20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AFFA-da bayramdı! YAZI

AFFA-da bayramdı. Düzdür, Novruz bayramına hələ 2 həftədən çox vaxt qalıb. Amma assosiasiyadakıların kefi indidən sazdır. Niyə olmasın? Bayram üçün bir neçə səbəb var.

Əvvəla, ildə milyonlar xərclənən milli komandamız 2014-cü ilə qələbə ilə başladı. Əşşi, nə dəxli var e, rəqib Filippindi. Fillipin, Monqolustan, Mozambik, ya Braziliya. Qələbə qələbədi də. Əsas odur ki, Dubaydan qələbə ilə qayıdırıq. Filippinin AVRO-2016-nın seçmə mərhələsindəki rəqiblərimizdən bir yox, beş baş zəif olması heç nəyi dəyişmir. 5 rəqibimizdən cəmi 1-i qələbə qazandı. İtaliya, Malta uduzdu, Xorvatiya və Norveç uduzdu, biz isə qalib gəldik. Bir neçə aparıcı futbolçunun olmamasına baxmayaraq, Filippinə yerini göstərdik. Deməli, millimiz düzgün yoldadır və komandanın gələcəyi barədə narahat olmağa dəyməz. Erat, Abatsiyev kimi gənclərimiz yetişir. Bu futbolçularla biz gələcəkdə daha böyük uğurlara imza atacağıq. Buna şübhə edənin özü şübhəli adamdır.

Foqts da sevinir. Aldığı milyonların qarşılığında Filippin üzərində qələbəni “çox şadam ki, qələbə qazandıq” fikri ilə “yuyan” Berti müəllim, son vaxtlar yaman təvazökar olub. Oyundan sonra alman, "Yersiz səhvlərə yol verirdik. Müdafiədə də səhvlər var idi, oyundan tam razı qalmadım” deməklə futbolçuların kefinə soğan doğrayıb. Amma hamımız bilirik ki, Foqtsun bu açıqlamaları sünidi. Qəlbinin dərinliyində o da AFFA-dakılar kimi “əsas qələbədi” deyə, düşünür.

Əsas milli kimi U-21 yığmamız da bizi sevindirdi. Səfərdə “əjdaha” Moldova ilə oyundan yenilgidən qaçıb, heç-heçə oynadıq. Foqts kimi Lippert də bu nəticəyə dünəndən indiyə kimi sevinir. O qədər çox sevinib ki, qapıçının buraxdığı kobud səhvi stadiondakı işıqlandırma sistemi ilə əlaqələndirib. Hələ üstəlik bəh-bəhlə də deyib ki, “yeni komanda formalaşdırırıq. Yetişdirdiyim futbolçuların 5-ini Berti Foqtsun sərəncamına göndərmişəm”.

Əsas milli qələbə qazandı, gənclərimiz çətin Moldova səfərindən heç-heçə ilə qayıtdı. Gəl, indi bayram keçirən AFFA-nı qına da. Hörmətli AFFA rəsmiləri, heç kimə, bayramınızı həzm edə bilməyənlərə fikir verməyin. Gördüyünüz iş göz qabağındadır. Bayram etmək üçün hər bir əsasınız var.

AFFA üçün əsas və gənclər millimizin uğur qazandığı günün daha bir şad xəbəri İdman Nazirliyindən gəldi. “5 mart - Bədən tərbiyəsi və idman günü” münasibətilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quliyevə “Azərbaycan Respublikasının Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” fəxri adı verilib. Urraaaaa! Budur, bayram üçün daha əsas. Heç kim məndən inciməsin. Amma Mikayıl bəylə məzələnib, onun aldığı mükafatı həzm edə bilməyən həmkarlarımla qətiyyən razı deyiləm. Ən azından Mikayıl Quliyevin yaşına hörmət etmək lazımdı. Mikayıl bəy, sizin kimi güclü jurnalist olmaya bilər. “Zato” o, AFFA-nın aparıcı simalarından biridir. Əgər, mükafatı alıbsa, deməli buna layiqdi. Təbriklər Mikayıl bəy!

Dünən bizi bir neçə dəfə sevindirdiyinə görə AFFA rəhbərliyinə dərin təşəkkür edirəm. Amma bizi yaman pis öyrədirlər. Dünənki gecənin sevincini tam yaşamamış, AFFA bu gün səhər saatlarında bizi yenidən sevincə boğdu. Özü də AFFA-nın budəfəki addımı hər kəsi susmağa məcbur edir. Filippini rəqib seçdiyinə görə gözügötürməyənlər tərəfindən tənqid olunan AFFA bu dəfə milli üçün güclü rəqib tapdı. Yığmamız mayda DÇ-2014-ün iştirakçısı, hazırda FİFA reytinqində 13-cü pillədə qərarlaşan ABŞ-la üz-üzə gələcək. Di hı, bu nə sözünüz var? Gördüz? Halal olsun AFFA rəhbərliyinə. Lazım olanda güclü rəqib tapa bildiklərini təkcə bizə yox, bütün dünyaya sübut etdilər. Daha heç kim onları milliyə zəif rəqib tapmaqda ittiham edə bilməz.

Yaşasın AFFA, yaşasın günü-gündən inkişaf edən Azərbaycan futbolu!

Şahin ZÜLFÜQAROV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30