24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Samir Ələkbərov: “Fransa ilə oyundan əvvəl meydana arvad formasında çıxmışdıq”

Veteran futbolçu Samir Ələkbərov “Het-trik news” qəzetinə müsahibə verib. Samir Ələkbərovun açıqlamalarını təqdim edirik:

* 1968-ci il oktyabrın 8-də Bakıda dünyaya gəlmişəm. Ailədə 8 uşaq olmuşuq - 4 bacı və 4 qardaş. Mən 7-ci uşaq idim. Belə demək olarsa, futbolçu ailəsində böyümüşəm. Böyük qardaşlarım Nəriman və Aydın futbolçu olublar. Ailədə çox uşağın olması gözəl haldır. Hərdən o günlərə qayıtmaq istəyirəm. Kasıbçılığın hər üzünü görmüşük. Bizə görə anama “Qəhrəman ana” fəxri adı verilmişdi. Hərdən atama zarafatla deyirdim ki, anama “qəhrəman ana” adı veriblər, sənə də “otets molodets” verəydilər.

1975-ci il idi. Uşaqlığım Papanində keçib. Böyük qardaşım Nəriman “Spartak” cəmiyyətində futbolla məşğul olurdu. Cəmiyyətin direktoru rəhmətlik Ənvər Quliyev, məşqçilər isə Ağasəlim Mircavadov, Zabrodin, Məlik Həsənov idi. Yaxşı yadımdadı, ilk dəfə məşqə gedəndə atam məhəllənin başında dayanmışdı. O görməsin deyə, evlərin damı ilə qonşu məhəlləyə keçdik. Atamın futbol haqda o qədər də məlumatı yox idi. Elə bilirdi ki, futbolla məşğul olmaq nəsə bir pis iş tutmaqdı. Gizlincə yollandıq “Spartak”a. Guya, qapıçı olacaqdım. Yayın istisində əlcək, idman forması geymişdim. Təsadüfən Ənvər müəllim məni hücumda oynatdı və dedi ki, bala səndən qapıçı çıxmaz, boyun çox qısadı, yerin elə hücumdu. Elə o vaxtdan hücumda oynadım.

Ənvər müəllim xəstələnəndən sonra “Spartak”da vəziyyət xeyli dəyişdi. “Neftçi”nin uşaq futbol məktəbinə gəldim. Sonradan məni əvəzedici komandaya götürdülər. İlk oyunum 1985-ci ildə Sumqayıtda “Ararat”a qarşı olub. Əsas heyətdə isə ilk oyunumu 1987-ci ildə Almatıda “Kayrat”a qarşı keçirmişəm. Adamın inanmağı gəlmirdi ki, bir vaxtlar əlçatmaz görünən komandanın heyətindəsən. Növbəti dəfə Bakıda Tbilisi “Dinamo”suna qarşı meydana çıxmışam. 3:0 qalib gəlmişdik. Qolları Maşallah Əhmədov, Nazim Süleymanov və Şakir Qəribov  vurmuşdu. Sona 12-13 dəqiqə qalmış Mehman Allahverdiyevi əvəzləmişdim. O vaxtkı “Dinamo”nun heyətində kimlər yox idi - Aleksandr Çivadze, Otari Qabeliya... Bir epizodda topu Çivadzenin ayaqlarının arasından ataraq keçmişdim. Sonradan komanda yoldaşlarım Federovski və Pançik videotəkrara baxanda gülürdülər ki, adə sən neyləmisən?

Təəssüf ki, 1989-cu ildə “Neftçi” aşağı dəstəyə düşdü. Bunun da bir çox səbəbləri var idi. Ermənilərlə münaqişə, meydan hadisələri və s. Hətta o vaxt elə olurdu ki, Bakıda keçirilməli olan oyunlarımızı rəqib meydanında oynayırdıq. Kiyev “Dinamo”su ilə oyunu misal gətirə bilərəm. Valeri Lobanovski Bakıya gəlməkdən imtina etmişdi. Kimin onun sözünü yerə salmağa cürəti çatardı? Lobanovskiyə görə ikinci qarşılaşma da Kiyevdə keçirildi.

Hərdən düşünürəm ki, futbolçu olmasaydam hansı sənəti seçərdim. Amma özümü başqa sənətdə görə bilmirəm. Bəlkə də güləşçi olardım. Axı, uşaqlıqda güləşlə məşğul olmuşdum.

