19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Kəpəz” hara, mən də ora”

"Kəpəz"in futbolçusu Cəmşid Məhərrəmov Futbolxeber.az saytına müsahibə verib.

- Son turda “Xəzər Lənkəran”a məğlub olduz. İlk növbədə həmin oyunla bağlı fikirləriin öyrənmək istərdik

- Hər oyuna hazırlaşdığımız kimi, bu oyuna da ciddi hazırlaşmışdıq. Yaxşı oynasaq da, uduzduq. Məğlub olmağımıza baxmayaraq, baş məşqçi oyunumuzdan razı qaldı. Açığını deyim ki, uda da bilərdik. Boşa verdiyimiz qol şanslarını dəyərləndirə bilsəydik, matçı qazana bilərdik.

- Oyunun 68-ci dəqiqəsində əvəzləndin. Bu nə ilə bağlı idi?

- Dabanımda yüngül zədə var. Bu səbəbdən “Sumqayıt”la oyunu da buraxmışdım. Məşqlərdə də ayağımı yerə basanda ağrı hiss edirəm. Baş məşqçi də bunu nəzərə alıb, məni əvəzlədi.

- Çempionatın sonun 7 tur qalıb. “Kəpəz”in aşağı diviziona yuvarlanmağa doğru gedir. Möcüzəyə ümidiniz qalıb?

- Acı da olsa, etiraf etməliyəm ki, artıq hamı bu vəziyyətlə barışıb. Rəhbərliydən, futbolçulardan tutmuş azarkeşlərə qədər hamı təəssüf içindədi, gələn mövsüm ölkə çempionatında Gəncə təmsilçisi olmayacaq. İnanın ki, “Kəpəz” fanatları ilə ünsiyyətdə olarkən, adamın ürəyi ağrayır. “Kəpəz”in belə uğursuzluğa düçar olması deyərdim ki, ən çox onlara təsir edib. Biz də futbolçu olaraq çox təəssüflənirik. Çünki, “Kəpəz” vaxtilə ən yaxşı futbolçuların arzuladığı, xəyal etdiyi klub olub. Bununla yanaşı, biz bədbinliyə qapılmaq fikrində də deyilik. Aşağı dviziona düşəsi olsaq da belə, bu komandanın yenidən Premyer Liqaya qaytarmaq üçün əlimizdən gələni edəcəyik.

- Mövsümün sonunda “Kəpəz”i tərk edəcəksən? Ümumiyyətlə, hansısa klubdan təklif almısan?

- Hazırda elə bir ciddi təklif almamışam. Yenə deyirəm, Gəncə klubunda oynamaq çox futbolçunun arzusu olub. Mən də burda olduğum üçün sevinirəm. Heyət üzvlərindən, rəhbərlikdən çox razıyam. Bu futboldu. Uğursuzluq da ola bilər, müvəfəqiyyət də qazana bilərsən. “Kəpəz” hara getsə, mən də ora gedəcəyəm.

- “Bakı”da 5 il çıxış etdin, son 3 ildə həm də kapitan idin. Amma mövsümün birinci yarısında gözlənilmədən əvəzəedici heyətə göndərildin, daha sonra isə komandadan ayrıldın. “Bakı”nın sənə qarşı atdığı bu addım nə dərəcədə düzgün idi?

- Həmişə demişəm, futbolçu kimi qazandığım nəaliyyətlərə görə bu kluba borcluyam. Doğrudur, daha əvvəl “Karvan”ın heyətində çempionatda 2-ci yeri tutmuşam. Amma, “Bakı” ilə 2 dəfə ölkə kubokunu qazandım. Bunlar hamısı bir tərəfə, peşəkar futbolçu kimi yetişməyimdə paytaxt klubunun böyük rolu olub. İstəsəniz, “Bakı”nın rəhbərliyi ilə əlaqə saxlayıb soruşa da bilərsiz, heç kimlə incikliyim, qalmaqalım olmayıb. Nizam-intizamsızlığımdan da şikayətçi ola bilməzlər. Sadəcə olaraq məşqçinin qərarı belə oldu. Bunun da günahını özümdə axtarmalıyam. Yəqin, məşqçinin istədiyi formada olmamışam, ona görə bu addımı atıb. Onu da hardasa başa düşməliyəm ki, “Bakı” çempionluğa oynayan bir komandadı. Yenə deyirəm, “Bakı”dan heç bir narazıçılığım, incikliyim yoxdur. Uzun müddət “Bakı” rəhbərliyinin qayğısını görmüşəm, Hafiz müəllimin çörəyini yemişəm. İndi də durub “Bakı”dan şikayət edib, narazıçılıq bildirmək kişilikdən olmaz.

- Əvvəl Mahmud Qurbanovla eyni komandada çiyin-çiyinə oynamısan. İndi isə onun rəhbərliyi altında çıxış edirsən. Futbolçu Mahmud Qurbanovla məşqçi Mahmud Qurbanov arasında hansı fərqi görürsən?

- Bilirsiz, futbolçuluqla məşqçilik arasında çox böyük fərqlər var. Mahmud  gənc məşqçi olsa da, uzun müddət müxtəlif komandalarda kapitan kimi çıxış edib. Bu da ona məşqçilik fəaliyyətində böyük yardımçı olur. Məşqlərdə, oyunlarda əsl məşqçi, futboldan kənarda isə səmimi, sözübütöv bir insandı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30