkkürlər. İnşallah, növbəti müsahibəni "Xəzər Lənkəran"ın Çempionlar Liqasındakı çıxışına görə sizdən alım.

- Siz sağ olun ki, bu işdə bir ilimin tamam olmasını diqqətdə saxlamısınız. Səmimi olaraq sizinlə ürəyimdə olanları paylaşdım.

 


sportarena.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31