Səhv eləmirəmsə, bir dəfə bombardir olmuşam. Amma “Neftçi”nin tarixində ən çox qol vuran futbolçu olduğum dəqiqdi. “Neftçi”də ilk qolumu “Nistru”ya vurmuşam. Ən yaddaqalan qol isə “Zenit”lə oyunda olub. Doğrudur, elə də baxımlı qol alınmamışdı. Amma həmin qol çox əhəmiyyətli idi. Vəli Qasımov təkbətək çıxdı, amma Biryukov topu geri qaytardı. Özümü çatdırıb topu boş qapıya göndərdim. Qola yox, bilirsiniz nəyə sevinirdik? Deməli, oyundan əvvəl baş məşqçi Əhməd Ələsgərov bizi yığıb paketdə pul payladı və tapşırdı ki, əgər uduzsanız gətirib pulu geri qaytararsınız. Bunu eləməyə kimin “duxu” çatardı ki? Bax, ona sevinirdik ki, pulu geri qaytarmayacağıq. Həm pulun məbləği böyük idi – hardasa min rubl, həm də Əhməd müəllimin cəzasından canımız qurtarırdı. Hətta, oyundan sonra Vidadi Rzayev zarafatla deyirdi ki, bu pulla futbolu qurtarmaq olar.

Bir dəfə də Nijni Novqorodda “Lokomotiv” ilə oynayırdıq. Birinci hissədə 1:0 hesabda öndə idik. İkinci hissə başlayan kimi topu ələ keçirib rəqibin futbolçularını bir-bir “dənlədim”, qapıçını da keçib qol vurdum. Doğrudan da, gözəl qol idi. Həmin vaxt komandamızın baş məşqçisi Sergey Kramarenko, məşqçi isə Böyükağa Ağayev idi. Fasilədən 2-3 dəqiqə gec qayıtdıqlarından matçın sonuna yaxın hesabda 1 yox, 2 top öndə olduğumuzu biliblər.

* Birinciliyi yaxından izləyirəm. Məncə, bu il “Qarabağ” çempion olacaq. Ağdamlıların heyəti çox güclüdü. Səviyyəli legionerləri də var. 3 il ardıcıl çempion olmalarına baxmayaraq, bu il “Neftçi” birinci olmaq gücündə deyil.

* Karyeram ərzində sarı vərəqələrin sayı çox olsa da, cəmi 1 dəfə meydandan qovulmuşam. O da ikinci sarı vərəqə ilə. Hansısa oyunda yan xətt hakimi Fizuli Nəcəfovla aramızda söz-söhbət oldu. Buna kimi bir dəfə xəbərdarlıq almışdım. Baş hakim də ikinci “sarı” ilə məni meydandan qovdu. O vaxt hakimlər “Neftçi”ni çox sıxırdı.

* Oyun alıb-satmaq şərəfsizlikdi. Amma bir dəfə nəticəsi əvvəldən məlum olan oyunun iştirakçısı olmuşam. Bakıda Stavropolun “Dinamo” komandası ilə qarşılaşırdıq. “Dinamo”ya 1 xal lazım idi ki, 1-ci dəstədə qalsın. “Dinamo”nun rəhbərliyi udmamağımızı xahiş eləmişdi. 1-ci hissədə qapıçının irəli çıxdığını görüb topu başının üstündən qapıya vurdum. Düzü, heç istəmirdim qol olsun. İkinci hissədə 1 top buraxdıq. Onu da qəsdən. Bilirsiniz niyə? “Dinamo” heç-heçə etsəydi, Abovyanın “Kotayk” komandası 2-ci dəstəyə düşürdü. Ermənilərə görə 1 xalı bağışladıq “Dinamo”ya. Özü də oyunun gedişində azarkeşlər bizi durmadan söyürdü. Axırda diktor məcbur olub elan etdi ki, əgər oyun heç-heçə başa çatsa, “Dinamo” 1-ci dəstədə qalır, “Kotayk” isə yox. Amma yenə də xeyri olmadı. Deyəsən, azarkeşlər başa düşməmişdilər.

* SSRİ dövründə bilməzdik ki, erməni kimdi, yəhudi kimdi, rus kimdi. Hamıya eyni gözlə baxırdıq. Böyüdüyüm məhlədə erməni ailələri qalırdı, məktəbimizdə erməni uşaqlar oxuyurdu. Belə baxanda, hər şey normal idi. Elə oldu ki, 1 il ermənilərin içində oynadım - Xankəndinin “Qarabağ” komandasında. O vaxt Dağlıq Qarabağın birinci katibi Gevorkov adlı erməni idi. Özündən demək çıxmasın, mənə görə “Qarabağ”ın oyunlarına baxmağa gəlirdi. Yeri gəlmişkən, komandanın rəisi Aleksey Balayan Bakı ermənisi idi. Vaxtilə SSRİ birinciliyində tanınmış hakimlərdən biri olmuşdu. Hətta Eldar Əzimzadənin köməkçisi kimi xeyli oyunda hakimlik etmişdi.

Həmin il Donetskdə keçirilən SSRİ xalqlarının spartakiadasında iştirak etdim. Azərbaycan komandasının baş məşqçisi Kazbek Tuayev idi. O vaxt spartakiadada iştirak etmək hər kəsə qismət olmurdu. Həmin yarışlardan sonra “Neftçi”dən dəvət gəldi. Artıq hamı oyunuma bələd idi. Mövsümün sonuna kimi “Qarabağ”da qaldım, növbəti il isə “Neftçi”də –  baş məşqçi Yuri Sevidovun sərəncamında idim.

Ermənilərə qarşı bir neçə oyunda meydana çıxmışam. Amma “Razdan”da oynamaq imkanı olmayıb. Məlum hadisələr baş verəndən sonra bizim oyunumuzu Volqoqrada salmışdılar. 1-ci dəstədə “Kotayk”la oyun da yaxşı yadımdadı. Elə “Ararat” kimi bir komanda idi. Həmin oyun Novorossiyskdə keçirilmişdi.

Bir dəfə Zaparojyedə “Metallurq”la oyuna getmişdik. Bir nəfər mənə yaxınlaşdı. Baxdım ki, Qarikdi. Uşaq vaxtı bir yerdə oynamışıq. Eşitmişdi ki, “Neftçi”də oynayıram, məni görməyə gəlmişdi. Bakı üçün darıxdığını deyib uşaq kimi ağlayırdı. Axırıncı gördüyüm erməni isə “Qarabağ”da baş məşqçi olan Alik Mkrtçov idi. Moskvada Mixaylovskinin restoranında qarderobda işləyirdi.

* İlk maaşımı “Qarabağ”da oynayarkən almışam. Onu da dostuma hədiyyə eləmişəm. Sinif yoldaşım var idi, həm də qonşu idik. Mənə zəng elədi ki, bitirdiyimiz 266 saylı məktəbin ilk məzunları ilə görüş keçirilir. Həmin vaxt Bakıdaydım. Dedi ki, bəs, mən gedə bilmirəm. Səbəbini soruşanda kostyumunun olmadığını bildirdi. İlk maaşıma 6 manata “Abşeron” tortu aldım, qalanını isə ona verdim. İndi həmin adam haqq dünyasındadı. Sonradan borcu qaytarmaq üçün çox cəhdlər elədi, götürmədim.

Futbolçu karyeram ərzində dolanışıq pis olmayıb. 100 dollar aldığım vaxtlar da olub, 3 min aldığım dövr də. Şükür Allaha, indi də  pis-yaxşı dolanırıq. İkiayaqlı toyuğu çölə buraxsan, ac qalmaz. Bizə nə olub ki? Əlimiz-ayağımız yerində, ağlımız da başımızda.

* Darıxmışam onun üçün. Məni futboldan silməsyinə baxmayaraq, xətrini çox istəyirəm. Bir insan, şəxsiyyət kimi ona böyük hörmətim var. Bu gün futbolumuzda Fuad Musayev çatışmır. Axırıncı dəfə onu Oqtay Abdullayevin qızının toyunda görmüşəm. Adlarını çəkməyəcəm, çoxları onu görəndə gizlənmək istəyirdilər. Zəhmi hələ də qalıb. Fuad müəllimlə bağlı o qədər xatirələr var. Onunla səfərə çıxmaq, söhbət eləmək adama ləzzət edirdi.

* Bayaq da qeyd etdim ki, uşaq vaxtı güləşlə məşğul olmuşam. 6 yaşında özümdən böyüklərlə Azərbaycan çempionatında güləşmişəm. Hətta 3-cü yeri tutmuşam. Sonradan meylimi futbola saldım. Ümumiyyətlə, güləşlə həmişə maraqlanmışam. Arif Abdullayev, Namiq Abdullayevlə bir yerdə böyümüşük. Uşaqlıq dostu idik. Evdən bir yerdə çıxırdıq – onlar zala, mən stadiona. 1996-cı ildə Atlantadakı Olimpiya Oyunlarında Namiqin final görüşü heç yadımdan çıxmaz. Görüşü televizordan izləyirdim. Namiq uduzanda sevincimdən ağlayırdım. Uduzmağına yox, orada çıxış etdiyinə görə. Nə qədər olmasa da, uşaqlıq dostum idi. Amma əslində Namiq çempion olmalı idi. Onun rəqibi bolqar İordanov 7 qat dünya çempionu olmasına baxmayaraq, bir dəfə də olimpiya mükafatına layiq görülməmişdi. Həm də karyerasını bitirirdi deyə, hakimlər ona tərəfkeşlik etdilər.

* Hakimlik çox çətin sənətdir. Böyük qardaşım Nəriman futbolu atanda xahiş elədim ki, hakim olmasın. Aydının hakim olmasına isə etirazım olmayıb. Kaş ki, hamı Aydın kimi hakimlik edəydi. Meydanda elə bil “nemes” idi. “Xəzər Universiteti”ndə çıxış etdiyim vaxt oyunumuzun birində Aydın yan xətt hakimi idi. Rəqibin adı yadımdan çıxıb. Oyunun sonunda hesab 2:2 olarkən, qapıçı ilə təkbətək çıxdım. Ofsayddan da söhbət gedi bilməzdi. Amma hakim oyunu saxladı. Baxdım ki, Aydın bayrağı qaldırıb. Deyirmək ki, ay qardaş, niyə ofsayd göstərdin? Mənə nə desə yaxşıdı: “ofsayd yox idi, amma qardaşım olduğuna görə bayrağı qaldırdım. Sonra fikirləşərlər ki, qardaşına imkan verdi ki, qol vursun”.

Ümumiyyətlə, hakimlərlə heç vaxt problemim olmayıb. İndi də köhnə hakimlərlə tez-tez görüşürəm.

* Xaraktercə çılğın olduğumu deyirlər. Çoxları gənc yaşlarımda məni davakar, nadinc birisi kimi tanıyıblar. Amma əslində təbiətcə sakit adamam. 

* Trabzonda millinin İsrailllə oyunundan sonra Petax-Tikvanın “Makkabi” komandasından təklif gəldi. Aylıq 3 min dollar pul verirdilər. Həmin vaxt buradakı maaşımız 100 dollar idi. İmtina eləmək olardı? İsraildə 1 il oynadım. 17 oyunda 1 qol vurdum. O vaxt legioner həyatı yaşamaq çətin idi. Yəni xaricə getmək olmurdu. İndi yollar açıqdı, bacaran ürəyi istəyən yerdə oynaya bilər. Məsələ burasındadır ki, indi bizimkilərdə bu istək yoxdu. “Makkabi”dən əvvəl mənə Polşadan da təklif gəlmişdi. Polşa ilə oyundan sonra “Lex”də oynaya bilərdim. Amma qismət olmadı.

* Ona baxanda adamı əsməcə tuturdu. Bir dəfə Soçidə mənə təpik atdı. Məşq vaxtı onunla təkbətək çıxdım. Özümü elə göstərdim ki, zərbə vururam, Saşa tullandı. Adama deyərlər day qapıçını da keçibsən, topu vur da boş qapıya, bu boyda adamı niyə dolayırsan? Mənsə, həmin hərəkəti yenə təkrarladım. Üçüncü dəfə Saşanı aldadanda dözmədi, təpik atdı. Düzü, heç cavab da qaytarmadım, axı, günah məndə idi. Uşaqlar da bir yandan qınadılar ki, adə, sən neynirsən? Bu boyda kişini o yana-bu yana sərirsən, vur qurtar da. Amma məşqdən sonra otağıma gəlib boynumu qucaqladı, üzümdən öpdü. Ondan sonra Saşa ilə dostlaşdıq. Millidə bir yerdə oynamışıq, İsraildə tez-tez görüşərdik. Jidkovun necə qapıçı olduğu hamıya məlumdu. Həm də gözəl insandı. Maraqlıdır ki, köhnə futbolçulardan ən çox qapıçılarla dostluq edirdim - Elxan Həsənov, Mixail Mixaylov... Mixaylov mənə “soldat” deyirdi. “Neftçi”yə gələndə keçəl idim deyə, belə çağırırdı. Onu sonuncu dəfə İsraildə olarkən görmüşdüm. Kiyev “Dinamo”sunda Valeri Lobanovskinin köməkçisi işləyirdi. Məni görən kimi dərhal tanımışdı – adə “soldat” sən burda neynirsən? Otağına dəvət elədi, bir qədər dərdləşdik.

* Kumirim İsgəndər Cavadov olub. Moskva “Dinamo”sundan qayıdandan sonra onun birinci oyunu indi də xatirimdədi. Camaat az qala onu meydana əlinin içində çıxarırdı. Bütün komandanı çiynində daşımağı bacaran bir futbolçu idi. Hanı indi elə futbolçular?

* Ora getməyimin maraqlı bir tarixçəsi var. Bəri başdan qeyd edim ki, “Neftçi”yə gəlməyimin əsas səbəblərindən biri də “Qarabağ”dakı çıxışım olub. 1985-ci il idi. O vaxt “Neftçi”nin nəinki əsas, əvəzedici heyətinə də düşmək çətin idi. Bir müddət Bakının “Gənclik” komandasında oynadım. Baş məşqçimiz Sergey Kramarenko idi. Ağasəlim müəllim gələndən sonra komandadan getməli oldum. Sonradan Nəriman yenidən Ağasəlim müəllimin komandasına qayıtmağı məsləhət gördü. O vaxt hər bir komandada 2 gənc futbolçu oynamalı idi. Bu, qanun idi. “Gənclik”də də belə uşaqlar var idi. Nə isə, Nərimanla elə bu haqda danışa-danışa evə gedərkən təsadüfən Ağasəlim müəllimlə rastlaşdıq. Nəriman ondan məni yenidən komandaya götürməsini istədi. Ağasəlim müəllim isə əlinin altında bir neçə gənc futbolçunun olmasını deyərək, razı olmadı. Yadıma düşəndə kövrəlirəm. Oradan birbaşa getdik vağzala və Xankəndiyə bilet aldıq. Tələbə bileti ilə bir qədər ucuz başa gəldi. “Qarabağ”ın baş məşqçisi Alik Mkrtçov, məşqçi isə Qaqik idi. Soyadını unutmuşam. Ertəsi gün məlum oldu ki, “Qarabağ” Bakıda toplanışdadı. Bileti qaytarıb yollandım komandanın düşərgəsinə. “Tretiy sad” deyilən yerdə kross qaçırdılar. Alik Mkrtçıova yaxınlaşıb dedim ki, məni Eduard Cəbrayılov göndərib. Könülsüz şəkildə krossdan sonrakı ikitərəfli oyunda sınadı. Heç 5 dəqiqə keçməmiş yanına çağırıb dedi ki, sabah Xankəndiyə gedirik, hazırlaş. Beləliklə, “Qarabağ”ın əsas oyunçularından biri oldum.

* Leninə hamımız baba demişik. Elə bilirdik ki, doğrudan da babamızdı. Leninlə bağlı bir hadisə danışım – məhəllədə ölüm hadisəsi baş vermişdi. Aydınla məni şahid kimi prokurorluğa çağırmışdılar. İzahat vermək üçün dəhlizdə gözləyirdik. Atam da bir qədər kənarda dayanmışdı. Dəhlizdə Leninin büstü var idi. Aydının əli dinc durmadı, Leninin başına bir çırtma vurdu. Bu vaxt yanımızdan bir qadın keçirdi. Bir hay-həşir saldı ki, gəl görəsən. Ölüm hadisəsi yaddan çıxdı, düşdülər bizim üstümüzə. Onda atam bizi yaman döymüşdü. Uşaq idik də, çırtma vuranda nə olar? Məgər uşaq babasına çırtma vurmur?

* Millinin tarixində ilk beynəlxalq oyununda oynamaq mənə də qismət olub. Qurcuanidə gürcülərə məğlub olmuşduq – 3:6. Bir dəfə də İrandakı turnirdə komandanı kapitan kimi meydana çıxarmışam. Millidə çox qol vurmasam da, xeyli penalti qazanmışam. Ən yaddaqalan oyun nə qədər acınacaqlı olsa da, Fransa ilə qarşılaşmadı. Nədənsə, indi də hamının yadına həmin məğlubiyyət düşür. Niyə Norveçə 0:5, Polşaya 1:8 hesablı məğlubiyyətləri xatırlamırlar? Biz Fransaya uduzanda hansı şəraitdə oynayırdıq? Bir şəkil var, heç kim ona fikir verməyib. Fransa ilə oyundan əvvəl meydana arvad formasında çıxmışdıq. Həmin şəkilə baxanda bunu aydın görmək olar. İndi hər futbolçunun 3-4 dəst forması var. Biz isə eyni forma ilə həm oyundan əvvəl məşqə, həm də oyuna çıxırdıq. Vay o günə ki, kimsə formasını rəqiblə dəyişdirərdi. Yazıq Fuad müəllim əzab-əziyətlə ordan-burdan pul tapıb komanda saxlayırdı. Trabzondakı oyunlar Bakıda olsaydı, İsraili də udardıq, Rumıniyanı da.

* “Neftçi” mənim üçün bütdür. “Neftçi”ni çox istəyirəm, həmişə bu komandaya pərəstiş etmişəm. Amma bu gün “Neftçi”nin dadı qaçıb. Təsəvvür edin ki, komandanın bazasına gedə bilmirəm. İçəri girmək üçün gərək bir neçə postdan keçəsən. Bilmirlər ki, bu adam “Neftçi” üçün can qoyub, “Neftçi”yə görə futboldan silinib. “Neftçi”nin tarixi ərzində ən çox qol vuran futbolçuyam. Məndən sonra Anatoli Banişevskinin adı gəlir. Özümü Banişevski ilə müqayisə eləmirəm, amma fakt budur ki, o forma ilə 99 qol vurmuşam. Görən indiki nəsildə bunu bilən var?

* Nəsimi rayonundakı 19 saylı orta məktəbdə təhsil almışam. Həmin məktəbdə olimpiya çempionumuz Namiq Abdullayev, onun böyük qardaşı Arif, futbolçulardan İlqar Hüseynov, İlqar Aslanov, həmçinin böyük qardaşlarım Nəriman və Aydın da oxuyublar. 8-ci sinifdə məni yeni inşa olunmuş məktəbə keçiriblər.

Məktəblə bağlı yadıma bir hadisə düşdü – 1984-cü ildə SSRİ yığmasına çağırılmışdım. Macarıstana toplanışa getməli idik.  İdman Komitəsindən məktəbə məktub gəlmişdi ki, bu uşağı imtahanlardan azad etsinlər. Düzü, oxuyan uşaq olmamışam. Müəllimlərin də belələrini görməyə gözləri yox idi. Onlardan da biri “zavuç”umuz Svetlana Petrovna idi. Biləndə ki, Samir Ələkbərov mənəm, onu dəhşət bürüdü - necə ola bilər ki, sənin kimi oxumayan şagirdə belə bir yerdən məktub gəlir? Həmin hadisədən sonra Svetlana Petrovnanın mənə qarşı münasibəti kökündən dəyişdi. Hamısına da səbəb futbol idi. Hətta məktəbi bitirəndə məni qucaqlayıb ağrayırdı.

* İki qızım, bir oğlum var. Sevgililər günündə Nərminin 14 yaşı tamam oldu. Fəridə ondan bir yaş kiçikdir. Qızlarıma “mama” deyə müraciət edirəm. Dadaşın isə 7 yaşı var. Atamın adını qoymuşam. Futbola həvəsi var. Hazırda “Neftçi”nin aşağı yaş qrupunda Emin Salmanovun qrupunda oynayır. AFFA-nın “Bakcell” ilə futbolun inkişafı ilə bağlı birgə layihəsi  çərçivəsində Binədə uşaqlara məşq keçirəm. Hərdən özüm ilə ora da aparıram. Pis deyil, futbolçu üçün lazım olan müəyyən keyfiyyətlərə malikdir. İstərdim ki, gələcəkdə futbolçu olsun.

* Yaralı yerimə toxundun. Bir neçə gün əvvəl Papanindən keçirdim. Sökürlər. Gözlərim doldu. Papaninlə bağlı o qədər xatirələrim var ki. Yazıq Papaninin adı çıxmışdı... O vaxt yolun kənarında dükan var idi, həmişə qarşısında kişilər yığışardı. Sizə kişi deyirəm ha. Doğrudan da əsl kişi idilər. İndi elələrinə rast gəlmək çətindi. Nə vaxt baxsan Seyid, Mamed, Əlimusa dayı futbolla bağlı müzakirələr aparırdılar. Əsl futbol azarkeşləri idi.

* Rəqib deyəndə yəqin ki, müdafiəçiləri nəzərdə tutursunuz. SSRİ dövründə bütün müdafiəçilər keçilməz idi. Keçəndə də adamın özünə ləzzət edirdi. “Kayrat”dakı Timofeyevin adını çəkə bilərəm. Hücumçu ilə fərdi oynayır, imkan tapan kimi ayağa zərbə vururdu. Milli çempionatda isə oynamaq çox asan idi. Bir dəfə Ağdamda “Qarabağ”la oynayırdıq. Ağasəlim müəllim bir nəfər cavan uşağı mənə qarşı fərdi oynadırdı. İmkan vermirdi oynamağa, vururdu. Oyundan sonra uşaqlar soruşdu ki, Samir belinə nə olub? Kürəyimdə butsun şiplərinin izi qalmışdı. Məni vuran həmin uşaq indi yaxşı tanıdığımız Aslan Kərimov idi.

* İlk dəfə siqaretin dadına “Qarabağ”da oynayanda baxmışam. O da maraq xatirinə. Əlimə bir dənə siqaret düşmüşdü. Düzü, tamı xoş gəlmədi, başım fırlandı. Elə bu vaxt qapı döyüldü və içəri Armen Solomanyan daxil oldu. Hiss elədi ki, siqaret çəkmişəm. Bircə kəlmə “bolşe ne kuri” (bir daha çəkmə – red.) dedi. O vaxtdan siqaret çəkmədim. Amma “Neftçi”yə gələndə... hərdən adama siqaret çəkmədiyinə görə pis baxırdılar. Futbolu buraxdıqdan sonra çəkirəm. Günə haradasa 1-2 qutu gedir. Yavaş-yavaş azaldıb tərgitmək lazımdı.

* Şahinlə uşaq vaxtlarından tanışam. Sonradan bir yerdə millinin şərəfini qoruduq. Şahini özümə dost yox, böyük qardaş hesab edirəm. Gəlin onunla bağlı bir maraqlı əhvalat danışım. Şahin, Aleksandr Jidkov və mən İsraildən millinin Slovakiya ilə oyununa gedirdik. Yolumuz uzaq idi. Təsəvvür edin ki, ora Tel-Əviv-İstanbul-Milan-Koşitse marşrutu ilə getmişdik. Şahin təyyarəyə minməkdən qorxur. Bunu bildiyimə görə yolboyu onunla zarafatlaşırdım, acığına gəlirdi. Oyundan sonra Tel-Əvivə çatanda Şahin gömrükdən keçdi, mən qaldım. Yığmanın heyətində Omanda olduğumdan pasportumda ərəb ölkəsinin möhürü var idi. İlk dəfə İsrailə gələndə “Makkabi”nin rəsmiləri möhür probleminin xəbərim olmadan həll etmişdilər. Yoxsa, kimi idi məni İsrailə buraxan. Demə, Şahin yoxlanışdan sonra bir polisə yaxınlaşaraq məni həmin möhürə görə saxlamalarını xahiş edib. Guya ki, terrorçuyam. Nə isə, yoxlamadan keçən vaxt iki nəfər qolumdan tutub məni harasa apardı. Dili bilmədiyimdən heç nə başa sala bilmədim.

Əlacsız qalıb “Şahin, Şahin” deyə  qışqırmağa başladım. İnandırım sizi, bütün aeroport mənə baxırdı. Axırda Şahin görüb ki, qorxudan ürəyim partlayacaq, yaşınlaşıb məni buraxdırdı – “necədi, xoşuna gəldi? Bir də mənimlə zarafat eləmə”. Doğrudan da yaman qorxmuşdum.

Şahin Diniyevlə bağlı bir maraqlı əhvalat da danışım. Yığmanın Trabzonda İsrail ilə oyunundan sonra “Makkabi”nin düşərgəsinə yollandım. Şahin onda İsraildə oynayırdı. Rəhbərlik mənim viza məsələmi həll edənə kimi bir də baxdım ki, Şahin məni tək qoyub gedib. Nə isə, birtəhər taksi ilə bazaya gəldim, müqavilə bağladıq. Ertəsi gün komanda yoldaşım Şaxov mənə dedi ki, gəl şəhəri gəzək. Petax-Tikva ilə Tel-Əviv arasında elə də böyk məsafə yox idi. Ora çatanda bir də gördüm ki, Şahin balkonda dayanıb. Həmin yeri yadımda saxladım. Bir neçə gün sonra mənə “Citroen” verdilər. Maşını alan kimi sürdüm birbaşa Tel-Əvivə – Şahini axtarmağa. Nə isə, birtəhər gəlib həmin yeri tapdım. Küçənin ortasında dayanıb Şahini çağırıram. Hamı da mənə baxır. Bir saat qışqırandan sonra axır ki, Şahin eyvana çıxdı. Məni görəndə xeyli təəccüblənmişdi – “sən buranı necə tapa bilmisən?”.

Şahinlə tez-tez görüşürük. Hər dəfə də bu hadisəni yadına salıb deyir ki, sən o vaxt məni gəlib necə tapdığını başa düşə bilmirəm. Doğrudan da, nə ünvanı bilirdim, nə küçəni tanıyırdım. Kor-koranə düşmüşdüm Tel-Əvivin ortasına.

* Texnikam erkən yaşlarından olub. Uşaq vaxtı Novruz bayramından sonra məhəllə uşaqları səmənini atmırdı,  ondan top kimi istifadə edərək çiləyirdilər. O qədər səməni çiləmişəm ki. Sonradan Nəriman mənə bir top bağışladı. Bütün günü ayağımın içi ilə divara top vururdum. Nə qədər istedadlı olsan da, gərək daim öz üzərində işləyəsən ki, texnikan artsın.

* Ənvər Quliyevi özümə müəllim, ustad hesab etmişəm. Allah ona rəhmət eləsin. Ənvər müəllimin səsi gələndə tir-tir əsirdik. Bir də baxırdın ki, uşaqlardan gündəliklərini gətirməyi tələb edirdi. Dərslərimizi necə oxumağımızı öyrənmək istəyirdi. Mən də ki oxuyan uşaq olmamışam deyə, bilmirdim nə edim. Üstümüzə qışqıranda da ləzzət eləyirdi. Qardaş, o vaxt valideynin məşqçiyə yaxınlaşmağa cürəti çatmırdı. İndi uşaq futbolunu valideynlər idarə edir. Bir sözlə, indiki futbolda Ənvər müəllimlər yoxdu. İsgəndər Cavadovdan da çox şey öyrənmişəm. Əsl peşəkar idi.

Özümə gəldikdə isə, ustad deməzdim, amma “Xəzər Universiteti”ndə olduğum vaxt futbolçulara çox köməyim dəyib. Rəşad Abdullayevi, Elmar Baxşıyevi misal gətirə bilərəm. Onların futbolçu kimi yetişməyində rolum olub. Sağ olsunlar, yaddan çıxarmırlar, tez-tez əlaqə saxlayırlar.

* Bildim nəyə işarə vurursunuz. Bu haqda çox danışmaq istəmirəm. Qısaca onu deyim ki, “Neftçi” 2 yerə parçalanmışdı. Mən də patriot idim. “Neftçi”yə görə, hər addım atmağa hazır idim. Nə isə... Axırda etirazçıların hamısı futbol oynadı, yanan təkcə mən oldum. İki il futbolsuz qalmaq nə demək idi? Bağışlananda da artıq əvvəlki Samir deyildim. Yaş yavaş-yavaş özünü göstərirdi.

* Atam Dadaş kişi ən ağır işlə məşğul olub. Qırçı idi. 40 dərəcə havanın, 200 dərəcə də asfaltın istisinə dözmək hər adamın işi deyildi. O vaxt belə bir məsəl var idi – dağlılar ya qırçı olur, ya da milisoner. Çoxları da savadsız idilər. Atam adını yaza bilmirdi. Amma onda olan “ponyatka”ya heç kimdə rast gəlməmişəm. Babam müharibədə həlak olub, atam yetim qalıb. Nənəmin himayəsində böyüyüb. Yenə yadıma bir maraqlı hadisə düşdü – bir dəfə məni də özü ilə asfalt çəkməyə aparmışdı. Dedi ki, sənə 10 rubl verəcəm, gör pulu hansı əziyyətlə qazanırlar. Razılaşdım. Elə oldu ki, bizim məktəbin arxasındakı yola asfalt döşəməli olduq. Fikirləşdim ki, birdən uşaqlar görər, biabır olaram. Məktəbə çatanda maşından tullanıb aradan çıxdım.

Anam da həyatda çox əziyyət çəkib. Uşaq vaxtı ana babam müharibədə əsir düşüb, anam yetimlər evində böyüyüb. 1953-cü ildə babam əsirlikdən qayıdıb, ailəsini başına yığıb. Anam 7 sinif oxuyub. O vaxt 7 sinif oxuyan savadlı adam hesab olunurdu. Gözləri tutulana kimi həmişə əlində kitab olub.

Baxmayaraq ki, anamın yaşı 70-i ötmüşdü, futbola əməlli-başlı marağı var idi. Yunis Hüseynov “Karvan”dan gedəndə ağlayırdı ki, yazıq işsiz qalıb. Day, demirdi ki, oğlu da bekardı. Köhnə futbolçuların hamısını tanıyırdı. Bir də görürdün ki, yığışıb Papaninə gəliblər, tabaka dalınca. Tabaka götürüb gəlirdilər bizə. Arzu Mirzəyev, Yunis Hüseynov, Elxan Həsənov... kimlər qonağımız olmayıb ki?

Allah rəhmət eləsin, indi hər ikisi həyatda yoxdu. Atam 2006-cı ildə, anam isə 2 il əvvəl dünyasını dəyişib.

* Vallah, ciddi zədələndiyim yadıma gəlmir. Zədələnəndə də gizlədirdik ki, birdən oynaya bilmərik. Uşaqlığımız asfalt meydançalarda keçib. Nə oldu, biz zədələnmirdik, amma indiki futbolçulara bir balaca toxunan kimi deyirlər ki, əzələsini dartıb, yırtıq əmələ gəlib və s. “Kayrat”dan Timofeyev dirsəyi ilə nətəri vurmuşdusa, qabırğam sınmışdı, nəfəs ala bilmirdim. İnanırsınız, elə o halda da oynayırdım. İndi də qabırğamın sınması açıq-aydın hiss olunur.

İlqar Tağıyev




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30